İnsanlara hürriyət, millətlərə istiqlal!

Talassemiyalı uşaqların valideynlərinə qarşı dələduzluq işində şok faktlar üzə çıxdı

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.

Musavat.com xəbər verir ki, bu gün keçirilən prosesdə məhkəməyə iş üzrə bir neçə sənədin daxil olduğu məlum olub.

Hakim bildirib ki, Aynur Bayramovanın bacısı Dilbər Bayramova məhkəməyə ərizə göndərib. O, ərizədə bacısının düzgün həbs edilmədiyini, onun ərizəsinin işə əlavə olunmasını istəyib.

Daha sonra hakim zərərçəkmiş Şövkət İsayevanın məhkəməyə göndərdiyi vəsatəti açıqlayıb. Vəsatətdə qeyd olunub ki, övladının müalicəsi üçün yığılmış 90 min dollar mənimsənilib. Onun sözlərinə görə, "Xumar Plaza"da Şəbnəm Qurbanovanın iştirakı ilə təqsirləndirilən Aysel Məmmədova və Nuridə Seyidovaya övladının müalicəsi üçün 90 min dollar verib.

Şikayətçi qeyd edib ki, həmin pulu övladının Türkiyədə müalicə alması üçün verib və bunu mənimsəyən şəxslərdən şikayətçidir:

"Mən həmin şəxslərə qanunla nəzərdə tutulmuş qaydada ən ağır cəza verilməsini tələb edirəm. Cəzaları elə olsun ki, digər şəxslər də ibrət götürsün".

Hakim deyib ki, zərərçəkmiş şəxslərin sayı həddindən artıq çoxdur: "Bu işdə 36 nəfər zərərçəkmiş tanınıb. Amma bizə hər gün belə şikayətlər daxil olur, çoxsaylı zənglər edilir. Biz də həmin şəxslərə Baş Prokurorluğa şikayət etmələrini məsləhət görürük. Yeni işlərlə bağlı araşdırılma aparılmasını məsləhət görürük. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən ittiham çərçivəsində işə baxır. Buna görə də bu zərərçəkmişin şikayətini qəbul edə bilmərik".

Daha sonra Aysel Məmmədova zərərçəkmiş Nərgiz Mahmudovanın suallarını cavablandırıb.

Zərərçəkmişin "mənim 2023-cü il noyabrın 29-da 9 min manat pulumu niyə bilərəkdən almısız" sualına belə cavab verib:

"Sizi pul verməyə kim inandırıb? Mən sizdən pul qəbul etməmişəm".

Sorğu-sual zaman məlum olub ki, zərərçəkmiş Nərgiz Mahmudova pulu Nuridə Seyidovanın Toğrul adlı işçisinə verib.

Daha sonra Aysel Məmmədova vəkilin suallarını cavablandırıb. O deyib ki, 2022-ci ilin avqustundan Nuridə Seyidovanın yanında işləməyə başlayıb:

"Nuridə mənə dedi ki, vəzifəm xəstələrlə maraqlanmaq, onlarda olan məbləğlərlə bağlı məlumatı ona çatdırmaqdır. Amma müraciət edən şəxslərdən ödənişləri özü qəbul edib. Bunun mənə aidiyyəti olmayıb".

Aysel Məmmədova qeyd edib ki, ittiham olunduğu 10 epizod üzrə pulların alınması barədə məlumat verilməyib: "Ümumiyyətlə, bu işdə mənim səlahiyyətim olmayıb. Əsas adam Toğrul idi. O da kompüterdə oturub və müqavilələri hazırlayıb. Pulları sayaraq Toğrul götürüb".

Təqsirləndirlilən şəxs qeyd edib ki, onun tərəfindən gətirilən xəstələrdən 4 nəfəri Türkiyədə, 6 nəfər isə Azərbaycanda əməliyyat olunublar. Həmin xəstələr 2022-ci ilin noyabrında qəbul olunublar.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talassemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”dakı ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Proses iyunun 12-də davam edəcək.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR