Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Azərbaycanla Ermənistan böyük sülh anlaşması yollunda növbəti ciddi addımı atdı. Bir sıra dövlətlər, həmçinin beynəlxalq və regional qurumlar bunu dərhal təqdir etdi. Hərçənd uzunmüddətli sülhə gətirəcək sənədin imzalanmasına hələ var. Əsas səbəb məlum: rəsmi İrəvanın konstitusiya dəyişikliyi ilə bağlı rəsmi Bakının haqlı tələbinə qarşı hələ də “nala-mıxa” vurması, qəti qərara gəlməməsidir.
Aydındır ki, Ermənistanın “Əsas Qanun”unda Azərbaycana qarşı ərazi iddiasına dair kiçicik bir istinadın qalmasına belə Bakı razı olmayacaq. Beləcə, iki qonşu ölkənin siyasi-diplomatik əlaqələr qurması, iki xalq arasında düşmənçilik səhifəsinin qapadılması mümkünsüz olacaq. Demək, kapitulyant tərəf iqtisadi-ticari blokadadan çıxa bilməyəcək.
Bu xüsusda Prezident İlham Əliyevin ötən həftə XII Bakı Qlobal Forumunda etdiyi çıxışdan bir sitatı yada salmaq yerinə düşər: “Əslində Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Biz onların hər hansı sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökumətinə. Onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu bildirib ki, Paşinyan Rusiya Prezidentindən sonra İran Prezidenti Məsud Pezeşkiana da zəng edərək İrəvan və Bakı arasında saziş bağlanması ilə bağlı danışıqların başa çatdığını bildirib: “Yəqin ki, digər bir neçə ölkənin də liderinə zəng edəcək. Bu zəngləri etməkdə məqsədi var. Paşinyan sülh sazişini qısa müddətdə imzalamaq istəyir. Azərbaycan rəsmiləri sülh sazişinin mətninin razılaşdırıldığını bildirsələr də, Ermənistan Konstitusiyasında dəyişiklik tələbini də səsləndirirlər. Paşinyan konstitusiya dəyişikliyini sülh sazişinin imzalanmasından sonraya saxlamağa çalışır. Rəsmi Bakı bununla razı deyil. Bu səbəbdən Paşinyan müxtəlif dövlət başçılarına zəng edib "sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayıb" deməklə rəsmi Bakının sülh sazişini imzalamaqdan başqa alternativinin qalmayacağınıı düşünür". Ekspertin fikrincə, əgər hər iki tərəf mətnin razılaşdırıldığını vurğulayırsa və müxtəlif ölkə liderləri əldə olunan razılaşmanı alqışlayırlarsa, sazişin imzalanması üçün heç bir əngəl qalmamalıdır: “Sülh sazişini imzalayıb Paşinyanın "Konstitusiya dəyişikliyini də həyata keçirəcəyik" vədinə inanmaq olarmı? Ermənistanda keçirilən son sorğular göstərir ki, ermənilərin əksəriyyəti konstitusiya dəyişikliyinin əleyhinədir. Digər tərəfdən, Paşinyanın reytinqinin aşağı düşdüyünü göstərən sorğular da var. Bu baxımdan konstitusiya dəyişikliyinin sonraya saxlanılmasının riskləri mövcuddur".
Bəs hansı mexanizmlərdən söhbət gedir? 17 bəndin ikisi artıq məlum (sərhəddə üçüncü qüvvənin yerləşdirilməməsi və beynəlxalq səviyyədə qarşılıqlı iddialardan imtina), bəs digər 15 bənddə nələr var? Bakının 5 prinsipi layihədə bütünlüklə əks olunubmu? Sənəd imzalananadək mediada dərc edilə bilərmi?
Aydın Quliyev
Siyasi ekspert Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Paşinyan hakimiyyəti 17 maddəlik sülh sazişini öz xoşu ilə və iradəvi olaraq təsdiqləməyib: “Ermənistan əslində müstəqil dövlət olmadığı üçün bu kimi prinsipial məsələlərlə bağlı kənar oyunçuların və müttəfiqlərin istəyi ilə qərar verir. İndi də heç şübhə yoxdur ki, Paşinyan uzun müddət müqavimət göstərdiyi sülh müqaviləsi layihəsinə birinci növbədə özünün qərbli müttəfiqləri, xüsusən də Fransanın icazəsi ilə razılıq verib. Bu da hazırda dəyişmiş beynəlxalq geosiyasi vəziyyətlə bağlıdır”.
Analitik qeyd etdi ki, Paşinyan sülh sazişinin son 2 maddəsini özbaşına qəbul etmədi: “Özbaşına olsaydı, əvvəlki inadını davam etdirərdi. Paşinyanı kim və nə dəyişdi ki, aylardan bəri müzakirəsi aparılan 17 maddəlik layihəni tam təsdiqlədi? Halbuki mübahisəli 2 maddənin hər biri haqqında Paşinyanın öz inkar arqumentləri var idi və aylarla mövqeyindən geri durmurdu. Paşinyan sərhədlərdə üçüncü qüvvənin yerləşdirilməsindən imtina etmək tələbini qəbul etmək istəmirdi. Deyirdi ki, onlar atəşkəsə nəzarət edir, onlar getsə "qan dizə çıxar". Odur ki, Azərbaycanla sərhədlərin delimitasiya olunmuş hissəsindən üçüncü qüvvələr çıxsın, qalan yerlərdə isə delimitasiya bitənə qədər qalsınlar. Ancaq baş nazir sonda qəbul etdi ki, üçüncü qüvvələr sərhədin bütün hissələrindən çıxarılsın".
A.Quliyev onu da qeyd etdi ki, Paşinyan hüquq müstəvisində bir-birinə qarşı iddialardan da imtina etmək istəmirdi: “Deyirdi dövlətlər miqyasında imtina edək, lakin fərdlər üçün fərdi qaydada hüquqi iddia imkanı saxlansın. Aşkar görünürdü ki, burada Paşinyan sırf daxili siyasi hədəflərə köklənib. Qorxurdu ki, vaxtilə Bakıdan, Sumqayıtdan, Qarabağdan aldadıb köçürdükləri ermənilər "sən bizi fərdi iddia qaldırmaq hüququndan məhrum edirsən" kimi ittihamlarla ona qarşı çıxa bilərlər. Azərbaycan hakimiyyəti üçün belə təhlükə yoxdur. Çünki Qarabağdan və Şərqi Zəngəzurdan olan məcburi köçkünlərimiz dövlətimizin himayəsi altında öz yurdlarına qayıdır, qaçqınlarımız isə “Qərbi Azərbaycana qayıdış” konsepsiyası əsasında öz yerlərinə nə vaxtsa qayıtmaq və itirdikləri mal-mülkə yenidən sahiblənmək şansına malikdir. Göründüyü kimi, Paşinyana daxildən böyük təpki riski olsa da, o, ikinci mübahisəli maddə ilə də razılaşdı. Halbuki bu da onun üçün çox çətin idi".
A.Quliyev əlavə etdi ki, baş nazirin bu qədər kəskinliklə mövqeyini dəyişməsinin iki əsas səbəbi var: “Birincisi, Azərbaycanın diplomatik-siyasi basqıları. İkincisi, dünyadakı geosiyasi güc nisbətlərində dəyişiklik meylləri. Həm də Ermənistan üçün əlverişli olmayan dəyişikliklərdən söhbət gedir. Baxın, Amerikanın Ermənistana dəstəyi zəifləyir, Amerika Ukraynada yumşaq kursa keçdiyi üçün Rusiya yavaş-yavaş özünə gəlir, Avropa Ermənistanı atmaq istəməsə də, əvvəlki fəallığı göstərə bilmir, çünki öz hayına qalmaq zorundadır. Bu vəziyyətdə Rusiya Paşinyana təzyiqləri bir qədər güclənmək imkanına malikdir. Avropadakı "müəllimlər" Paşinyana dərhal tövsiyə verdilər. Dedilər, eyni vaxtda həm Azərbaycanın, həm də Rusiyanın təzyiqi altında qalmaq sizin üçün əlverişli mövqe deyil və Azərbaycanla vəziyyəti qismən yumşaldaraq ikitərəfli zərbənin hədəfindən çıxmaq məsləhətdir. Eyni zamanda Avropadan Paşinyana xatırladılıb ki, Türkiyə ilə açılım sizin xeyrinizədir, Azərbaycansız bunu edə bilməzsiniz və Türkiyə üzərindən Avropaya çıxış imkanı almaqla Rusiyanın basqıları qarşısında qismən əlavə güc ala bilərsiniz".
O ki qaldı razılaşdırıldığı deyilən 17 bəndlik sülh müqaviləsi layihəsinin imzalanmadan ictimaiyyətə açıqlanıb-açıqlanmayacağı məsələsinə, A.Quliyevə görə, beynəlxalq praktikada imzalanmamış bu cür sənədlərin mətninin öncədən açıqlanmasına yol verilmir. Ekspert sonda qeyd etdi ki, Bakının irəli sürdüyü 5 prinsipin layihədə bütünlüklə əks olunduğunu söyləmək olar.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ