İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan Azərbaycana ilginc “casus” ittihamı - həm də seçki günü!..

İlham İsmayıl: “Həm İran, həm də Ermənistan Azərbaycanı şərləməklə məşğuldur”

İran təhlükəsizlik orqanları “Azərbaycan tərəfindən idarə olunan bəzi casus və terrorçuları” həbs etdiyini iddia edib. Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, casus və terrorçu adlandırdıqları və Azərbaycandan idarə olunduğunu iddia etdikləri bir neçə şəxs İrana daxil olub. Onlar ölkə daxilində təxribat əməliyyatları həyata keçirmək ittihamı ilə saxlanılıb.

“Həbs edilən şəxslər casusluqdan əlavə ölkədə təxribat əməliyyatları həyata keçirməyi planlaşdırıb. Lakin bu şəxslər əməliyyatlardan əvvəl müəyyən edilərək həbs edilib”, - məlumatda bildirilir.

“Azərbaycandan idarə olunan” nə deməkdir? Bunlar kimlər ola bilər? İran bizə nəyin anonsunu və ya mesajını verir?

Maraqlıdır ki, Tehrandan belə bir iddia məhz 7 fevral seçki günü səslənib. Qəribədir, bir yandan İran prezidenti İbrahim Rəisi İlham Əliyevi seçkidən az sonra qələbə münasibətilə təbrik edir, digər yandan isə Azərbaycana qarşı bu cür qarayaxma kampaniyası aparılır. Tehran bununla nə demək istəyir?

İlham İsmayıl koronavirusdan sağaldı Pravda.az

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, İran mətbuatından öncə belə bir xəbəri erməni mətbuatı yazıb. İddia ediblər ki, “Mossad”a işləyən, Azərbaycandan göndərilən diversant qrup tutulub: “Ortaya nə bir ad-soyad, nə bir foto da qoymurlar. Laçın yolu Azərbaycanın nəzarətində olmayanda İrandan 27 nəfərlik casus qrupu göndərilmişdi. O dövrdə həmin şəxslərin fotolarını da yaymışdıq. İran tərəfi belə bir iddia irəli sürürsə, ortaya bir foto, tutduğu qrup üzvlərindən heç olmasa birinin adını, soyadını ictimailəşdirsin. İndiki halda məqsəd Azərbaycanı qaralamaqdır. Həm İran, həm də Ermənistan Azərbaycanı şərləməklə məşğuldur. Azərbaycan qısa müddətdə onların casus şəbəkələrini ifşa edib. Onlar isə bizə qarşı hər hansı bir əks-material qoya bilmirdilər. İndi isə yalanlarla dolu məlumatlar yayırlar. Ermənistan maraqlıdır ki, İranla Azərbaycanın münasibətləri gərginləşsin və bundan istifadə edib bizə təzyiq etsinlər. İranda Azərbaycanla əlaqəli diversant qrupun tutulması reallığı, mövcudluğu böyük sual altındadır. Belə bir hal yoxdur”.

İlham İsmayıl bildirib ki, Ermənistan və İran mətbuatında hər cür cəfəng iddia gözləniləndir: “Axşam hətta xəbər yaya bilərlər ki, İranda filan obyekt partladı. Faktiki isə partlamaya bilər. Yəni İranda diversant qrup tutulmayıb, bu, feyk xəbərdir. Mümkündür ki, 2-3 nəfəri sübhəli şəxs qismində saxlasınlar. Bunun Azərbaycana dəxli yoxdur. Çünki Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycan dövlətinin ərazilərindən qonşu dövlətlərə qarşı istifadəyə imkan verilməyəcək. Azərbaycan heç zaman belə hallara yol verməyib, verilməyəcək də. Əgər bu məsələdə Azərbaycanın üstünə getsələr, bu halda sübutlar, faktlar təqdim etməlidirlər. İddia etdikləri diversant qrupun Azərbaycan ərazisindən hansı şəkildə İrana keçməsini sübut etməlidirlər. İrana diversant qrup keçirilməlidirsə, İraq, Türkiyə tərəfdən gedib o istiqamətlərdən keçirərlər. Bu xəbərləri yaymaqla Azərbaycanı hədəfə götürmək, Azərbaycana təzyiq etmək məqsədi güdürlər. İran-Azərbaycan münasibətlərinin daha da gərginləşdirilməsinə xidmət edən xəbərlərdir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR