Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq terminologiyada bir yanlış ifadə var, Yaponiyaya “gündoğar ölkə” deyirlər. Əslində isə günəşin doğuşunu ilk görənlər rusiyalılardır – Kuril adalarında, xüsusilə də İturup və Şikotan adalarında yaşayan Rusiya vətəndaşları.
Məsələ ondadır ki, bu adalar Yaponiyanın o üzündədirlər və günəş onların üzünə Tokio, Hokkaydo, Sapporo və Kiotodan azı 1 saat tez doğur. “Gündoğar ölkə” ifadəsi yalnız ona görə doğru sayıla bilər ki, həmin adalar tarixən Yaponiyaya məxsus olub.
II dünya müharibəsinin sonunda isə SSRİ həmin arxipelaqı Yaponiyanın əlindən alıb. Çünki Yaponiya nasist Almaniyası və faşist İtaliyası ilə müttəfiq olaraq müharibəyə başlamışdı, ancaq sovet dövlətinə toxunmamışdı. Ancaq Yalta konfransından sonra SSRİ 3 ay ərzində qoşunlarını Avropadan Uzaq Şərqə köçürməyi, Kuril adalarını və Cənubi Saxalini almaq müqabilində Yaponiyaya qarşı müharibəyə girməyi öhdəsinə götürüb və Yaponiya tərəfi bunu namərdlik hesab edib. Çünki SSRİ ilə Yaponiya arasında 1941-ci ildə bağlanmış “Neytrallıq paktı” vardı.
ABŞ-nin Xirosima və Naqasakiyə atdığı iki atom bombasından sonra Yaponiya imperatoru təslim olmaq, müharibəni dayandırmaq qərarına gələndə SSRİ ona vəd edilmiş torpaqları asanca ələ keçirib və Saxalin vilayətinin inzibati ərazi vahidlərindən biri edib. Müharibədən 80 il ötməsinə baxmayaraq, Yaponiya hələ də Kuril silsiləsi adalarını özününkü sayır. Yaponiya hökumətinin nöqteyi-nəzərinə görə, San-Fransisko müqaviləsində Yaponiyanın Kuril adalarına olan hüquqlarından hansı dövlətin lehinə imtina etdiyi göstərilməyib.
Yaponiya hökuməti ildə azı dörd dəfə bu məsələni qaldırır, Kremlin ağzını arayır, hər dəfə rədd cavabı alır. Rusiya dəfələrlə Kuril adaları üzərində suverenlik məsələsinin müzakirə olunmadığını vurğulayıb. Amma yaponlar gələcək razılaşmalara ümidlərini itirmirlər.
Yaponiya Xarici İşlər Nazirliyinin dünən yayılan illik (“Mavi kitab”) hesabatında deyilir ki, Yaponiya hökuməti çətin münasibətlərə baxmayaraq Rusiya ilə sülh razılaşması əldə etməkdə qərarlıdır. Eyni zamanda, həmin sənəddə Yaponiya tərəfi Kuril adalarını özünün şimal əraziləri adlandırmaqda davam edir.
"Mavi kitab" hesabatında deyilir ki, Kuril adalarının cənub hissəsi ilə humanitar mübadilələrin bərpası məsələsi Yaponiya üçün prioritet olaraq qalır. Buraya adaların keçmiş yapon sakinlərinin əcdadlarının dəfn olunduğu yerləri ziyarət etmək imkanı daxildir.
Şinzo Abenin Yaponiyanın baş naziri olduğu dövrdə ölkə hakimiyyəti Kuril adalarına münasibətdə praktiki olaraq heç vaxt “işğal” sözünü işlətməyib. Rəsmi sənədlərdə də belə ifadələr olmayıb.
Rusiya və Yaponiya 20-ci əsrin ortalarından bəri sülh sazişi üzrə danışıqlar aparırlar. Kuril adalarının cənub hissəsinin mülkiyyəti ilə bağlı fikir ayrılıqları səbəbindən müqaviləni imzalamaq mümkün olmur.
Rusiya Ukraynada müharibəyə başlayandan sonra sanksiyalar tətbiq etdiyi üçün Yaponiya ilə sülh danışıqlarını dayandırıb. Bir az sonra Rusiya tərəfi keçmiş yapon sakinlərinin Kuril adalarına sadələşdirilmiş səfərləri haqqında müqaviləni də ləğv edib.
Bir il əvvəl Yaponiyanın baş naziri Fumio Kişida Ukraynadakı münaqişəyə görə Rusiya ilə münasibətləri çətin adlandırıb, lakin “ərazi” mübahisəsinin həllinə ümid etdiyini bildirib.
“Təəssüf ki, şimal əraziləri məsələsi həll olunmayıb və sülh müqaviləsi bağlanmayıb. Mübadilə fəaliyyətinin bərpası Yaponiya-Rusiya münasibətlərində əsas prioritetlərdən biridir”, - Kişida deyib.
Yanvarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaponiyanın sülh müqaviləsi bağlamaq istəyi ilə bağlı siqnallarını etibarsız adlandırıb və Kuril adalarının Rusiyaya aid olduğunu bəyan edib.
“Biz Yaponiyadan olan dostlarımızın diqqətini ona yönəltmişik ki, adalar üzərində suverenlik məsələləri müzakirə olunmur. Bura Rusiya Federasiyasının ərazisidir”, - nazir bildirib.
Prezident Vladimir Putin də vurğulayıb ki, Kuril adaları II dünya müharibəsi nəticəsində Rusiyaya verilib və onun nəticələrinə yenidən baxılmayacaq. Dövlət başçısı vurğulayıb ki, Rusiya heç vaxt Yaponiya ilə dialoqu çətinləşdirməyib, bütün çətinliklər Yaponiya tərəfdən gəlib. Putin əlavə edib ki, Rusiya sülh müqaviləsi üzrə dialoqun bərpasının əleyhinə deyil, lakin bunun üçün Yaponiya müvafiq şərait yaratmalıdır.
Əslində hansısa kompromissə eyham olmadığı halda danışıqları davam etdirməyin, fookameralar qarşısında mühribancasına əl tutuşmağın nə mənası ola bilər? Rusiya Kuril arxipelaqını Yaponiyaya heç cür qaytarmayacağını bəyan edir, Yaponiya isə Kuril adalarından vaz keçməyəcəyini, onsuz Rusiya ilə sülh müqaviləsi imzalamayacağını bildirir. Əminliklə demək olar ki, tərəflər arasında yaxın zamanlarda sülh bərqərar olmayacaq.
Düzdür, yaponlar 100 il sonra da nüvə dövlətinə qarşı hər hansı bir hərbi təcavüz təşəbbüsü etməyəcəklər, amma adaların bu status-kvosu ilə də sona qədər barışmayacaqlar.
Bəlkə də yaponlar 1991-92-ci illərdə dağılan SSRİ-nin qalaqlarının altında qalmış Rusiya ilə adaların taleyi ilə bağlı necəsə anlaşa bilərdi. Hərçənd həmin vaxt Kreml iki Almaniyanın birləşməsinə razılıq versə də, sosialist düşərgəsi ölkələrindən qoşunlarını geri çəksə də, özününkü elan etdiyi Köniqsberqi (Kalininqrad) Almaniyaya qaytarmadı.
Başqa sözlə, Rusiyanın israrla “mənimdir” dediyi hansısa torpağı öz yiyəsinə qaytarmasına dair presedent yoxdur. Çar imperiyası 107 ildir süqut edib, SSRİ 33 ildir dağılıb, amma Moskva həmin dövlətlərin sərhədlərini bərpa etmək üçün yüz oyun çıxarır, o yaponlara ada qaytarandırmı?
Ancaq yaponlar ümidlərini itirmirlər, münasib bir tarixi şəraitin yetişəməsini gözləyirlər. Bəlkə Qorbaçov kimi daha bir mülayim lider gələcək və saxlanması ölkəyə baha başa gələn adaları öz sahibinə qaytaracaq? Bəlkə Rusiya dağılacaq, böyük iqtisadi böhran yaşayacaq, o zaman Yaponiya, tutalım, 1 trilyon dollara adaları ondan satin ala biləcək?
İrili-xırdalı 56 adadan ibarət olan Kuril arxipelaqında hazırda 21 min rusiyalı yaşayır. Onlar hər gün səhər günəşin doğuşunu yaponlardan tez görürlər və qərbə, Yaponiya həsədlə baxır, yaponlar kimi yüksək rifah içində yaşamaq istəyirlər.
Araz Altaylı, Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ