Onlayn ictimai-siyasi qəzet
11 aylıq Məryəmin ölümü ilə bağlı yaranan narazılığa görə tərəflər bir-birinə qarşı ittihamlar irəli sürüb. Uşağın valideynləri həkimin cəzalandırılmasını tələb edir. Həkim isə iddia edir ki, uşağın ailəsi ondan pul tələb edir.
Musavat.com mövzu ilə bağlı bir neçə gün əvvəl məlumat dərc etmişdi. Hadisəyə görə yaranmış narazılıqla bağlı yeni iddialar səsləndirilib.
Əvvəlcə qeyd edək ki, 11 aylıq Məryəm qızdırması qalxdığı üçün Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Bir həftə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Evə gətirilən Məryəmin halı ağırlaşdığı üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.
Məryəmin anası Esmira Xəlilova redaksiyaya göndərdiyi şikayət məktubunda bildirib ki, əkiz qızlarından biri olan Məryəmi 2023-cü ilin mart ayında xəstəxanaya aparıblar:
“Qızdırması var idi. Həkim Pərvanə Əsgərovanın qəbulunda olduq. Bir həftə orada qaldıq. Uşağım müalicə alsa da səhhəti yaxılaşmadı. Həkimdən soruşanda dedi ki, düzələcək, dərmanların təsiridir. Bir həftə sonra bizim razılığımız olmadan xəstəxanadan evə göndərdi. Evə çatandan bir saat sonra uşağın vəziyyəti pisləşdi. Həkimə zəng edəndə yenə dedi ki, narahat olma. Bir dərman adı verdi ki, uşağa verək. Vəziyyətin pisləşdiyini görüb təcili yardıma zəng elədim. Uşağın bağırsaqları təmiz boşalmışdı. Xəstəxanaya aparanda uşaq orada vəfat etdi”.
Esmira Xəlilova deyib ki, uşağı həkim səhlənkarlığının qurbanı olub: “Həkim məsuliyyətdən kənarda qaldı. Qızdırması olan uşaq niyə ölməlidir? Birinci dəfədir uşaq qızdırmalı olur? Səhv müalicənin nəticəsində uşağımı itirdim. Amma cinayət işinin açılması da rədd edildi. Ekspertiza rəyində yazılıb ki, guya uşağın bağırsağında xora aşkarlanıb. Necə oldu ki, indiyə qədər heç bir problem olmadığı halda bir gündə xoradan uşaq öldü? Bütün rəsmi qurumlara müraciət etmişik. Amma şikayətimizə baxan yoxdur”.
Esmira Xəlilova bildirib ki, həkim və onun yaxınları dəfələrlə barışıq üçün onlara müraciət edib, maddi və mənəvi zərərin qarşılanmasını təklif etsələr də razılaşmayıblar: “Pul təklif etdilər ki, barışaq. Amma bu, mümkün deyil. Məryəmin ölümünə səbəb olan həkim qanun qarşısında cavab verməlidir”.
Mövzu ilə bağlı Musavat.com-a danışan həkim Pərvanə Əsgərova bildirib ki, qarşı tərəfin səsləndirdiyi fikirlər əsassızdır. Onun sözlərinə görə uşaq xəstəxanadan sağ-salamat çıxarılaraq evə aparılıb:
“Üç gün sonra ağır vəziyyətdə xəstəxanaya gətirilib. Uşağın ölümünün səbəbi ilə bağlı prokurorluğun qərarı var. Qarşı tərəf mənim barəmdə həqiqətə uyğun olmayan məlumatlar yayır. Bununla bağlı məhkəməyə müraciət etmək istəyirdim. Amma sonradan fikrimi dəyişdim”.
Həkimin sözlərinə görə uşağın valideynləri ondan şikayət etməmək üçün pul tələb edib. Pərvanə Əsgərova özünün və ailə üzvlərinin mərhum Məryəmin ailəsi ilə görüşməsi, onlara pul təklif edilməsi ilə bağlı iddiaları da təkzib edib:
“Heç kim onlarla danışmayıb. Evlərinə də heç kim getməyib. Deyilənlər doğru deyil. Onu kiminsə hədələməsi, təhdid etməsi fikirləri də əsassızdır”.
Qeyd edək ki, Esmira Xəlilova bildirir ki, Pərvanə Əsgərovanın özü, xəstəxananın şöbə müdiri olan qohumu Gülli Əsgərova və digər qohumları dəfələrlə barışıq üçün onlara müraciət ediblər:
“Zənglərin hamısının səs yazıları var. Evimizə, həyat yoldaşımın iş yerinə qədər gəliblər. Dəfələrlə Pərvanə Əsgərovanın özü zəng edib, bağça müdirəsi olan xalası qızı bizimlə danışıb. Gülli Əsgərova Pərvanə Əsgərova üçün mənə zəng edib. Şəxsən mənə deyib ki, barışmasaq, işlərini özləri həll edəcəklər. Elə də oldu. Dedikləri kimi “işi həll elədilər”. Bütün zənglər var. Mən bu qədər sözü niyə yalandan deyim?
Bizə evi, maşını onlar təklif edib. Mənim heç vaxt maddi tələbim olmayıb. Tək istəyim həkimin cəzalandırılması olub. Eşitdiyimə görə ona töhmət verilib. Amma mən cəzalandırılmasını tələb edirəm”.
İlkin Muradov
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ