Onlayn ictimai-siyasi qəzet
“Təəssüf ki, müasir dünyamızda süni, habelə hazır əlavə qidalar günü-gündən artır. Bu cür qidaların tərkibində istifadə olunan rəngləndirici və dadlandırıcı maddələr, istər uşaq yaşlarında, istərsə də gələcəkdə hər bir uşağın həyatında problemə səbəb ola bilər”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyinin Səhiyyə siyasətinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova açıqlayıb.
A.Zeynalova bildirib ki, hazır meyvə şirələri, meyvəli yoqurtlar, uşaqlar üçün olan meyvə püreləri, şokoladlar və digər qidaların tərkibində heç bir kalori dəyəri olmayan aspartam adlı sintetik maddə vardır ki, bu da normal şəkərdən dəfələrlə çoxdur:
“Bu və digər süni qidaların istifadəsi uşaqlarda allergiyaya və artıq çəkiyə səbəb olur. Belə ki, dünyada sübut edilib ki, süni qarışıqlarla bəslənən körpələrin bir çoxunda gələcəkdə piylənmə, şəkərli diabet və s. bu kimi fəsadlar ola bilər. Qarışıqlar əsasən inək və keçi südü ilə hazırlanır. Alimlərin araşdırmaları sübut edib ki, kobud heyvan zülalı yeni doğulmuşun bədəninə daxil olanda mənfi təsir edə bilər”.
Onun sözlərinə görə, beyinlə, intellektlə bağlı maddələr yalnız ana südündə var: “Buna görə də, insan südü ilə böyüyənlərin intellektual potensialı, zəkası, dərrakəsi eyni şəraitdə süni qarışıqlarla böyüyən uşaqdan daha çoxdur. Həmçinin, ana bütün immunitetə cavabdeh faktorları övladına süd vasitəsilə ötürür. Buna görə, ana südü ilə qidalandırılanların immuniteti daha möhkəm olur”.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ