Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı, Fransa, İran və Ermənistandan ermənilərin Xankəndinə qaytarılması çağırışları eşidilir və sülh sənədinə keçmiş münaqişənin salınması təklif olunur - Bakıdan şillə kimi cavablar
Ermənistan Qarabağ məsələsini danışıqların gündəliyinə daxil etməkdə ardıcıl olmalıdır. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistanın “Müqəddəs mübarizə” hərəkatının yaydığı bəyanatda deyilir. Bəyanatda xüsusilə qeyd olunur ki, Ermənistan Qarabağ məsələsinin danışıqların gündəliyinə salınması və Qarabağ ermənilərinin pozulmuş hüquqlarının, o cümlədən müvafiq təhlükəsizlik təminatları ilə qayıtmaq hüququnun bərpasında ardıcıl olmalıdır:
“Azərbaycanla "nəyin bahasına olursa-olsun sülhə nail olmaq" konsepsiyası qəbul oluna və tətbiq edilə bilməz. Real, sabit və uzunmüddətli sülh formulu ədalət, beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır. Ən mühüm humanitar problemlər - məhbusların və Qarabağın hərbi-siyasi rəhbərliyinin qaytarılması məsələləri həll olunmadan real və uzunmüddətli sülhdən danışmaq mümkün deyil".
Siyasi strateq Tiqran Köçəryan isə Paşinyan hökumətini 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın 8-ci bəndindən “yapışmağa” çağırıb. Köçəryanın sözlərinə görə, Rusiya xarici işlər nazirinin üçtərəfli bəyanata istinad etməsi də “artsax məsələsinin canlandırılması kontekstində nəzərdən keçirilməlidir, çünki bu bəyanatda "artsax"ın Azərbaycanın bir hissəsi kimi deyil, ayrıca vahid kimi qəbul edildiyi sonuncu sənəddir”. “Bakı və İrəvandan fərqli olaraq, Moskva "artsax" məsələsini bağlanmış hesab etmir”, - deyə o yekunlaşdırıb. Bir neçə gün əvvəl Fransanın Ermənistandakı səfiri Olivier Dekotini Qarabağı könüllü tərk etmiş ermənilərin “geri qayıtmaq hüququnu” xatırladıb. O, sosial şəbəkə hesabında yazıb: “Gəlin öz torpaqlarından qovulmuş, qayıtmaq hüququ Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təsdiq edilmiş Dağlıq Qarabağ ermənilərini unutmayaq”.
Avqustun 31-də vəzifəsini tərk edəcək Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Qarabağ ermənilərinin qaytarılmasını regionda münasibətlərin normallaşması prosesinin tərkib hissəsi kimi qiymətləndirib. “Gözləyirəm ki, Bakı ilə Qarabağ erməniləri arasında onların öz bölgələrinə təhlükəsiz və ləyaqətlə qayıtmaları üçün birbaşa danışıqlar aparılacaq. Azərbaycanın bununla bağlı öhdəlikləri var, mənə elə gəlir ki, bunu inkar etmir. Qayıdış üçün parametrlər və şərtlər inklüziv və qarşılıqlı hörmətə əsaslanan dialoq vasitəsilə tapılmalı və razılaşdırılmalıdır”, - Klaar bildirib. Bir ay əvvəl isə İranın Ermənistandakı səfiri Mehdi Sobhani də ermənilərin könüllü qayıtması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib və qeyd edib ki, “bunun üçün dialoq və danışıqlar lazımdır”. Qarabağda fəaliyyətinə keçən ilin 19 sentyabrında son qoyulan separatçı quldur rejimin qalıqları İrəvanda 2 sentyabrda “Qarabağın müstəqilliyinin 33-cü ildönümü”nü keçirmək istəyirlər. Sentyabrın 19-da Vaşinqtonda anti-Azərbaycan tədbiri keçirəcəklər. ABŞ Konqresi qondarma “artsax”la bağlı ermənilərlə birlikdə tədbir keçirəcək. Məlumatda qeyd edilir ki, Konqres üzvləri, icma fəalları və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsində toplanacaqlar.
Göründüyü kimi, həm Aİ nümayəndəsi, həm Tehranın səfiri, həm fransız diplomat, həm də erməni strateqləri ermənilərin Qarabağa qayıdışından danışırlar. Azərbaycan isə mövqeyini bununla əsaslandırır ki, onlar vətəndaşlığı qəbul edərək Xankəndidə, Ağdərədə yaşaya bilərlər, paralel olaraq da qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı Ermənistan tərəfindən təmin olunmalıdır. Paşinyan hökuməti Qarabağdan gedənlərə qaçqın statusu verib. Halbuki həmin ermənilər Ermənistan pasportu daşıyırlar, necə qaçqın ola bilərlər? İndi isə səslənən çağırışlar, Qarabağ məsələsinin sülh sənədinə daxil edilməsi tələbləri tamamilə absurddur. Sülh mətnində Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını təsdiq edir və Qarabağ da həmin suverenliyə daxildir, bunu ayrıca göstərmək, yaxud ermənilərin qayıdışını gündəliyə salmaq əsaslı deyil.
Samir Əsədli
“Yeni Müsavat”a danışan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin fikrincə, Qarabağ mövzusu keçmişdir və sülh gündəliyində olması ermənilərin arzusu kimi qalacaq: “Bizim tələblərimiz aydındır - Minsk formatı de-yure ləğv edilsin, Ermənistan qanunvericilik aktlarını dəyişsin və ərazi iddialarını müstəqillik deklorasiyasından çıxarsın. Hətta nəqliyyat dəhlizlərinin açılmasını sülh mətnindən çıxardıq ki, sonraya qalsın. Yəni təki sülh müqaviləsi bağlansın. İndi hansı haqla bizdən bunu tələb edə bilərlər ki, Qarabağ məsələsi bir punkt olaraq sülh mətnində göstərilsin?!”
O ki qaldı ermənilərin qayıdışına, S.Əsədli bunun sadə mexanizmi olduğunu düşünür: “Əvvəla, hadisələrin isti vaxtlarında Yevlaxda, Xocalıda görüşlər oldu, Prezident Administrasiyası reinteqrasiya proqramını açıqladı, orada erməni əhalisinə subsidiyalar verilməsi, bəzi güzəştlər nəzərdə tutulurdu, amma istəmədilər, çıxıb getdilər. İndi heç qayıtmaq da istəmirlər. Artıq "boz zona"nın ləğvinin bir ili yaxınlaşır, biz Qarabağdan köçən ermənilərdən o çağırışları eşitməmişik ki, geri dönmək istəyirlər. Əksinə, xaricdən “qaçqınlara dəstək” adı ilə alınan yardımlardan istifadə edirlər. Ona görə erməni cəmiyyətində belə bir sosial sifariş yoxdur. Üstəlik də qorxurlar. Çünki aralarında separatizmə dəstək verənlər, cinayət törədənlər var. Fikirləşirlər ki, onlara azərbaycanlılar rəhbərlik edəcək və bu da onlarda psixoloji narahatlıq yaradır".
VHP rəsmisi hesab edir ki, onların rəhbərləri həbsdədir və əgər bölgədə rus hərbçiləri qalsaydı, yenə də başlarının üstündə Araik kimilər olsaydı, qalardılar: “Onlar bizimlə birgə yaşamaq istəmirlər. Ona görə ayrı-ayrı ölkələrdən verilən bəyanatların əhəmiyyəti yoxdur. Onsuz da qayıtmayacaqlar. Ən əsası isə onlar yalan danışırlar, yəni Qarabağda yaşamış olsalar da, Ermənistan vətəndaşlarıdırlar. Çünki qondarma rejimin sənədi ilə Rusiyaya və yaxud başqa ölkələrə gedə bilməzdilər. O zaman bu 30 ildə hansı sənədlə xaricə səfər edirdilər? Təbii ki, Ermənistan vətəndaşı kimi. Bu mənada nə Qarabağ sülh sənədində ola bilməz, nə də ermənilər qayıtmazlar. Əgər Xankəndidəki evinə hansısa Vazgen geri dönmək istəyirsə, Ermənistan pasportunu cırıb tullamalı və Laçın sərhəd-keçid məntəqəsindən ərazimizə daxil olub vətəndaşlıq üçün ASAN Xidmətə müraciət etməlidir".
Xəzər Teyyublu
Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu isə səslənən fikirlərin heç birinin beynəlxalq hüquqa uyğun olmadığını bildirir. Onun sözlərinə görə, ermənilərin hiyləsi Qarabağ məsələsini yenidən gündəmə gətirməkdir: “İkitərəfli rəsmi danışıqlarda masaya bu mövzu gətirilmir. Bakı və İrəvan sülh sənədini, ərazi bütövlüyünün tanınmasını, nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edirlər, Qarabağ barədə Paşinyan heç nə demir və təsdiq edir ki, Azərbaycan ərazisidir. O baxımdan erməni analitiklərin fikirləri utopiyadır və Bakı əsla buna razı olmaz”. Hüquq müdafiəçisi ermənilərin qayıdışı məsələsinin aktuallığını itirdiyini düşünür: “Bu təklifi səsləndirənlərin məqsədi diqqəti yenidən Qarabağa yönəltməkdir. Onlar istəyirlər ki, ermənilər qayıtsın, Bakı qarşısında hansısa tələblər və öhdəliklər qoysunlar, iki gündən bir gah Avropa İttifaqının, gah digər Qərb təsisatlarının nümayəndələri regiona səfər etsinlər, BMT missiya yollasın, hansısa fransız hüquq müdafiəçiləri gəlib onların şəraiti ilə maraqlansın... Bu zaman da nəzərlər Qarabağa dikilsin və Azərbaycana təzyiq imkanı yaransın. Odur ki, bu məsələ bağlanıb və heç bir perspektivi yoxdur”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ