İnsanlara hürriyət, millətlərə istiqlal!

Televiziyalar tarix olur?: tamaşaçı qıtlığı, bəsitlik və... - bir iddiaya reaksiyalar

Qulu Məhərrəmli: “Bu fikirlə qətiyyən razılaşmaq olmaz ki, televiziyanın gələcəyi yoxdur, çünki...”

Son illər televiziyalarla bağlı bədbin proqnozlar verilir. Bəziləri qeyd edir ki, televiziyaların tarixə qovuşmasına az qalıb. “Artıq televiziyaya baxan kütlə ən azı 50 faiz azalıb (əslində isə 70 faiz, araşdırma nəticələri var)”. Musavat.com xəbər verir ki, bunu Baku TV-nin Qərbi Azərbaycan departamentinin rəhbəri, tanınmış teleaparıcı Turan İbrahimov sosial media hesabında qeyd edib.

“Yaşı 16-dan aşağı olan böyük bir çoxluğun artıq ekran qarşısında oturub verilişlərə baxmaq kimi bir vərdişi yoxdur, deməli, qismən klassik qaydada TV izləmək vərdişi hələ də qalanlar təbii-bioloji proseslə sıradan çıxırsa və onların yerini yeni nəsil doldurmursa, aydındır ki, televiziya ənənəvi-klassik mənada dövrünü bitirir. Əgər 2015-ci ilə qədər televiziyalar ictimai rəydə hakim idilərsə, artıq 2023-cü ildə bu, belə deyil. Məlum kütlə parçalanıb, bölünüb və TV-yə çox az hissə qalıb. Həm də ilbəil azalan hissə”, - o qeyd edib. 

Onun sözlərinə görə, gələcək digital yayımdadır: “Platformalar müxtəlifdir, hazırda Youtube daha əlçatan və praktikdir. Reallığı gözəl, bəlağətli cümlələrlə danmaq, alternativ reallıq yaradıb orada yaşamaq, populizmlə hədəf yayındırmaq, sadəcə, axmaqlıqdır. Dövr rasional qərarlar, praktik seçimlər və çevik davranışlar dövrüdür. Televiziyaların əksər verilişlərindən, oradakı fraqmentlərdən ictimaiyyətin aktiv, dinamik, işində-gücündə olan, istehsal edən, bir sözlə, diri təbəqəsi sosial şəbəkələr vasitəsilə xəbərdar olursa, demək, televiziya artıq geriyə sayır... Televiziya bundan sonra ancaq mötəbər olarsa, bir şansı olacaq”.

Qulu Məhərrəmli — Vikipediya

Qulu Məhərrəmli 

Teletənqidçi, professor Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, internet çıxandan sonra bir məlumat vasitəsi kimi, bir ev cihazı, ev kinosu kimi  televiziya ilə bağlı çox bədbin proqnoz verilib: “İndi də o fikirlər səslənir ki, televiziyanın gələcəyi yoxdur, yeni nəsil ona baxmır və sair. Əlbəttə, bu məsələdə müəyyən gerçəklər var. Müşahidələr, faktlar onu göstərir ki, televiziya əvvəlki kimi böyük auditoriya cəlb edə bilmir. Tamaşaçıların müəyyən bir hissəsi artıq planşet, telefon istifadəçisidir. Bunlar real faktlardır. Bu fikirlə qətiyyən razılaşmaq olmaz ki, televiziyanın gələcəyi yoxdur. Bu, təxminən qəzetlərlə saytlar arasında olan bir məsələ kimidir. Televiziya hazırda əhali arasında elə böyük əhatə dairəsinə və gücə malikdir ki, onun gələcəyi ilə bağlı ciddi şübhələri qəbul etmir. Tutaq ki, Azərbaycan reallığını götürsək, 44 günlük müharibədə sosial şəbəkələrlə bağlı problem olsa da, yenə əhalinin böyük əksəriyyəti məlumatları televiziyalardan alırdı. İkinci, televiziyanın kütləvi tamaşaları translyasiya etmək gücü qalır. Onun futbol kimi, böyük təqdimatlar kimi stadionlardan, mükafat təqdimatlarından, böyük konsertlərdən, nümayişlərdən translyasiya kimi böyük bir gücü vardı. Sosial şəbəkələr bunu etmək gücündə deyil. İkinci bir tərəfdən, televiziya gücünü həm də internetdə göstərir. Yəni televiziyaların internet səhifələri açılır, oradakı izləyənlərin də əksəriyyəti bu televiziyaların tamaşaçısıdır”. 

Professor əlavə edib ki, bu məsələ elmi, nəzəri, sosioloji baxımdan həll olunub: “Misal üçün, vaxtilə bu məsələni araşdıran fransız sosioloqlu Jan Kokto deyirdi ki, o zaman da geniş kütlə arasında fikir yaranıb ki, guya kino yaranandan sonra teatra gedən olmayacaq. Televiziya yaranandan sonra teatrlara, kinoteatrlara gedən olmayacaq. İndi bizim dövrümüzdə də o dalğa davam edir. İndi də TV-lərlə bağlı bu şəkildə fikirlər səsləndirirlər. Məsələnin məğzi bundadır ki, ilk dövrdə belə təəssüratlar yaranır, amma sonra, kələ-kötür yolla gedəndən sonra maşında olan qum-daş necə silkələnib yerində oturursa, bu cür fikirlər də öz yerinə oturur. Heç bir vasitə sıradan çıxmır. Bütün kütləvi kommunikasiya vasitələri yaşayır, mövcudluğu uğrunda mübarizə aparır. Misal üçün, vaxtilə televiziyaya çıxanda dedilər ki, radio öləcək. İndi görün, internetin sayəsində radio nə qədər güc qazanır. Burada söhbət kontenti necə çatdırmaqdan gedir. Söhbət peşəkar televiziya qurmaqdan gedir, televiziyanın populyarlığını saxlamaqdan gedir. Yəni televiziyanın bu günü də var, sabahı da. Heç vaxt sıradan çıxmayacaq”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR