İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişi “Qu quşu, balıq və xərçəng” dartışmasına çevrilir

Vaşinqton, Brüssel və Moskva arasında mövqe savaşları qızışır; Ceyms O’Brayen Azərbaycan rəhbərliyini sülh danışıqlarının Qərb platformasında aparılmasına inandırmağa çalışacaq

ABŞ-ın ATƏT-dəki səfiri Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını davam etdirmək niyyətini təsdiqləyib. 

“Yeni Müsavat” bildirir ki, “Turan”ın Vaşinqton müxbiri bu xəbəri verib. ATƏT-dəki səfir Maykl Karpenter virtual brifinqdə deyib ki, Birləşmiş Ştatlar ardıcıl olaraq Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını arzulayır. Onun sözlərinə görə, son bir il ərzində ABŞ Ermənistan və Azərbaycan arasında bir sıra danışıqlar təşkil edib. Dövlət katibi Blinkenin Cənubi Qafqazda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşmasına, regionda açıq kommunikasiyalara və ticarətə yol açacaq sülh sazişinin tapılması səylərində şəxsən iştirak etdiyi vurğulayan amerikalı səfir əlavə edib ki, tərəflər münasibətlərin normallaşmasında razılığa gəlmək üçün bu yaxşı vasitələrdən istifadə etməlidirlər. Sonda səfir Karpenter qeyd edib ki, Vaşinqton qaçqınların təhlükəsiz qayıtmasını və davamlı reinteqrasiya olması prinsipini dəstəkləyir. 

Yada salaq ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda iki ölkə arasında davamlı və ləyaqətli sülhün əldə olunmasını müzakirə edib. Dövlət katibi Prezident Əliyevin Azərbaycan və Ermənistan arasında davamlı və şərəfli sülh sazişi bağlamaq istəyini alqışlayıb. Dövlət katibi bu uzanan münaqişənin həm azərbaycanlılara, həm də ermənilərə iztirab səbəbi olduğunu qeyd etdi və sülhün regiona gətirəcəyi faydaları vurğulayıb. Blinkenin çağırışları Dövlət Departamentinin yüksək səviyyəli rəsmilərinin Azərbaycan və Ermənistanın sülh bağlamaq üçün “real imkan” olduğuna dair nikbinliyini ifadə etdikləri vaxta təsadüf edir. Dövlət katibinin köməkçisi Ceyms O’Brayen də deyib ki, “hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışması bizi həvəsləndirir”.

Belə vaxtda isə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bir araya gəlib. Görüşdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi müzakirə edilib. Gürcü spiker ölkəsinin regionda sülhün bərqərar olmasına hazır olduğunu vurğulayıb. Bu proseslərin gedişində isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 5-də Rusiyada olacaq. O, rusiyalı həmkarı Sergey Lavrovun sədrliyi ilə Xəzər əməkdaşlığına dair iclasda iştirak edəcək. Ehtimal edilir ki, gürcü və erməni rəsmilər kimi, Lavrovla Bayramov arasında da ikitərəfli danışıqlarda əsas müzakirə mövzusu sülh sənədi olacaq. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar isə sosial şəbəkə hesabından yazıb ki, Ankarada  “Ermənistan və Azərbaycan arasındakı sülh prosesi başda olmaqla, Cənubi Qafqaz bölgəsi ilə əlaqədar Aİ və Türkiyəni maraqlandıran ortaq mövzular müzakirə  edib”. “Azərbaycanla sülh müqaviləsi 15 gün ərzində imzalana bilər” - bu da Ermənistan parlamentinin spikeri Alen Simonyanın fikridir. O, həmçinin bildirib ki, hazırda Ermənistan və Azərbaycan liderlərinin görüşü haqqında razılaşma yoxdur. Belə bir təklif olsa, Ermənistan onu müzakirə etməyə hazırdır. Anklavlar mövzusuna toxunan Simonyan qeyd edib ki, konkretlik yoxdur, amma həll olacaq. 

Beləliklə, müxtəlif görüşlərdə, ayrı-ayrı paytaxtlardan verilən bəyanatlarda sülh sazişindən bəhs edilir. Amma sülh müqaviləsi, onun mətni ortada yoxdur, sadəcə, yenə də Qərblə Rusiyanın maraq və mövqe savaşları qızışır. Və bu yarışın sürətləndiyini, ABŞ-ın yenidən fəallaşdığını gələn həftə Blinkenin köməkçisi O’Brayenin bölgəyə gələcəyi xəbəri də təsdiqləyir. Eyni zamanda Moskva sülh danışıqlarında tərəflərdən biri olmaqdan vaz keçməyib. Brüssel isə hələ ki təşəbbüsü ABŞ-a buraxıb və xüsusi fəallıq göstərmir. Yəni sülh sənədinə imzasını qoymaq istəyənlər arasında ciddi mübarizə gedir. Sülh sazişi Krılovun təmsilindəki “xərçəng” və “durna balığı” dartışmasına çevrilir. Bu cür  dartışma isə həmişə sülh prosesinə zərbə vurur.

Akif Nağı: “Qərbin buradakı məkrli planına qarşı 3 ölkə...”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a qeyd etdi ki, hələ ki söz səviyyəsində sülh bəyanatları verilir, hələlik rəqabət gedir, əslində, sülh üçün real vəziyyət görünmür: “Sadəcə, şərtlər dəyişib. Qərb Rusiyanı Cənubi Qafqazdan çıxarmaq strategiyası seçib. Ermənistan da oriyentiyasını dəyişməkdədir. Digər şərait ondan ibarətdir ki, Azərbaycan Xankəndidə suverenliyi bərpa edib və erməni əhalisi könüllü olaraq regionu tərk edib. İrəvan indi sülh üçün daha çox çalışmalıdır. Hazırda sərhəddə ikitərəfli görüş keçirilib, bunu inkişaf etdirsək, vasitəçi olmadan danışıqları davam etdirə bilsək, 2024 sülh ili ola bilər. Amma Ermənistan əməli addım atmalıdır. Bizsə görürük ki, İrəvan Qərbdən gələcək siqnalı gözləməkdədir”.

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlıya görə, Vaşinqtonun Bakı qarşısında geri çəkilməsi ABŞ-ın yeni layihəsi və sülh sazişinə dair təkliflərinin qəbul edilməsi planından qaynaqlanır: “ABŞ-da anladılar ki, Azərbaycanı təzyiqlə razı sala bilməyəcəklər və Blinkenin zəngi ilə "təmas strategiyasına" qayıdırlar. Bu təklifləri Bakıya Blinkenin Əliyevdən səfərinə icazə verilməsini istədiyi Ceyms O’Brayen gətirəcək. Vaşinqtonun planının nədən ibarət olduğunu Obraynın açıqlamasından müəyyən etmək mümkündür: ABŞ Mərkəzi Asiyadan başlayan, Azərbaycan, Ermənistan və Türkiyədən keçərək, Avropaya çıxan ticarət yolunu təklif edir və bununla Orta dəhlizi (Çindən başlanan, Mərkəzi Asiyadan keçərək, Azərbaycana çatan, buradan Türkiyə üzərindən Avropaya çıxan) nəzarətə götürmək istəyir". Onun fikrincə, Vaşinqton üçün Azərbaycan və Türkiyə açar ölkələr, Bakı və İrəvanın Moskvanın çətirindən kənarda sülh müqaviləsi imzalaması əsas vasitədir: “Ceyms O’Brayen Bakıda Azərbaycan rəhbərliyini bu layihəyə və sülh danışıqlarının Qərb platformasında aparılmasına inandırmağa çalışacaq. Ermənistan parlamentinin spikeri Alen Simonyanın "15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər" açıqlaması da bununla bağlıdır. İrəvanda hesab edirlər ki, ABŞ Azərbaycanı razı salacaq və sülh müqaviləsinin ermənilərin istəyinə uyğun imzalanmasına nail olacaqlar. Məlumdur ki, Bakı Vaşinqtonun layihəsini qəbul etməyəcəyi təqdirdə, ABŞ yenidən təzyiq siyasətinə keçə bilər". 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR