Onlayn ictimai-siyasi qəzet
Britaniyanın hava yolları şirkəti "British Airways" Ben-Qurion hava limanı yaxınlığına raket qalıqlarının düşməsindən sonra Təl-Əvivə bütün reyslərini 7 may tarixinədək dayandırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Agence France-Presse" aviaşirkətə istinadən məlumat yayıb.
"Bizim üçün müştərilərimizin və heyət üzvlərimizin təhlükəsizliyi hər zaman prioritetdir. Əməliyyat şəraitini daima dəyərləndiririk. Təl-Əvivə və oradan olan bütün reyslərimizi 7 mayadək dayandırmaq qərarına gəldik", – deyə hava yolu şirkətinin açıqlamasını "Agence France-Presse" yayıb.
Bundan öncə Almaniyanın "Lufthansa" və Hindistanın "Air India" hava yolları da 6 mayadək reysləri dayandıracaqlarını bildirib.
İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidmətinin məlumatına görə, 4 may tarixində Yəməndən atəş açıldıqdan sonra Ben-Qurion hava limanı ərazisinə raket qalıqları düşüb. "Kan" dövlət tele-radio şirkətinin məlumatına əsasən, raket atəşi səbəbilə hava limanı təxminən bir saatlıq müddətə uçuş və enişlər üçün bağlanıb. Raket təhlükəsinə qarşı xəbərdarlıq edən hava hücumu siqnalları İsrailin bir sıra bölgələrində eşidilib.
İsrailin müdafiə naziri İsrael Kats raket qalıqlarının Ben-Qurion yaxınlığına düşməsindən sonra bəyan edib ki, İsrail onu hədəf alanlara qarşı "yeddiqat zərbə" endirəcək. "Ynet" portalının məlumatına görə, yaxın saatlarda İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik sahəsinin rəhbərləri və güc strukturlarının nazirlərinin iştirakı ilə təcili telefon müşavirəsi keçirəcək. Həmçinin, 4 may axşamı hökumət kabinetinin iclası planlaşdırılıb.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ