Onlayn ictimai-siyasi qəzet
İstanbulda 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında tanınmış tənqidçi yazar Süha Oğuzertem həyatını itirib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda, Zühtüpaşa məhəlləsində yerləşən 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib.
Naməlum səbəbdən başlayan yanğın nəticəsində mənzildə tək yaşayan 65 yaşlı tənqidçi yazar Süha Oğuzertem tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan yanğınsöndürənlərin müdaxiləsi ilə alov söndürülüb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Oğuzertem həkimlərin bütün cəhdlərinə baxmayaraq həyatını itirib. Yanğının baş verdiyi mənzil tamamilə yararsız hala düşüb. Yanğının səbəbləri araşdırılır, polis hadisə ilə bağlı təhqiqat aparır.
Qeyd edək ki, yanğında ağır yaralanan və xəstəxanada dünyasını dəyişən Süha Oğuzertem ABŞ-ın İndiana Universitetində Müqayisəli Ədəbiyyat ixtisası üzrə magistr və doktorluq dərəcələri alıb. 1998–2007-ci illərdə Bilkent Universitetinin Türk Ədəbiyyatı kafedrasında magistr və doktorantura proqramlarında dərs deyib. 2008–2015-ci illərdə isə İstanbul Bilgi Universitetinin Müqayisəli Ədəbiyyat bölməsində çalışıb. Bir müddət universitetin magistr proqramı və Türk Dili Bölməsinin direktoru vəzifəsini də icra edib.
İqbal RZAYEV,
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ