Onlayn ictimai-siyasi qəzet
Dekabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən mühüm tarixi hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, katibi Ağaəli İbrahimov, rayon İcra Hakimiyyəti başçısının müavinləri və digər qonaqlar iştirak ediblər.
Tədbir öncəsi qonaqlar Ulu Öndərin Əmircan qəsəbəsində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin və gənc rəssamların tarixi Zəfərimizə həsr olunan rəsmlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin və canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ərsəyə gəlməsi ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək qonaqları salamlayıb. O, bildirib ki, Şanlı Qələbəmizə həsr olunmuş “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatının məhz bu günə təsadüf etməsi də çox əlamətdar hadisədir. Tarixi qələbəmizin memarı, qalib ölkənin lideri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günündə qəhrəmanlıq ruhunda yazılmış kitabın təqdimatı insanda böyük fəxarət hissi oyadır.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında sözügedən kitabın Zəfərimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. E.İmanov bildirib ki, güclü liderlik, dərin intellektual biliyə sahib olmaq, uzaqgörənlik, vətənpərvərlik və prinsipiallıq kimi keyfiyyətlərə malik olan Ali baş komandan cənab İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva və Qaya Məmmədov müstəqillik tariximizin ən böyük nailiyyəti olan böyük zəfəri xalqımıza yaşadan Prezident cənab İlham Əliyevin işğal altında olan torpaqlarımızı geri qaytarmaqla xalqımızın milli mənliyini, mənəvi ruhunu yüksəltdiyini çıxışlarında vurğulayıblar. Əminliklə bildirilib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, yeni-yeni möhtəşəm qələbələrin şahidi olacağıq.
Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit, kapitan Yusif Hümmətovun, Suraxanı rayon gənci, BDU-nin Hüquq fakültəsinin 1-ci kurs tələbəsi Aytac Məmmədovanın çıxışından sonra Respublikanın xalq artisti Teyyub Aslanın, əməkdar artist Ağalar Bayramovun, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” rəqs kollektivinin, Gülarə Əliyeva adına Uşaq İncəsənət məktəbinin müəllimi Ərəstun Quliyevin müşayiəti ilə məktəbin nəfəsli və xor ansamblının təqdimatında bədii hissə nümayiş olunub.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ