Onlayn ictimai-siyasi qəzet
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləri ABŞ-ın bazar ertəsi axşam Yəmənin Hudeyda vilayətinə endirdiyi hava hücumları nəticəsində həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, hücum nəticəsində Yəməndəki husilərə hərbi dəstək göstərən SEPAH-ın xüsusi təyinatlı qüvvələri olan "Əl-Qüds" döyüşçüləri arasında da ölənlər var. Hadisənin detalları və dəqiq itkilər barədə məlumat verilməyib.
Daha əvvəl "Əl Hadath" telekanalı məlumat verib ki, ABŞ-ın Yəmənin qərbində yerləşən Hudeydə əyalətinə endirdiyi zərbələr nəticəsində onlarla husi döyüşçüsü öldürülüb. Hədəf alınan bölgə əsasən vilayətin qərbində yerləşən Əs-Salif rayonu olub.
Husilərə məxsus "Al Masirah" telekanalı isə xəbər verir ki, hücum nəticəsində bölgədə yerləşən metaləritmə zavodu dağıdılıb. Mənbələr iddia edir ki, husilər həmin zavoddan hərbi məqsədlər üçün istifadə ediblər.
Pentaqonun açıqlamasına görə, İranın dəstəklədiyi "Ənsar Allah" hərəkatına qarşı həyata keçirilən bu hücumlar ABŞ-ın əvvəlki administrasiyalar dövründəki əməliyyatlardan fərqlənir, çünki daha geniş hədəfləri əhatə edir. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin əməliyyatlar üzrə direktoru general-leytenant Aleks Qrinkeviçin sözlərinə görə, ilk zərbə dalğası husilərin təlim yerləri də daxil olmaqla 30-dan çox obyekti hədəf alıb. Bundan əlavə, hücumlar husilərin pilotsuz uçuş aparatlarının hazırlanması üzrə aparıcı ekspertlərini də məhv etməyə yönəlib.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ