Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Hakim qarşısına çıxarılan Nofəl Hacıyev Tahir Qədəşovun kürəkənidir.
Müttəhim Hacıyev məhkəmədəki ifadələrində iş üzrə 171 nəfər zərərçəkəndən alınan 14 milyon manatın qayınatasına məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinə yatırıldığını deyib. İbtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.
Tahir Qədəşov iş üzrə prosesə şahid qismində cəlb edilərək 2 dəfə məhkəmədə dindirilib.
Tahir Qədəşovun vəkili Fərid Həsənov Musavat.com-a müvəkkili barəsində kürəkəni Nofəl Hacıyevin məhkəmə zalında səsləndirdiyi fikirlərə yazılı şəkildə münasibətini açıqlayıb.
Tahir Qədəşovun mövqeyini ifadə edən münasibəti təqdim edirik:
“Belə ki, Nofəl Hacıyev barədə cinayət işinin ibtidai istintaqı zamanı AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sözügedən cinayət işi istintaq olunub, söylənilən iddialar bütün detalları ilə araşdırılıb və müəyyən edilib ki, Tahir Qədəşov “Atlant” MMC-nin təsisçisi və direktoru deyil, eyni zamanda Nofəl Hacıyevin “Atlant” MMC-yə heç bir bağlılığı, ortaqlığı yoxdur, Nofəl Hacıyev “Atlant” İstirahət Mərkəzində 1-2 dəfə getməsi nəzərə alınmasa, ümumiyyətlə heç vaxt olmayıb. Belə olan halda necə ola bilər ki, Nofəl Hacıyev “Atlant” MMC-nin 40 faiz əmlakına şərik ola bilsin?!
Nofəl Hacıyevin Tahir Qədəşovun keçmiş kürəkəni olmasına baxmayaraq, onların arasında iş birliyi, şəriklik olmayıb. Bundan başqa, Nofəl Hacıyev guya Tahir Qədəşovu və qardaşını Bakı İstintaq Təcridxanasına çağırmasını, camaatın pulunun verilməsini bildirib. Halbuki Nofəl Hacıyev nə Tahir Qədəşovu, nə də qardaşını Bakı İstintaq Təcridxanasına çağırıb. Əgər çağırsaydı belə, Tahir Qədəşov ora getməyəcəkdi. Çünki insanların etibarından sui-istifadə edərək aldadan Tahir Qədəşov yox, məhz Nofəl Hacıyevdir. Bu, ibtidai istintaq zamanı da tam sübuta yetirilib.
Tahir Qədəşov 2007-ci ildən başlayaraq mütəmadi olaraq kredit götürərək “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işləri görüb. Ancaq Nofəl Hacıyev yalan danışaraq Tahir Qədəşova əsassız ittihamlar irəli sürərək guya zərərçəkənlərdən aldığı pul vəsaitlərini Tahir Qədəşova verməsini və sonuncunun həmin pulları “Atlant” İstirahət Mərkəzinə xərclədiyini bildirib. Nofəl Hacıyevin dedikləri tamamilə yalandır və əsassızdır.
Tahir Qədəşov kredit götürməsi ilə bağlı bütün sənədləri məhkəməyə təqdim edib. Yazılan yazılardan və Nofəl Hacıyevin çıxışlarından da məlum olur ki, o, “Atlant” İstirahət Mərkəzinin gəlirlərindən xəbərsizdir. Belə ki, məhkəmə iclasında Nofəl Hacıyev guya “Atlant” istirahət və əyləncə mərkəzinin hər il təxminən 10 milyon manat gəlirlə işlədiyini qeyd edib. Göründüyü kimi, bu, çox absurd bir rəqəmdir.
“Atlant” çimərlik mövsümü ilə əlaqədar olaraq hər il iyun ayının 15-dən sentyabr ayının 1-ə qədər cəmi 2 ay 15 gün fəaliyyət göstərir. Bu müddət ərzində “Atlant” istirahət və əyləncə mərkəzinin 10 milyon manat gəlir əldə etməsi mümkün deyil. Bu da ona dəlalət edir ki, Nofəl Hacıyev “Atlant”ın gəlirlərindən və xərclərindən tamamilə xəbərsizdir. Nofəl Hacıyev “Atlant”ın fəaliyyət göstərdiyi ilk gündən bugünə kimi cəmi iki dəfə oraya Tahir Qədəşovun kürəkəni kimi yalnız və yalnız qonaq qismində gəlib.
Əgər Nofəl Hacıyev həqiqətən də “Atlant”ın faktiki şəriki olsaydı, ən azından mövcud vəziyyətdə obyektin gəlir və xərclərinə dair reallığa uyğun bir rəqəm qeyd edərdi. Sözügedən cinayət işinin ittiham aktına əlavə olunmuş arayışda Hacıyev Nofəl Əhməd oğluna məxsus əmlaklar - Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57 mənzil 217; Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57 mənzil 216A saylı mənzil(ümumi sahəsi 208.4 kv/metr); Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57 mənzil 98A; Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 177.6 kv/metr); Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.13 ha təsərrüfat təyinatlı torpaq sahəsi; Nofəl Hacıyevin qardaşı Hacıyev Rövşən Əhməd oğluna məxsus əmlaklar-İsmayıllı rayonu ərazisində yerləşən ümumilikdə 80 hektardan artıq kənd təsərrüfat təyinatlı torpaq sahəsi; Xızı rayonu, Baxışlı kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi qeyd olunaraq müsadirə olunması təklif olunmuşdur. Bundan başqa, Təbrik MTK-dan toplanan pulların bir hissəsi Nofəl Hacıyev tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində “Çinar” MTK-ın tərkibində tikilən binaların tikilməsinə sərmayə kimi qoyulub.
Məlumat üçün bildiririk ki, “Çinar” MTK-nın sədri Nofəl Hacıyevin qardaşı Hacıyev Taryel Əhməd oğlu, inşaat üzrə cavabdeh şəxs isə digər qardaşı Hacıyev Rövşən Əhməd oğlu olub. Hazırda “Çinar” MTK-nın da fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər əsasında AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.
Əlavə olaraq qeyd etmək istəyirik ki, Təbriz MTK ilə “Atlant” MMC arasında heç bir bağlılıq yoxdur və olmayıb. Paylaşılan məlumatlar şayiədir, böhtan xarakterlidir, Tahir Qədəşovun işgüzar nüfuzuna xələl gətirən məlumatlardır. İstər Nofəl Hacıyevin, istərsə də zərərçəkmiş şəxslərin “Atlant” istirahət və əyləncə mərkəzinin üzərinə həbs qoyulması ilə bağlı tələbləri, zərərçəkmiş şəxslərin Nofəl Hacıyevin və qardaşı Rövşən Hacıyevin yuxarıda qeyd olunan əmlaklarına dair pretenziyasının olmaması Tahir Qədəşova qarşı qərəzli mövqenin ifadəsidir”.
Hazırda Nofəl Hacıyevin cinayət işi üzrə prosesdə zərərçəkənlərin yenidən dindirilməsi mərhələsidir. Ona görə də məhkəmədə dindirilməyən və adları zərərçəkmiş siyahısında olan şəxslərin prosesdə iştirakı üçün xəbərnamələr verilib.
Şahidlərin prosesdə yenidən dindirilməsi məhkəmə tərkibindəki hakim Siyavuş Hacıyevin qəfil vəfatı və yeni təyin olunmuş hakimin verilmiş ifadələrdən məlumatsız olması ilə əlaqədardır.
Əvvəlki məhkəmə iclaslarında müttəhim Nofəl Hacıyevlə qayınatası Tahir Qədəşov arasında mübahisə yaranıb.
Nofəl Hacıyev vətəndaşlardan aldığı pulları şərik münasibətlərinin olması səbəbi ilə qayınatası Tahir Qədəşova verdiyini, sonuncunun külli miqdarda vəsaiti “Atlant” İstirahət Mərkəzinin genişləndirilməsinə yönəltdiyini demişdi. Bildirib ki, Tahir Qədəşovla “Təbriz” MTK-da rəsmi qaydada şərik olublar.
O, “Atlant”ın inkişafı və böyüdülməsi ilə bağlı işlərin daha çox qayınatası Tahir Qədəşovun təşəbbüsüylə aparıldığını deyib:
“Tahir Qədəşov “Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, “Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam”.
Cinayət işi üzrə əsas müttəhim Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur.
Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Əldə etdiyi pulları isə “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığı bildirilir. O, həmçinin “Təbriz” MTK-da vətəndaşlardan toplanan pulların böyük hissəsinin “Atlant” Ailəvi İstirahət Mərkəzinin inkişafı üçün istifadə edildiyini vurğulayıb.
Tahir Qədəşov isə çıxışlarında “Atlant”ın gəlir gətirmədiyini, əksinə, ziyanla işlədiyini bildirərək bütün gəlirlərin kredit borclarına yönəldildiyini iddia edib. Lakin məhkəmə iclasında məlum olub ki, “Atlant” hər il təqribən 10 milyon manat gəlir əldə edir. Tahir Qədəşov məhkəmədə “Atlant”da illik gəlirin artırılmasına yönəlmiş bir sıra maliyyə əməliyyatları həyata keçirildiyini vurğulayıb.
Nofəl Hacıyevin vəkilinin sualına cavab verərkən Tahir Qədəşov “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı məsələyə də toxunub. O bildirib ki, Nofəl Hacıyev ildə yalnız iki dəfə “Atlant”a gəlib, əgər o, şərik olsaydı, müntəzəm olaraq bu istirahət mərkəzində daha çox vaxt keçirərdi. Bu vaxtdan sonra zərərçəkənlər məhkəmədə verdikləri ifadələrdə, “Atlant”ın təmiri və tikintisi ilə bağlı detala varıblar.
Zərərçəkənlərdən biri, Məmmədəli İsmayılov Tahir Qədəşova qarşı sərt ittihamlar irəli sürüb. O, Tahir Qədəşovun pulları necə xərclədiyini, “Təbriz” MTK-nın necə idarə olunduğunu sual edib.
Tahir Qədəşovun üzünə “Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm” deyə bildirib. Məhkəmə iclaslarında bir neçə vacib məsələ də müzakirə edilib. Məsələn, Nofəl Hacıyev bildirib ki, “Atlant”ın təmiri və inkişafı ilə bağlı sərmayələrin qarşılığında heç bir ödəniş almayıb və yalnız şəxsi münasibətləri ilə işləri həyata keçirib.
Məhkəmədə incələnən sənədlərdən bəlli olub ki, “Atlant”ın inkişafına yönəldilən vəsaitlərin böyük hissəsi qeyri-rəsmi şəkildə, yəni “qara mühasibatlıq” vasitəsilə həyata keçirilib. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib.
Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.
“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.
Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ