İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayvan böhranı dərinləşir: Pekin və Vaşinqton arasında gərginlik artır!

 

“Pekin Tramp administrasiyasının Tayvan məsələsinə baxışından narazıdır”.
 
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Dövlət Departamenti ABŞ-Çin münasibətləri ilə bağlı hazırladığı hesabata dəyişiklik edib, yeni dəyişiklikdə Çinin hakim Kommunist Partiyası hədəf götürülüb. “Bundan başqa “Çin Xalq Respublikası” ifadəsi sadəcə “Çin” ifadəsi ilə əvəzlənib. Həmin sənəddə ABŞ-ın Tayvanın müstəqilliyini tanımadığı vurğulanmayıb.

Halbuki, ABŞ-ın Tayvanla münasibətləri olsa da, Vaşinqton “vahid Çin” siyasətindən çıxış edirdi. Dövlət Departamentinin Çinlə bağlı dəyişiklikləri Trampın Pekinə artan təzyiqləri ilə əlaqəli ola bilər.

ABŞ Konqresi də Çinə qarşı yeni qətnaməni müzakirəyə çıxarıb. Konqresmenlər Çinin Tayvanı daha çox izolə etməsini tənqid ediblər. Onlar “vahid Çin” prinsipini qəbul etdiklərini bildirsələr də, Pekinin Tayvana olan iddiasını qəbul etmirlər. Tayvanı idarə edənlər Dövlət Departamentinin hesabatından və Konqresdə yeni qətnamənin mətnindən məmnundurlar. Onlar Vaşinqtona “Tayvanın müdafiəsini gücləndirməyə, iqtisadi təhlükəsizliyinin qurulmasına, demokratik dövlətlərlə tərəfdaşlığın artırılmasına, boğazlararası münasibətlərdə sabit və prinsipial liderliyə diqqət yetirməyə” yönəlik çağırış ediblər. Tayvan özü də müdafiə xərclərini artırmaqdadır. Pekin Tayvanı idarə edənləri separatçı hesab edir və “vahid Çin” prinsipinə əsaslanaraq adanın Çinə birləşdirilməsi hədəfini reallaşdırmağa çalışır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu bildirir ki, mövcud vəziyyət Yaponiyada narahatlıq yaradıb:

“Tokio hesab edir ki, Çin Tayvana yaxın məsafədə yerləşən Yaponiya adalarına təhlükə yaradır. Çin Yaponiyaya məxsus adalar ətrafında hərbi təlimlərin sayını artırıb. 2023-cü ildə Çin hərbi təyyarələrinin adalar ətrafında 400-dən çox uçuşu qeydə alınıb. Tokio Çinin adalar ətrafında Rusiya ilə birgə hərbi təlimlərini də diqqətlə izləyir. Yaponiya adalar ətrafında təhlükəsizlik tədbirlərini artırmaq məcburiyyətində qalıb. Yaponiya ABŞ-la strateji tərəfdaşlığı gücləndirməyə çalışır. Təsadüfi deyil ki, andiçmə mərasimindən sonra Ağ Evdə Donald Trampı ilk ziyarət edənlərdən biri Yaponiyanın baş naziri Siqeru İsiba olub. Yaponiya ABŞ-ın bölgədəki hərbi gücünü azaltmasını istəmir. Ancaq Trampın mövqeyi belədir ki, bu halda Yaponiya adalarındakı ABŞ hərbi bazaların saxlanmasına görə Tokio xərclərini artırmalıdır. Tokio buna etiraz etmir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR