İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh müqaviləsinin daha bir faydası: Azərbaycan və Ermənistana sərmayələr...

“Xarici reytinq agentlikləri Ermənistan ətrafında geosiyasi risklərin azaldığını, lakin tam olaraq aradan qalxmadığını qeyd edir”. Bu haqda Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan illik hesabatın parlamentdə müzakirəsi zamanı deputatların suallarına cavab verərkən bildirib.

Mərkəzi Bank sədrinin sözlərinə görə, məhz bu amil Ermənistanın kredit reytinqinin yenilənməməsini izah edir. Belə ki, aparıcı reytinq agentliklərindən biri - “Fitch” avqustun sonunda Ermənistanın kredit reytinqini dəyişməyib, yalnız ehtiyatla müsbət şərhlərlə çıxış edib.

Qalstyana görə, sazişlərin paraflanması müsbət addımdır, lakin yolda hələ də maneələr qalmaqdadır. Lakin o əmindir ki, sülh sənədinin imzalanmasından sonra Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xarici investisiyaların ölkəyə əhəmiyyətli axınını təmin edə biləcək.

Qeyd edək ki, Vətən müharibəsindən ötən müddət ərzində beynəlxalq agentliklər Azərbaycanla bağlı reytinqlərində müsbət dəyişikliklər ediblər. Xüsusilə ötən il “Fitch Ratings” reytinqi bir pillə yüksəldərək investisiya səviyyəsinə çatdırıb (“VVV-”, “sabit”), bu il də eyni səvbiyyədə saxlayıb.

“Moody’s” beynəlxalq reytinq agentliyi bu il iyulun 3-də Azərbaycanın suveren kredit reytinqini "Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb. “Moody’s”in yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir. Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.

“Fitch Group”a aid olan “Fitch Solutions” şirkətinin Azərbaycanla bağlı builki hesabatında isə bildirilir ki, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın Cənubi Qafqaz regionunda strateji mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Qeyd olunur ki, 2023-cü ildə Qarabağ üzərində tam nəzarəti bərpa edən Azərbaycan hazırda regionda nəqliyyat əlaqələrinin inkişafına və Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru yolunun qurulmasına yönəlmiş layihələrə diqqət yetirir. Hesabata əsasən, Ermənistanın cənub ərazisindən keçməsi planlaşdırılan Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Bu yeni nəqliyyat marşrutu alternativ bağlantı imkanları yaradacaq və Azərbaycanın həm Xəzər, həm də Qara dəniz hövzəsinə çıxışını genişləndirəcək.

“Fitch Solutions” həmçinin bildirib ki, hazırda ticarət balansı mənfi olaraq qalır və bu, ölkə iqtisadiyyatının artım tempinə mənfi təsir göstərir. 2024-cü ildə idxalın ixracdan üstün olması səbəbindən ticarətin iqtisadi artıma töhfəsi mənfi olub. Agentliyin proqnozuna görə, bu meylin yaxın dövrdə dəyişməsi gözlənilmir. Bununla belə, hökumətin həyata keçirdiyi infrastruktur layihələri və regional bağlantı təşəbbüsləri uğurla icra olunarsa, ticarət balansında müəyyən müsbət dəyişikliklər baş verə bilər.

FS ümumilikdə əlavə edib ki, uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi inkişafı hökumətin hazırda həyata keçirdiyi strateji addımlarla müəyyən olunacaq.

Bundan əlavə, “Fitch Solutions” şirkəti bu ilin III rübü üzrə baxış zamanı Azərbaycanın iqtisadi artım proqnozunu cari il üzrə yenidən 2,6 faiz, 2026-cı il üzrə isə 3,2 faiz müəyyən edib. Lakin qeyd edilib ki, bu artım tempi, xüsusilə 2025-ci ildə neft və qaz sektorundan yüksək asılılıq fonunda (2025-ci ilin aprelinə ÜDM-in 39,4 faizi) daha zəif olacaq. Belə ki, qlobal neft qiymətlərində gözlənilən 15 faizlik illik azalma sektordan əldə olunan gəlirləri azaldacaq.

Bununla belə, FS bildirib ki, Azərbaycan təbii resurslara əsaslanan iqtisadi modeldən uzaqlaşaraq uğurlu diversifikasiya həyata keçirib: “Hazırda qeyri-neft sektoru ümumi iqtisadi fəaliyyətin 60 faizdən çoxunu təşkil edir. İnvestisiyaların cəlb olunması üçün əsas hədəflər arasında mədən sənayesi (ÜDM-in 35,6 faizi), tikinti (10,6 faizi) və emal sənayesi (6,7 faizi) yer alır”.

Şirkətin hesabatında qeyd edilib ki, 2025-ci ilin I rübündə əsas kapitala yönələn investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalıb. Bu azalma, yanvar-aprel ayları arasında dünya neft qiymətlərindəki 21 faizlik geriləmə ilə üst-üstə düşür ki, bu da sektorun iqtisadiyyat üçün həddindən artıq əhəmiyyətini göstərir: “2025-ci ilin dövlət büdcəsində hərbi xərclərdən sosial xərclərə yönəlmə də kapital qoyuluşunu azaldan amillərdəndir. Bu baxımdan, kapital formalaşmasının iqtisadi artıma töhfəsinin 2024-cü ildəki 1,9 faiz bəndindən 2025-ci ildə 1,2 və 2026-cı ildə 1,1 faiz bəndinə enəcəyi gözlənilir. Əvəzində özəl istehlak artımın əsas lokomotivinə çevrilir. Onun artıma töhfəsi 2024-cü ildə 2,1 faiz bəndi olduğu halda, 2025-ci ildə 2,4 və 2026-cı ildə 2,5 faiz bəndinə yüksələcək”.

Qeyd edək ki, əsas kapitala investisiyalarda azalma davam etsə də, azalma sürətində ciddi yavaşıma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalma deməkdir. Bu zaman neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,0 faiz artıb.

Mərkəzi Bankın məlumatına əsasən isə bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların ümumi məbləği 1.5 milyard dollar təşkil edib. Bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 73.5 faiz təşkil edib. Qiymətləndirmələrə görə, rüb ərzində qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 2.2 dəfə artaraq 402.4 milyon dollar olub ki, bunun da bir hissəsi (146.9 milyon dolları) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olub.  

Göründüyü kimi, qeyri-neft-qaz sektoruna yatırımlarda artım var. Lakin bu artım sürətini iqtisadiyyatın ehtiyacları, qlobal enerji keçidi prosesinin yaratdığı reallıqların doğurduğu çağırışlar fonunda yetərli hesab etmək mümkün deyil. Xüsusilə işğaldan azad olunmuş ərazilərdəki bərpa prosesinin yaratdığı sərmayə ehtiyaclarını nəzərə alsaq, yaxın və ortamüddətli dövrdə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların hazırkından ən azı bir neçə dəfə çox olması vacibdir. Bunun üçün mövcud investisiya mühitinin cəlbedici hala gətirilməsi, daha sağlam rəqabət mühitinin formalaşdırılması zəruridir. 

Qeyd edək ki, iğaldan azad olunmuş ərazilərdə investorları stimullaşdırmaq üçün bir sıra güzəştlər və dövlət dəstəyi tədbirləri tətbi olunur. Belə investorlar 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə ƏDV-dən, istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergidən, İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergidən, işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergidən azad olunurlar. 

Bundan əlavə, azad olunan ərazilərdə işəgötürənlər işçi heyətini Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur: Əməkhaqqının 50 faizi işəgötürən tərəfindən, 50 faizi isə Dövlət Məşğulluq Agentliyi tərəfindən ödəniləcək.

Sosial güzəştlərə gəlincə, əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlər (sığortaolunanlar) tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının:

2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək - 100 faizi miqdarında;

2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək - 80  faizi miqdarında;

2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək - 60 faizi miqdarında;

2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək - 40  faizi miqdarında.

Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur.

Bütün bu güzəştlərin fonunda azad olunan ərazilərə investor axınının müşahidə olunmaması göstərir ki, ölkə üzrə ümumi investisiya mühitində dəyişikliklər olmalıdır.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR