Onlayn ictimai-siyasi qəzet
Bişkek protokolunu xatırlayanlarımızın sayı nə qədərdir? Bəlkə də bir çoxları çoxdan unudub Azərbaycanın 1994-cü ilin 8 mayında imza atdığı, 12 mayda qüvvəyə minən həmin sənədi. Amma bu gün, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində cəhdlərə diqqət edəndə - 3 ildən çoxdur ki, dünya gücləri atəşkəsə nail ola bilmir – faktiki olaraq savaşda uduzdurulmuş Azərbaycanın nə qədər tarixi bir addım atdığı bir daha aydın olur. Əks təqdirdə, nələ baş verərdi…Atəşkəs haqqında anlaşma Azərbaycanın toparlanması, iqtisadiyyatını, ordusunu gücləndirməsi və Zəfər qazanması üçün çox düzgün bir seçim idi.
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağdam səfərini hamılıqla izlədik və bir daha zamanında verilən qərarların, atılan addımların nə qədər əhəmiyyətli olduğunu anladıq.
Prezident Ağdamda keçirilən tədbirdə bir neçə dəfə kövrəldi və elə bizləri də kövrəltdi. Dünya şöhrətli siyasətçi, Qarabağ Fatehi, sayılıb-seçilən Lider, iki əsr boyunca heç kəsin bacara bilmədiyini reallaşdıran şəxsiyyət 9 yaşlı Əhəd balanın oxuduğu “Qarabağ şikəstəsi”ni göz yaşları içərisində dinlədi, ayaq üstə alqışladı, daha sonra səhnəyə qalxıb, körpə balaları bağrına basdı…Necə gözəl duyğular idi.
Bəlkə də Prezident 1989-cu ildə Ağdamda, İmarətdə keçirilən Beynəlxalq “Xarı bülbül” Festivalını xatırladı o anlarda. “Sona bülbüllər”I oxuyan, əslində fəryad edən Qədir Rüstəmovu və “Qarabağ bülbülləri”ni…Axı sonrakı illərdə Qarabağda dəhşətlər yaşandı, xain düşmən Qarabağın daşının üstündə daş qoymadı, Ağdam boyda gözəl şəhəri “Qafqazın Xirosiması”na, “ruhlar şəhəri”nə çevirmişdi. Nə qədər insanlar Qarabağ niskili ilə dünyadan köç etdilər, Qədir Rüstəmov daxil…
Və…Budur, 2025-ci ilin 10 mayında “Qarabağ bülbülləri”nin səsi-sədası Ağdam şəhərində kitilmiş Muğam Mərkəzində ucalır. Prezidentin “Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır”, sözləri də duyğulandırır. Ata vəsiyyətini ləyaqətlə icra edən, tarix yaradan övlad tərəfindən xoş gündə deyilən səmimi fikirlərdir.
Prezidentin ağdamlılarla, qazilərlə, sənət adamları ilə görüşlərindən çəkilmiş kadrları qürurla izlədik. Hər kəs sevincini bölüşməyə məqam axtarırdı, Qalib Sərkərdəyə ürəyindəki xoş sözləri çatdırmaq istəyirdi. Prezidentlə görüşdə millət vəkili Aqil Abbası görəndə onunla 2018-ci ildə etdiyimiz söhbəti xatırladım.
Atasının qarabağsızlığa, ağdamsızlığa cəmi 6 il dözə bildiyini, ürəyinin partladığını demişdi. O qədər ağır söhbət olmuşdu ki...Aqil Abbas elə beləcə demişdi: “Mənim həmişə dediyim bir söz var: bir yası düşənlər var, bir yasa gələnlər...Dədə, qarabağlılar yası düşənlərdir... Demirəm ağdamlılar, füzulililər, ya şuşalılar bütün günü ağlaşma qurublar. Amma nə eləsələr də gözlərinin içi gülmür. Sən mənə bir qarabağlı göstər ki, gözünün içi gülsün. Gülmür...”
O dəhşətli söhbətin üzərindən cəmi iki il keçdi və Qarabağa görə bütün millətimizin üzü güldü.
Mən Aqil bəyin gözlərinin “ürəkdən” güldüyünü gördüm budəfəki Ağdam büsatında. Əvvəlki illərdə Ağdamda özünə “toy” da eləmişdi, qol qaldırıb oynamışdı da...İndi də tədarük görür: “Ev veriləndən sonra xanımımı da götürüb, Ağdama köçəcəyəm”. Bu günü necə həsrətlə gözləyirdi insanlarımız, şükürlər olsun. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu millətə elə bir qələbə bəxş edib ki, danışdıqca, yazdıqca söz tükənən deyil. “Ohanyan səddi” ilə bizi təhdid edənlərin bütün planları darmadağın edildi, o səddin qalıqları indi qalib əsgərimizin ayaqları altındadır, Ağdam yenə cənnətə dönür, böyük qayıdış davam edir, uşaqların gülüşü ilə bəzənir müqəddəs yurd yerlərimiz. Balalarımız bu torpaqlarda əbədi xoşbəxt yaşayacaqlar! Kövrəlmək üçün bəlkə də milyon acılı-şirinli xatirələrdən, səbəbdən biri elə budur...
Dövlətimizin başçısı dedi ki, “Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi”. Doğrudur, amma Sərkərdə varlığı var... Bu, İlham Əliyevin qələbəsidir, məhz Onun adına yazılacaq, yüz illər keçsə də... Dövlətimizin başçısı Ağdam tədbirlərində təsirləndiyi kimi, qətiyyətli mövqeyi və prinsipiallığı ilə xəbərdarlıq etməyi də unutmadı. Sitat: “Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”. Bəli, biz sevincimizi istədiyimiz kimi bölüşə bilərik, lap sevincdən qol-boyun olub ağlaya da bilərik, amma düşmən qarşısında heç zaman sınmarıq, əyilmərik, gözümüz dolmaz, nicat ummarıq!!! Bizimlə hesablaşmaq lazımdır, əks halda peşman olacaqlar!
Xalq artisti Mənsum İbrahimov və sənət dostları necə də sevincli idilər, Ağdam Muğam Mərkəzində.
Xatırladım işğal illərində Ağdamın “dörd yolu”ndan üzü Ağdama sarı boylanıb, köks ötürdüyünü danışardı. Qazi qardaşımız Rey Kərimovlunun Ali Baş Komandana təşəkkürünü dinlədim, ürəyim dağa döndü, qardaşımız necə həsrətlə gözləyirdi bu günü: Qarabağı düşməndən azad edəcək Qalib Komandanla elə Ağdamda görüş gününü! Milli Qəhrəmanımız Şirin Mirzəyevin ömür-gün yoldaşı, sabiq millət vəkili Flora Qasımova necə də ürəkdən sevinirdi, heç şübhəsiz Ağdamda şəhadətə qovuşan həyat yoldaşının da əvəzinə...
Atəşkəs dövründə Qarabağın bizdə qalan bölgəsinə səfər etmişdik, yarımcan Qarabağa... O zaman dəmir yolunun qırıldığını, üzü Ağdama gedən hissənin yoxa çıxdığını görmüşdüm, ürəyim sızlamışdı.
Budur, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günündə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak etdi!
Bundan sonra Bakıdan Ağdama həm də qatar gedəcək, işğaldan əvvəlki illərdə olduğu kimi! Özü də nəinki Ağdama, həm də Xankəndiyə!!! Bərdə-Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam edəcək, növbəti stansiya - Xankəndi!!! Nə gözəl, xəbər! Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulmuşdu, artıq hazırdır! Özü də dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Bərdə-Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı on illər sonra İlham Əliyevin xeyir-duası ilə yola salındı, buna ürəkdən sevinməyəsən, gözlərin dolmaya, mümkünmü?..
Görün nə gözəl, tarixi salamlaşmadır: Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edərkən “Kəngərliyə xoş gəlmisiniz”, söylədi.
Bu xoşgəldinə qədər nə qədər uzun, çətin, məşəqqətli yol qət olundu, nə qədər təzyiqlərə tuş gəldi dövlətimiz, dövlət başçımız.
Prezident qələbə formulu haqda necə də zərgər dəqiqliyi ilə bu kəlmələri işlətdi: “Siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq”. Dövlətimizin başçısının söylədiyi kimi, nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Sitat: ““Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi”. Əlavə şərhə ehtiyac olmayan tarixi fikirlərdir!
Qalib Sərkərdə bu qələbədə hər kəsin payının olduğunu dönə-dönə təkrarlayırdı və bu məqamda kövrəldi də. Sitat: “Xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma. Bilirsiniz, bu nədir?!” Doğrudan da bunu ifadə etmək elə də asan deyil. Dövlət başçımızın söylədiyi kimi, xalqımız böyük xalqdır: “Biz haqlı olaraq xalqımızla fəxr edirik, sizinlə fəxr edirik. Otuz il əzab-əziyyət içində - çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız, amma inamınızı, iradənizi itirməmisiniz, belə oğullar yetişdirmisiniz. Onlar Bakıda, Bərdədə, Sumqayıtda yaşayıblar, bu bölgələri heç vaxt görməyiblər, amma gəliblər. Çünki torpaq çəkir”.
Belə Ali Baş Komandanı, Prezidenti, belə Xalqı, Ordusu olan ölkə qalib gəlməli idi, MÜTLƏQ QƏLƏBƏ qazanmalı idi. Qələbəmiz mübarək! Ağdamımızın gözlərini bir də heç vaxt kədərli görməyək, gözlərimiz sevincdən yaşarsın hər zaman. Hələ qarşıda nə qədər şadyanalığımızdan kövrələcəyimiz, sevindiyimizdən ağlayacağımız gözəl hadisələr var: əlimiz az qala bir əsr ərsində yetməyən Xankəndi ilə Şuşa arasında yol qısalır, üstəlik kanat yolu çəkiləcək! Laçın hava limanı da bir azdan təyyarələri qəbul edəcək!
Nakam Müşfiqimiz demişkən:
“Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki?”
Xoş günlərin davamlı olsun, Azərbaycan!
Bir dəfə də yazmışdım, amma min dəfə yazsam, yenə azdır. Tam Qələbənin dadı-tamı bir başqa olur(muş)...
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ