Onlayn ictimai-siyasi qəzet
Rusiya “Qazprombank”ı iyul-avqust aylarında inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəf dəhlizinə (4% +/-2 faiz bəndi) yaxın səviyyəyə qədər yavaşlamasını gözləyir.
Bu barədə Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina bildirib.
Onun sözlərinə görə, Azərbaycanda inflyasiya hələ də AMB-nin hədəf dəhlizindən kənarda qalır, onun yuxarı həddini 550 baza bəndi, yenidən maliyyələşdirmə dərəcəsini isə 250 baza bəndi üstələyir.
“May ayında inflyasiya yenidən illik hesablamada 11,5%-ə qədər azalaraq aprel ayı ilə müqayisədə 1,3 faiz bəndi azalıb. Ötən ay inflyasiyanın azalması bütün seqmentlərdə - ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə müşahidə olunur. Ərzaq inflyasiyası illik hesablamada 12,7%-ə qədər düşüb, aprel ayına nisbətən 2,47 faiz bəndi azalıb. Ət, qarabaşaq yarması, yumurta, çörək, günəbaxan və qarğıdalı yağı, eləcə də meyvə-tərəvəz məhsullarının qiymət artımında daha yavaş artım müşahidə olunub.
Qeyri-ərzaq seqmentində inflyasiya may ayında yavaşlamağa davam edib və taxta-şalban, kağız və noutbukların qiymətlərində yavaş artım fonunda illik 10,7% (ay ərzində 0,6 faiz bəndi azalıb) təşkil edib. Eyni zamanda, ayaqqabıların, soyuducuların, kondisionerlərin və velosipedlərin qiymətlərində artım sürətlənməkdə davam edib ki, bu da güman ki, yayda müəyyən növ mallara tələbatın artması ilə əlaqədardır.
Xidmətlər seqmentində artım 0,2 faiz azalıb və illik 10,5%-ə düşüb. Eyni zamanda, kirayə evlər, məişət texnikası və mənzillərin təmiri, eləcə də ictimai iaşə və kosmetika xidmətlərinin qiymətlərinin davamlı artması ilə azalma tendensiyası müəyyən qədər yumşaldılıb”, - G.Xaydarşina bildirib.
O xatırladıb ki, Mərkəzi Bank may iclasında fiskal stimullaşdırmanın dəstəyi, daxili bazara valyuta axını və yüksək kredit aktivliyi fonunda məcmu tələbin genişlənməsini inflyasiya amillərindən biri kimi qeyd edib. AMB-nin məlumatına görə, yanvar-aprel aylarında həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı keçirilən valyuta hərraclarında təklif tələbi 97% üstələyib. Qeyri-neft-qaz sektorunda artımın əlavə tətikləyicisi kimi (yanvar-may aylarında artım illik müqayisədə 4% təşkil edib) Mərkəzi Bank dördüncü sosial islahatlar paketinin həyata keçirilməsini xüsusi qeyd edib.
“Stimullaşdırıcı fiskal siyasət fonunda pandemiyanın başlanğıcından bu yana manatla ifadə olunan pul kütləsi 1,8 dəfə artaraq ÜDM-in 20%-ni ötüb. Pul kütləsinin artımı illik müqayisədə əhəmiyyətli olaraq qalaraq 24,7% təşkil edib. Qeyd edək ki, bu ilin kəsir büdcəsi gəlirlərin və xərclərin artırılması istiqamətində bütün son düzəlişlər nəzərə alınmaqla ÜDM-in 2,5%-i səviyyəsində (keçən il ÜDM-in 1%-i idi) planlaşdırılır. Bu, pul kütləsinin daha da artmasına gətirib çıxara və AMB-ni izafi likvidliyin aradan qaldırılmasına yönəlmiş əməliyyatları aktivləşdirməyə sövq edə bilər”, - “Qazprombank”ın baş iqtisadçısı bildirib./Report
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ