İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlılar Azərbaycanı təxribata çəkir - iki mühüm fakt

Rusiya ermənilərin gərginlik yaradacaq hərəkətlərini himayə etməklə nəyə nail olmaq istəyir?

İyulun 19-da gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş mövqelərinin yaradılması məqsədilə mühəndis-texniki və tikinti işlərinin aparılmasına başlayıb. Bu barədə Haqqin.az xəbər verib.

Ermənistanın 10 noyabr üçtərəfli sazişinə zidd olan bu qanunsuz fəaliyyətinin qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri xəbərdarlıq atəşi açıb, bütün zəruri qabaqlayıcı tədbirləri, o cümlədən Rusiya sülhməramlıları kontingentinin komandanlığını məlumatlandırıb. Bir saat sonra hadisə yerinə bir qrup sülhməramlı gəlib.

Lakin Rusiya sülhməramlıları Ermənistan silahlı qüvvələrinin qanunsuz fəaliyyətini və aparılan işləri dayandırmaq əvəzinə, erməni quldur dəstələrinin təhlükəsizliyini təmin edərək, gecə saatlarında işin davam etdirilməsinə şərait yaradıblar. Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında icazəsiz silah daşınması cəhdinin qarşısı alınıb. Bu barədə isə Minval.az saytı məlumat yayıb. Məlumata görə, iyulun 20-də saat 17:15-də Azərbaycan Ordusunun nəzarət-buraxılış məntəqəsində Rusiya Federasiyası sülhməramlılarının Ağdam vasitəsilə Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət edən 1 ədəd 82A zirehli transportyoru və 3 ədəd “Ural” markalı avtomobildən ibarət hərbi kolon yoxlanmaq üçün saxlanılıb. Baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəkləri arasında 5 ədəd “Kalaşnikov” avtomatı (AKM) aşkar edilib.

Qaydaların kobud şəkildə pozulmasına - silah və sursatların sənədsiz daşınmasına cavab olaraq, hərbi kolon geri qaytarılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev son müşavirədə Rusiyanın Ermənistan ordusunun bölmələrini beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisindən çıxarmağı öhdəsinə götürdüyünü, lakin sonradan üzərinə düşən öhdəliyi pozduğunu bildirmişdi. Aydındır ki, Rusiya sülhməramlı kontingenti rəsmi şəkildə xəbərdarlığa baxmayaraq, nəinki özlərini “yığışdırmırlar”, əksinə, öz hərəkətləri ilə yaranmış gərginliyi daha da gücləndirirlər. Bu isə bir daha Azərbaycanı antiterror əməliyyatına başlamağa sövq edir. Rusiya Müdafiə Nazirliyi niyə sülhməramlıların özbaşınalığına son qoymur? Moskva Azərbaycanın son günlər Avropa Birliyi ilə qaz razılaşmasına belə təxribatlara şərait yaratmaqla cavab verir? Rusiya ermənilərin gərginlik yaradacaq hərəkətlərini himayə etməklə Azərbaycanı təxribata çəkməkmi istəyir?

Nə qədər ki, Qarabağda Rusiya hərbçiləri qalır...

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Qarabağ məsələsi uzun müddət regionda olan dövlətlərə Rusiyanın təzyiq mexanizmi idi. 44 günlük Vətən müharibəsindən sonra reallıqlar dəyişdi. Rusiya artıq əvvəlki miqyasda həmin o təsir mexanizmini həyata keçirə bilmir: “Müharibənin məlum nəticələrindən sonra Rusiyanın regionda, Azərbaycan ərazisində silahlı qüvvələri var və bu qüvvələrin adını ”sülhməramlılar" qoyublar. Həmin qüvvələr təəssüf ki, uzun müddətdir öz vəzifələrini həyata keçirməkdən yayınırlar. Artıq bunu Azərbaycan Prezidenti də bu yaxınlarda açıq bəyan etdi. Rusiya sülhməramlıları Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndindən irəli gələn tələblərin yerinə yetirilməsindən yayınır. Ermənistan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmalı idi, amma hələ də bunu etməyib. Sülhməramlıların dəstəyi olduğu üçün Ermənistan bunu etmir. Rusiya bunu Azərbaycana təsir və təzyiq mexanizmi kimi istifadə edir. Bundan arxayınlaşan erməni silahlı qüvvələri Azərbaycan ərazilərində müxtəlif mühəndis hərbi texniki işlərini həyata keçirməyə başlayıblar. Azərbaycan tərəfinin bu məsələ barədə Rusiya sülhməramlılarına bildirdiyi irada baxmayaraq,  sülhməramlılar ermənilərə həmin cinayət əməllərini həyata keçirmək üçün şərait yaradırlar. Regionda baş verən dəyişikliklər  Rusiyanın marağına mənfi təsir edir. Azərbaycanın Avropa İttifaqına qaz tədarükünün iki dəfə artırılmasını nəzərdə tutan memorandumun imzalanması Moskvanı narahat edir. Ona görə də Rusiya öz sülhməramlı adlandırdığı qüvvələrin və ermənilərin vasitəsilə Azərbaycana açıq və dolayısı ilə təzyiq edir. Sülhməramlılar qəsdən Azərbaycanı təxribata çəkməyə hesablanan addımlar atırlar. Sülhməramlıların yük maşınlarında qanunsuz silah keçirilməsinə cəhd də bunun bir nümunəsidir.

Amma həm ermənilər, həm də Rusiya 44 günlük müharibənin nəticələrini unutmamalıdırlar və bilməlidirlər ki, qurduqları bu cür oyunlar Azərbaycanı apardığı siyasətdən sapdıra bilməyəcək. Regionda təhlükəsizlik məsələlərinin təmin olunması üçün lazım olan hazırlıq işlərini də Azərbaycan həyata keçirir. Hərbi cəhətdən Azərbaycan istənilən təxribatın qarşısını almağa qadirdir. Necə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini sonda Azərbaycan öz gücü ilə həyata keçirdi, eləcə də 10 noyabr üçtərəfli bəyanatının Ermənistan tərəfindən həyata keçirilməyən tələblərinin, xüsusən də 4-cü bəndinin həyata keçirilməsini Azərbaycan reallaşdıracaq".  

ABS Azerbaycani yeni dunya nizaminda yaninda gormek isteyir" - Məhəmməd  Əsədullazadə

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan hərbçilərinin Rusiya sülhməramlı qüvvələrinin maşın konvoyundan silahlari aşkar etməsi və Xocalı ərazisində ermənilərin mühəndis istehkam işlərini həyata keçirmələrinə rusların şərait yaratması təəccüblü deyil. Azərbaycana qarşı açıq-aşkar təxribatlar həyata keçirilir: “Qarabağdakı silahlı erməni birləşmələrinin silah və sursatla təmin edən məhz Rusiya sülhməramlı qüvvələridir. Bunu daima qeyd etmişik. Prezident İlham Əliyevin silahlı erməni birləşmələrini çıxarılması və Rusiya sülhməramlı qüvvələrinin bunu həyata keçirməməsi mesajını verməsi təbii ki, hərəkətə keçilməli idi. Bundan sonra, mütləq şəkildə sülhməramlıların fəaliyyətinə nəzarət etməliyik. 90-ci illərdə Qarabağda rus hərbiçilərinin necə ”sülh və təhlükəsizliyini" təmin etməsini yaxşı bilirik. Rusiya eyni ssenarini davam etdirir və Azərbaycana qarşı silahli separatizmin inkişafına təkan verir. Artıq bu, keçərli olmayacaq. Rusiya artıq Cənubi Qafqazda da kifayət qədər zəifləyir. Məhz Prezident İlham Əliyevin ilin 6 ayina həsr olunmuş müşavirədə Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması ilə bağlı Rusiyaya tənqidi yanaşması və dərhal Ermənistan tərəfindən  ordunu çıxaracağını elan etməsi göstərir ki, Moskvanin  kifayət qədər mövqeləri zəifləyib. 

Azərbaycan Avropa İttifaqı ilə enerji və digər aspektlərdə əməkdaşlığı inkişaf etdirir. Qərb də Azərbaycana ciddi dəstək verir. Bundan sonra, Rusiyanın Azərbaycana təzyiqləri tam neytrallaşacaq. Müharibədən bir il yarımdan çox keçməsinə baxmayaraq, Ermənistan öhdəliklərini yerinə yetirmir. Azərbaycan bütün vasitələrdən istifadə edərək, Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edəcək, buna əminik".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR