Onlayn ictimai-siyasi qəzet
İran sərhədi ordunun quru qoşunlarının bir neçə briqadası ilə möhkəmləndirir. Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb. İran Ordusunun Baş Qərargah rəisi və koordinator müavini admiral Həbibullah Sayari sərhədə quru qoşunlarının əlavə briqadalarının yerləşdirildiyini açıqlayıb.
“Asayişi qorumaq və sərhədlərə nəzarət etmək üçün ölkənin qərb və şərq sərhədlərində bir neçə ordu briqadası yerləşdiriləcək”. Admiral hava, dəniz və quru sərhədlərinin qorunmasının vacibliyindən danışıb. “Ölkəmiz üçün quru sərhədinin mühafizəsi daha vacibdir”, - deyə admiral qeyd edib. Sayari deyib ki, sərhəd nəzarəti qaçaqmal, narkotik və digər qadağan olunmuş materialların İrana daxil olmasının qarşısını alacaq. Admiral bildirib ki, qoşunlar tərəfindən sərhəd təhlükəsizliyini gücləndirməklə yanaşı, sərhədə nəzarət və nəzarətə kömək edəcək “ağıllı divarlar” istifadəyə veriləcək. “Sosial və daxili təhlükəsizliyi təmin etmək və gözlənilməz hadisələrin qarşısını almaq üçün sərhədlərimizə nəzarət etməliyik”, - deyə admiral fikrini yekunlaşdırıb.
“Yeni Müsavat” məlumat üçün qeyd edir ki, İranın ümumi quru sərhədləri 5,440 kilometr təşkil edir. İran şimalda Azərbaycan, Ermənistan, Türkmənistanla, şimal-qərbdə Türkiyə, cənubda İraq, şərqdə isə Əfqanıstan və Pakistanla sərhəddir. Azərbaycan-İran sərhədinin qərb (Naxçıvan) hissəsi şimal-qərbdə Araz çayı üzərindəki Türkiyə ilə sərhəd qovşağından başlayır. Bu çay boyunca cənub-şərq istiqamətində, Araz su anbarı vasitəsilə davam edir və Ermənistanla sərhəd qovşağında bitir. Azərbaycan-İran sərhədinin şərq hissəsi qərbdən Araz çayı üzərindəki Ermənistanla sərhəddən başlayır və daha sonra bu çayı şimal-şərq istiqamətində izləyir. Sərhəd Bəhramtəpənin cənubundakı bir nöqtədə çay yatağından kəskin şəkildə cənub-şərqə dönərək Muğan düzündən Bolqarçaya keçir. Sonra bu çay boyunca cənuba uzanır və geniş S şəkilli bir hissə meydana gətirir. Çayın mənbəyi Yardımlı şəhəri yaxınlığında yerləşir. Sərhəd onu keçərək cənub-şərqə doğru əyilir və Talış dağlarından keçir. Sonra Xəzər dənizinə doğru gedərək Astaraçayı boyunca şərqə dönür. Şərq bölməsində Biləsuvar, Astara və Cəlilabad ərazisində, Qərb bölməsində isə Culfa/Culfa və Pulşdəşt-Şahtaxtı sərhəd məntəqələri var.
Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələrdən sonra dünyanın diqqəti İranın mümkün hərbi hədəfə çevrilməsi ehtimallarına yönəlib. Əsas sual budur: ABŞ və İsrail İranın nüvə proqramını “sıfırlamaq” üçün hərbi gücə nə vaxt əl atacaq? “The Wall Street Journal” dekabrın ortalarında məlumat verib ki, Tramp, hətta Ağ Evə qayıtmadan əvvəl İranın nüvə proqramını dayandırmaq üçün hərbi əməliyyatların keçirilməsi məsələsini müzakirə edib. Nəşrə görə, Trampın komandası İranın nüvə silahlanmasının qarşısını almaq üçün müxtəlif variantları nəzərdən keçirib. İranın sərhədi gücləndirməkdə əsas məqsədi nədir? Tehran nəyə hazırlaşır?
“The Wall Street Journal” nəşri yazır ki, Trampın komandasının İrana qarşı mümkün fəaliyyət variantları arasında hava zərbələri həyata keçirmək də müzakirə olunur. Bu tədbirlər, ABŞ-İran münasibətlərində gərginliyin daha da artacağından xəbər verir. Mənbələrə görə, Trampın komandası İranın nüvə və hərbi obyektlərinə qarşı hava zərbələri endirməyi potensial bir addım kimi müzakirə edir. Bu, İranın nüvə proqramının irəliləməsinin qarşısını almaq və regiondakı hərbi fəaliyyətlərini məhdudlaşdırmaq məqsədilə həyata keçirilə bilər. Hava zərbələri ilə yanaşı, Tramp administrasiyası İrana qarşı sanksiyaları da gücləndirməyi planlaşdırır. Bu tədbirlər iqtisadi təzyiqləri artıraraq, İranın regional təsirini zəiflətmək məqsədi daşıyır. Sanksiyaların xüsusilə enerji sektoru, bank sistemi və hərbi texnologiya ilə bağlı sahələri hədəfə alacağı gözlənilir. Tramp komandasının bu planları hələlik rəsmi təsdiqlənməsə də, ABŞ-İran münasibətlərinin yaxın gələcəkdə ciddi dəyişikliklərə uğrayacağı gözlənilir. Hava zərbələrinin həyata keçirilib-keçirilməyəcəyi və ya yeni sanksiyaların nə qədər təsirli olacağı, gələcək həftələrdə daha da aydın olacaq. “İranın nüvə proqramı ilə bağlı vəziyyət pisləşir”. Yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron deyib. Makron qeyd edib ki, nüvə proqramının sürətləndirilməsi Qərbi kritik nöqtəyə çox yaxınlaşdırır. Onu da deyək ki, İranın qərbində SEPAH-ın “Böyük Peyğəmbər 19" adı altında hərbi təlimi keçirilir. Yanvarın 4-də başlayan təlimlərdə SEPAH-ın Quru Qoşunları iştirak edir. Bildirilib ki, təlimlərin məqsədi İranın müdafiə qabiliyyətini artırmaq və hərbi gücünü artırmaqdır.
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a sözlərinə görə, Birləşmiş Ştatlar uzun müddətdir ki, İranda hakimiyyət dəyişikliyi istəyindədir: “Qərb İranda dövlət çevrilişi etdikdən sonra özlərinə münasib rejim qurmaqda maraqlıdır. Bu məqsədlə Tehranı Yaxın Şərqdə münaqişəyə cəlb etməyə çalışırdılar. İranın beyin mərkəzləri isə HƏMAS və "Hizbullah"ı dəstəkləməklə İsrailin, Amerikanın başını üçüncü ölkədə qarışdırırdı. ABŞ və İsrail koalisiyası indi anlayır ki, sanksiyalarla, hərbi obyektlərə hücumlarla ölkədə hakimiyyət dəyişikliyi qeyri-mümkündür. Odur ki, İranı münaqişəyə cəlb etmək və quru əməliyyatları başlatmaq daha məqbul sayıldı. Lakin İranın beyin mərkəzləri buna da getmədi. İndi isə Tramp administrasiyasının Tehrana daha aqressiv olacağı gözlənilir". Analitikin fikrincə, İranın nüvə obyektlərinə zərbə endirməklə bu ölkəni müharibəyə cəlb etmək nəzərdən keçirilir: “İsrail İran daxilində kəşfiyyat-pozuculuq işləri həyata keçirib. Bu şəbəkə həm xüsusi xidmət orqanları, həm prezident, həm dini lider ətrafında formalaşıb. Həmin bu casus şəbəkə İran dövləti adından təxribat xarakterli bəyanatlar səsləndirir. Onlar Azərbaycan və Türkiyə əleyhinə çıxışlar edirlər, məqsəd də İranla qonşuları arasında ədavət yaratmaqdır. Fikrimcə, hədəf İranı sonda müharibənin ortasına salmaqdır. Lakin proseslər göstərir ki, ABŞ və birləşmiş Qərb İranda rejimi devirmək istiqamətində bu addımları atmağa başlayacaq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ