İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh ümidləri, Tiflis variantı və ... - COP29-dək sülh olmasa...

Rəsmi İrəvanın destruktiv fəaliyyəti prosesi tormozlaya bilər; Paşinyan özü də ölkəsinə yeni konstitusiya lazım olduğunu etiraf edir, amma...

2024 başlayandan bu ilin sülh ili olacağına dair xeyli fikirlər səsləndirilib. Hətta Azərbaycanda baş tutacaq COP29-dək - yəni noyabr ayınadək ən azı çərçivə sazişinin imzalanacağına ümidlər bəslənilir. Ancaq artıq iyul ayıdır, ortada isə konkret nəticə yoxdur. Düzdür, nikbin açıqlamalar verilir, ancaq Ermənistan əsas şərti - Konstitusiya dəyişikliyini etməyi, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırmağı icra etmək niyyətində deyil. 

Maraqlıdır ki, belə bir vaxtda Ermənistanın xarici işlər naziri deyib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması regiona daha çox sülh gətirəcək. Bunu Ararat Mirzoyan həmkarı İliya Darçiaşvili ilə birgə mətbuata açıqlamasında deyib. Mirzoyan kommunikasiyaların bərpasının Ermənistanla yanaşı, digər region ölkələrinin iqtisadiyyatını dəstəkləyəcəyini əlavə edib. “Əgər bir ay intensiv işləsək, bu prosesi tamamlaya və Azərbaycanla vacib razılaşmanı imzalaya bilərik”, - Mirzoyan qeyd edib. O, habelə deyib ki, Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin bərpasına hazırdır. Bu arada Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili də deyib ki, Tiflis Azərbaycanla Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır: “Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir. Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı sülh yolu ilə əldə edilmiş tarixi qərarı alqışlayırıq. Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikanı saxlayacaq”, - Darçiaşvili deyib. Ancaq ortada yenə erməni kələyi var - Mirzoyan növbəti dəfə Azərbaycana böhtan atıb, iddia edib ki, guya rəsmi Bakı süni əngəllər törədir, yeni şərtlər qoyur.

“Sülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfindən gecikmə yoxdur”. Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə birgə mətbuat konfransında bildirib. “Biz bunu imzalamağa hazırıq, deyə bilərik ki, top Azərbaycan tərəfindədir”, - deyə Simonyan qeyd edib.

Göründüyü kimi, erməni rəsmilər dezinformasiyalara və destruktiv fəaliyyətə üstünlük verməklə prosesi uzadırlar.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan konstitusiyası və normativ-hüquqi aktaları dəyişdirilməsə, ərazi iddiaları ilə bağlı müddəalar ortadan qaldırılmasa, sülh müqaviləsinin imzalanması mümkün deyil.

Hətta Paşinyan da anlamağa başlayıb ki, qanunvericilik dəyişməlidir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. Report Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin ölkənin Konstitusiya Günü münasibətilə müraciətində deyilir. “Hazırkı konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Məlum şəraitə görə, bu gün Ermənistan vətəndaşları mövcud konstitusiyaya hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar”, - baş nazir bildirib. Baş nazir qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılanlarda deyil, həm də onun necə qəbul edildiyindədir. Onun sözlərinə görə, Ermənistana xalqın özününkü hesab edəcəyi, dövlət və onunla münasibətlər haqqında fikirlərini əks etdirən yeni konstitusiya lazımdır: “Bizə xalqla - onun yaradıcısı ilə ayrılmaz şəkildə bağlı olacaq yeni konstitusiya lazımdır”. N.Paşinyan, həmçinin qeyd edib ki, yeni konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Buna baxmayaraq, baş nazir vurğulayıb ki, ölkədə institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır. Baş nazir “real Ermənistan” xalqının maraqlarını diqqət mərkəzində saxlamağa çağırıb. O bildirib ki, məhz həmin xalq beynəlxalq birlik çərçivəsində tanınmış ərazidə azadlığı, firavanlığı və təhlükəsizliyi təmin etmək üçün Ermənistan Respublikasını yaradıb. Bütün bunlardan sonra revanşçı qırğılar niyə nağıl danışırlar, məlum məsələdir, sifariş belədir.

Bakının bütün şərtləri haqlıdır və təbiidir. Sadəcə, Ermənistan bu vacib addımları atmalıdır. Niyə boyun qaçırır? Bu halda Tiflisdə dialoqun əhəmiyyəti qalırmı? Belə bir şəraitdə COP29-dək sülh sazişi imzalamaq inandırıcı görünürmü? Əgər baş tutmasa nə ola bilər?

Arzu Nağıyev: “Silah gəzdirmək deputatın özündən asılıdır” Pravda.az

 Arzu Nağıyev 

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan daima Azərbaycanla Ermənistan arasında münaqişənin həllində vasitəçi olmaq istəyir və münaqişə tərəflərinin sülh müqaviləsi bağlaya biləcəklərinə ümidlidir: “Gürcüstan tərəfi düşünür ki gələcəyimiz dinc və sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir...Təbii ki gələcəkdə Gürcüstanın ərazi bütövlüyü ilə bağlı atılacaq addımlarda da Azərbaycanı ən mühüm vasitəçi görürlər...” 

A.Nağıyev qeyd etdi ki, Ermənistanın özü üçün ən böyük problemi konstitusiya ilə bağlı referendumu keçirməkdir: “Bilirlər ki, revanşistlər öz tərəfdarları ilə buna imkan verməməyə çalışacaqlar. Hökumət hətta Qarabağdan gələnləri elə kəndlərdə yerləşdirirlər ki sülhə mane olmasınlar. Təəssüf ki, Ermənistanın daxili və xarici siyasəti müstəqil deyil havadar ölkələrdən asılıdır.Ancaq istər Astanada keçirilən görüşlər, istər Şuşa görüşündən gözləntilər göstərir ki, sülhün imzalanması mümkündür və labüddür.Ermənilərin istəyi ilə deyil beynəlxalq normalarla olmalıdır. COP 29-dək buna imkan var... Sadəcə beynəlxalq təzyiqlər də olmalıdır”.

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, Azərbaycan sülh prosesi üçün uyğun hesab etdiyi şəraiti yaradıb, hər şey bizim istəklərimizə uyğun məcrada davam edir: “Ermənistan vasitəçilərin olmasını, kimlərinsə əldə olunacaq sülh razılaşmasına təminat verməsini, qarantorluq etməsini istəyirdi. Biz bu formulu rədd etdik, vasitəçisiz danışıqları təmin etdik. Eyni zamanda kənar müdaxilə olmadan delimitasiya prosesi başlatdıq. Bunlar hamısı proseslərin nəzarətimizdə olduğunu, narahatlığa əsas olmadığını göstərir. Ermənistan rəhbərliyi müəyyən etdiyimizi ”Yol xəritəsi"nə uyğun davranır, amma müəyyən məqamlarda öz aləmlərində manevr etməyə, “cızıqdan kənara çıxmağa” cəhd göstərir. Gah deyirlər ki, kommunikasiyaları açaq, sonra sülh müqaviləsi imzalayaq, gah konstitusiyada dəyişikliklərdən yayınmağa çalışırlar. İndi də Paşinyan deyir ki, dəyişmək yox, yeni konstitusiya qəbul etmək lazımdır. Bunlar da həmin “əsas manevrdir” mövqeyindən irəli gəlir. Bu manevrlərlə vaxtı uzatmaq olar, hədəfdən yayınmaq mümkün deyil, ermənilər sülhü imzalayacaqlar, qaça bilməyəcəklər". 

A.Nağı bildirdi ki, sülhlə bağlı dəqiq vaxt göstərmək çətindir: “Sülh müqaviləsi həm Azərbaycanın mövqeyindən, həm də Zəngəzur dəhlizi ilə bağlı qərardan asılıdır. Azərbaycan müqaviləni imzalamağa hazırdır. Böyük dövlətlər, o cümlədən ABŞ, Çin dəhlizin işə düşməsində maraqlı olduqlarını gizlətmir. Rusiya tərəddüd edir, amma mane olmaq gücündə deyil. Ona görə də ilin sonuna qədər sülh sənədinin imzalanması mümkündür. Baş tutmasa, proses davam edəcək. Başqa yol yoxdur”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Azərbaycan prezidenti cənab İlham Əliyev regionda sülh və təhlükəsizliyin təmini istiqamətində mühüm siyasət aparır: “Məhz Ermənistana beş prinsipdən ibarət təklifləri paketini Azərbaycan verib. Rəsmi Bakı müharibədən dərhal sonra sülh müqaviləsinin bağlanması üçün əməli addımlar atır. İkitərəfli danışıqların aparılması da cənab prezident İlham Əliyevin təklifidir və bu istiqamətdə çox irəliləyiş əldə edilib. Ermənistan rəhbərliyi manipulyasiya edib, iki başlı açıqlamalar verir. İki ölkə arasında delimitasiya və demarkasiya komissiyası işləyir. Zəngəzur istiqamətində işlər həyata keçiriləcək. Göründüyü kimi Azərbaycanın təkliflərini qəbul edəcəksə, rəsmi Yerevan bir o qədər sülhə yaxınlaşacaq. Azərbaycan və COP29 kimi baza prinsipləri üzərində Çərçivə sazişinin imzalanmasında maraqlıdır. Sülh müqaviləsi isə, cənab prezident də bunu Ermənistan konustitusiya dəyişəndən sonra mümkün olacağını vurğulayıb. Çünki sülh müqaviləsi qanunvericiliyə uyğun olmalıdır. Ermənistan konustitusiyası Azərbaycan qarşı ərazi iddialarından ibarətdir. Çərçivə sazişi imzalandıqdan sonra nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası mümkün ola bilər. Ermənistan ilk növbədə Zəngəzur dəhlizinin açılmasına getməlidir. Artıq ABŞ da bu yolun açılmasına dəstək verir”. 

M.Əsədullazadə bildirdi ki, əgər Ermənistan rəhbərliyi çərçivə və sülh müqaviləsindən yayınsa, iqtisadi blokadada qalacaq: “Regional təhlükəsizliyi təhdid edən dövlət olacaq. Nəticədə Ermənistan da siyasi xaos baş verəcək və Paşinyan hakimiyyətdən devrilə bilər. Ermənistanın rifahı Azərbaycan və Türkiyə ilə normallaşma prosesindən keçir. Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşə bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR