İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsilimizin “üz qarası” kimi statistika

Ekspert: “Oxuyub-yaza bilməyən 9-11-cilər  monitorinqlərdən necə keçiblər?!”

Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Bu barədə “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib. 

Belə ki, 9-cu sinif şagirdləri arasında 5 nəfər, 11-ci sinif şagirdləri arasında isə 2 nəfər olub. “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Qazax, Şuşa, Ağstafa, Şahbuz rayonlarının və Bakı şəhərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Cəlilabad və Qobustan rayonlarından olub”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramlar tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Amma zaman-zaman monitorinqlərin şəffaf keçirilib-keçirilməməsi ilə bağlı iddialar da səsləndirilir. Bəzi ekspertlərə görə, məktəblərdə qiymətləndirmədə kifayət qədər qüsurlar var. Bir çox hallarda məktəb direktorları, sinif rəhbərləri bu prosesdə tərəf olaraq qeyri-obyektivlik nümayiş etdirirlər. 

Elmin Nuri: “BDU kimi nəhəng universitet hətta öz tələbələrini belə  magistraturaya cəlb etmək imkanına malik deyil” Pravda.az

 Elmin Nuri

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil müəssisələri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, son on ildə bununla bağlı antirekord göstərici 2018-2019-cu illərə aid idi: “İldən-ilə azalma olsa da, mən burada müsbət tendensiya görmürəm. 2024-cü il, süni intellekt əsrində, ərazisi, əhalisi o qədər də böyük olmayan, internetin ucqar kəndə də çatdığı bir ölkənin vətəndaşlarıyıq. Belə olduğu halda bir nəfərin belə 9-cu sinfə çatdığı halda oxuyub yazmağı bilməməsi absurddur. Əgər şagird 9-cu sinfə qədər gəlibsə, 4-cü sinfin monitorinqindən necə keçib? Oxuyub- yazmağı bilməyən, adını belə yaza bilməyən şəxs sinifdən-sinfə necə keçib? Məktəblərdə valideyn komitələri var, onlar bəs övladlarının oxuduğu sinifdə oxuyub-yazmağı belə bacarmayan şagirdləri görmürlər? Hələ məktəbə gəlməyib qiymət yazılan uşaqlar var, bu da başqa bir biabırçılıqdır. Oxuyub yazmağı bacarmayan şəxs məktəbə gəlməyib, gedib tarlada işləyibsə, ya başqa işlə məşğul olubsa, bunun özü də başqa bir qayda pozuntusudur. Bundan əlavə, bu şagirdlər kiçik summativ, böyük summativ qiymətləndirmələrdən necə keçiblər?” 

Ekspert əlavə edib ki, bu gün məktəblərdə nəzarətedici funksiyalar artırılmalıdır: “Bunun üçün məktəbin pedaqoji şurasına əlavə səlahiyyətlər verilməlidir. Direktorla məktəbin tabe olduğu qurumlar arasındakı koordinasiyaedici güc artırılmalıdır. Əgər şagird 7-ci sinfə gəlib çatıb və oxumağı və yazmağı bacarmırsa, onu "kəsib atmaq" lazım deyil. Bu cür uşaqlar üçün müəyyən proqram hazırlanmalıdır. Eyni zamanda bu cür uşaqlar peşə təhsilinə yönləndirilməlidir. Dərs göstəriciləri çox zəif olan uşaqlar birbaşa, məcburi, icbari olaraq peşə məktəblərinə yönləndirilməlidir. Heç olmasa, onları bu yolla cəmiyyətə qazandıra bilək".    

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

17 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR