İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlıların silah qaçaqmalçılığı - Bakının səbri tükənir

Rus hərbçilərinə məxsus karvandan çıxan “Kalaşnikov”larla “artsax” terrorçuları silahlandırılır; İlham İsmayıl: “Rusiyanın məqsədi budur ki...”

Məlum olduğu kimi, iyulun 19-da Azərbaycan hərbçiləri Ağdamda Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb. “Yeni Müsavat” xəbər verir ki, hərbi mənbələr məlumatı təsdiqləyib. Bir zirehli maşın və 3 “Ural” avtomobilindən ibarət karvan Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət zamanı yoxlanılıb. Yoxlama zamanı maşınlardan birinin yük bölməsində 5 ədəd “Kalaşnikov” avtomatı aşkar edilib. Bundan sonra karvan geri göndərilib.

Maşınların haradan gəldiyi və başqa nə daşıdığı açıqlanmayıb. Azərbaycanın Müdafiə Nazirliyi hələ ki, bu hadisə ilə bağlı şərh verməyib. Rusiya sülhməramlılarının 19 iyul tarixli xəbər bülletenində isə deyilir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında pozuntu qeydə alınmayıb. Belə çıxır, Rusiya sülhməramlıları Qarabağa qanunsuz silah keçirməklə, silah qaçaqmalçılığı ilə məşğuldur. Hələ heç 2 il keçməyib, görün hansı çirkin işlərə əl atırlar, erməni terrorçulara silah daşıyırlar. Bu isə üzərinə sülhyaratma missiyasını götürmüş hərbi kontingent adına rüsvayçılıqdır. Bir tərəfdən də təəccüblü deyil, Azərbaycan ictimaiyyətinin sülhməramlı adı altında yerləşən bu qüvvələrə onsuz da zərrə qədər inamı qalmayıb. Onlardan erməniməramlı fəaliyyəti gözləmək heç də sensasiya deyil. Sadəcə, üç dövlət arasında imzalanmış sənəd əsasında regiona yerləşmiş rus əsgərləri 10 noyabr müqaviləsinin şərtlərinə riayət etməlidir.

Onların vəzifəsi silah daşımaq, qaçaqmalçılıq deyil. O zaman bu fakt bizə əsas verir ki, Rusiya hərbi kontingentinin mandatı məsələsini gündəmə gətirək. Ya da onların vaxtından əvvəl gedişi üçün addımlar atmağa başlayaq?

Rusların Qarabağa qanunsuz silah daşınmasına şərait yaratdığı bəlli məsələdir. Bu fakt isə silahın birbaşa sülhməramlılar tərəfindən daşındığını təsdiqləyir. Və karvanın saxlanılması Bakının bölgədə nəzarəti gücləndirməsindən də xəbər verir. Prezident Əliyevin son xəbərdardarlığından sonra hərbçilərimzin onları saxlaması da diqqətçəkən məqamdır. Ancaq hər bir halda bu silah daşınması hallarının üzə çıxması göstərir ki, biz sülhməramlılarla bağlı daha sərt tələblər ortaya qoymalıyıq.

Onu da qeyd edək ki, erməni terrorçular Xocalıda rus sülhməramlılarının gözü önündə səngər qazırlar. Azərbaycan Ordusunun xəbərdarlıq atəşindən sonra əraziyə sülhməramlılar gəlib, lakin iş dayandırılmayıb. Rusların müşayiəti ilə gecə saatlarına qədər qazıntı işləri aparılıb. İrəvanın “erməni qoşunlar Qarabağdan çıxarılır” açıqlaması fonunda baş verən bu hadisə o deməkdir ki, erməni qoşunların bir neçə birliyi bölgədən çıxarılsa belə, əsas qüvvələri saxlamağa çalışacaqlar. Separatçılar “müdafiə xəttini” gücləndirməyə hazırlaşırlar. Ruslar separatçı-terrorçu rejimin mövcudluğunu qorumaq üçün onların “müqavimət” potensialının güclənməsinə şərait yaradırlar. Prosesin qarşısını önləmək və vəziyyətə nəzarəti ələ almaq üçün erməni terrorçuların yeni səngərinin havaya uçurulmasından başqa yol yoxdur.

Təhlükəsizlik üzrədə ekspert İlham İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, sülhməramlıların mandatını gündəmə gətirmək reallığa uyğun deyil: “Sadəcə, təhqiqat aparılmalıdır ki, bu silah nə məqsədlə daşınır. Ola bilsin ki, komandanlığın icazəsi olub. Amma inanmıram ki, ruslar silahı özləri üçün aparıb. Qarabağda qalan ermənilərin çoxu terrorçulardır. Ona görə iradlarımızı bildirməliyik, Rusiya hərbi kontingenti öz işini görməlidir, bu məsələlərdə onların üzərinə getməliyik, o halda bəzi məsələlər sürətlənə bilər”.

Rusiyadan gəlmisən, keç yuxarı başa...

İlham İsmayıl

İ.İsmayıl “artsax müdafiə ordusu” adı ilə saxlanan silahlıların bölgədən çıxarılmasını ən vacib məsələ sayır: “Əgər sülhməramlılara aid silah olsaydı, sənədi bilinərdi, rəsmi həyata keçirilərdi. Əvvəldən deyilərdi ki, müşahidə məntəqəsinə aparılır. Deməli, qaçaqmal yox, ermənilərə silah daşımaqdır. Bu, onların funksiyalarına aid iş deyil. Sadəcə, Rusiya istəyir ki, regionda yarımçıq sülh olsun. Nə qədər Azərbaycan əsgəri ilə ermənilər arasında gərginlik olacaq, onlar bunu ”yerli əhali arasında sülh yaranmır" adı qoyacaqlar, o qədər də Rusiya hərbçilərinin orada qalması müddətini uzatmağa çalışacaq. Bir sözlə, bu, Rusiya üçün bəhanədir. Ancaq o bəhanəni əllərindən almalıyıq".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, sülhməramlıların səlahiyyətləri bəllidir: “Mandat verilməsə də, hansısa hüquqi mexanizm müəyyən oluna bilər. Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirmişdi. Rəsmi Bakı onların fəaliyyətindən ümumi razılıq ifadə edir, Prezident də bildirir ki, bəzi xoşagəlməz hallar istisna edilməklə, rus hərbçiləri işlərini yerinə yetirirlər. Lakin dövlətin rəsmi mövqeyini anlamaq olar, Rusiya-Azərbaycan münasibətlərinin kövrək dönəmində gərginlik yaranmasını istəmərik. Cəmiyyət isə haqlı etirazını dilə gətirir. Faktiki olaraq, sülhməramlı adı ilə missiyalarından başqa hər bir işlə məşğuldurlar. Onların karvanında ”Kalaşnikov" niyə olub? Deməli, hərbçilərimiz bu silahları müsadirə ediblər. Əgər özlərinə aid olsaydı, hərbçilərimiz karvanı saxlayıb yoxlamazdı. Hər halda, şübhə üçün əsaslar olub ki, yoxlanış aparılıb. Eyni zamanda bu faktın özü təsdiqləyir ki, sülhməramlılar Qarabağın nəzarətimizdə olmayan ərazilərində xidmət çəksələr də, Azərbaycan Ordusu hər şeyi görür, yoxlayır və qarşısını alır. Bu hallara son qoyulması üçün ilk siqnaldır, növbəti dəfə hərbçilərimiz daha sərt şəkildə cavab verəcəklər. Xatırlayırsınızsa, ölkə başçısı demişdi ki, peyklə hər şeyi izləyirik, Laçın yolundan gedən-gələn nə varsa, xəbərdarıq. Yəni heç də ermənilərin silahlandırılmasına göz yummaq niyyətimiz yoxdur. Bura Azərbaycana aid ərazilərdir, sülhməramlı bölgəyə yerləşdirilməyib ki, erməniyə silah daşısın".

Ekspert təklif edir ki, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi Rusiyanın müvafiq orqanlarına məktub göndərsinlər: “Rusiya tərəfi Ağdərə istiqamətində belə hadisənin olmasını inkar edir, amma ”od olmayan yerdən tüstü çıxmaz". Rəsmi Bakı da hələlik reaksiya bildirmir. Ancaq bu cür özbaşınalıqlar ilk dəfə baş vermir. Azərbaycan əsgəri zamanında problemi “beşikdə” boğmalıdır. Çünki bir müddət əvvəl Şuşadakı blok-postumuza qumbara atan Mirzoyan kimilərə silah daşınmasına imkan verə bilmərik. Belə çıxır ki, rusməramlılar orada sülhyaratma yox, qızışdırıcı, təxribata rəvac verəcək missiyanı yerinə yetirirlər. Onların işi bölgədə sabitliyi təmin etməkdir, erməniyə silah daşımaq isə yeni hərbi toqquşmaya zəmin yaratmaqdır. Üstəlik, bu minvalla yeni təmas xətti yaratmağa çalışırlar. Azərbaycan tez bir zamanda “artsax” terrorçu dəstələrini Qarabağdan çıxarmalıdır - ya şələ-şüləsini yığıb getsinlər, ya da meyitlərini çıxarmalıyıq. Ötən iki ilə yaxın müddətdə bizə bundan başqa yol qoymadılar.

Azərbaycan 10 noyabr sənədinə qol çəkəndə götürdüyü öhdəliklərə sadiqdir, bəs niyə Rusiya və Ermənistan sadiq deyil? Məgər onlar imza atanda bəndlərlə tanış deyildimi, bilmirdilər ki, 4-cü müddəada silahlı dəstələrin evakuasiyası razılaşdırılıb? O zaman sənədə əməl etsinlər, əks təqdirdə, hər keçən gün antiterror əməliyyatı tarixini yaxınlaşdırır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR