Onlayn ictimai-siyasi qəzet
Milli Məclisdə Azərbaycan, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair 2022-ci ilin 18 avqustunda Bakıda imzalanmış Saziş təsdiq olunub.
Musavat.com-un xəbərinə görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirib ki, 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstan prezidenti Mixail Saakaşvilinin və Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş imzalanıb.
T.Mirkişili əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb: “Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə Azərbaycan-Gürcüstan-Türkiyə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yol hesab edilir. Bu yol Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın, həmçinin Çinin Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir”.
Komitə sədri sazişin niyyəti barədə deputatları məlumatlandırıb. Bildirib ki, əsas niyyət dövlətlərin ərazilərindən keçməklə dəmir yolu ilə malların maneəsiz və sürətli beynəlxalq daşınmasını asanlaşdırmaq, yük daşımaları üçün vaxtın azaldılmasını arzu etməkdir:
“Məqsəd layihə çərçivəsində gömrük prosedurlarının asanlaşdırılması üzrə əməkdaşlıq etməkdir”.
Sazişin icrası üçün səlahiyyətli orqana gəldikdə, Azərbaycanda Dövlət Gömrük Komitəsi, Türkiyədə Ticarət Nazirliyi, Gürcüstanda Gəlirlər Xidmətidir.
Əməkdaşlığın mahiyyətinə gəldikdə, Tahir Mirkişili bunları qeyd edib: “Hüquqpozmalar, qaçaqmalçılıq və cinayətkarlığa qarşı mübarizə tələbləri istisna olmaqla, gömrük nəzarətinə sərf olunan müddəti azaltmaq, ilkin elektron məlumat mübadiləsi sistemlərindən istifadə etməklə prosedurları sadələşdirmək, sürətli daşınması tələb olunan mallara xüsusi diqqət ayırmaq, risk təhlili əsasında yoxlama həyata keçirmək, bir-birinin gömrük plomblarını tanımaq, müəyyən məntəqələrdə birgə tədbirlər həyata keçirmək, bir-biri ilə rentgen təsvirlərini paylaşmaqdır. Bunun üçün tərəflər məlumat mübadiləsinin texnologiyalarını 6 ay ərzində hazırlamağa razılaşırlar. Bütün məsələlərin tənzimləməsi üçün üçtərəfli əməkdaşlıq komissiyasının yaradılması planlaşdırılır. Sazişin depozitarisi Türkiyədir. Saziş qeyri-müəyyən müddətə bağlanır, yəni bütün sənədlər Türkiyədə saxlanılacaq”.
E.Paşasoy,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ