İnsanlara hürriyət, millətlərə istiqlal!

STM-də mühüm tədbir - erməni cinayətləri və...

Sosial Tədqiqatlar Mərkəzinin İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə layihəsi olan “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatıyla bağlı konfrans keçirilir.

Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə STM rəhbəri Zahid Oruc açıb.

“Sosial Tədqiqatlar Mərkəzində dövlət və hökumət, o cümlədən, Milli Məclisin dəyərli üzvlərini, elm adamlarını, 3-cü sektor və media təmsilçilərini səmimiyyətlə salamlayır, hər birinizə xoş gəlmisiniz deyirik. Mövzumuz “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi”nə həsr olunan, İnsan hüquqları üzrə Müvəkkil İnstitutu ilə birgə hazırlanan araşdırmanın təqdimatı olsa da, biz sizinlə sülhün, barışın, ünsiyyətin, birgəyaşayışın dilində danışacağıq.

8 noyabr Zəfəri ilə başlanan, 15 oktyabrla bütövləşən Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsinin 3-cü ildönümündə, ərazi bütövlüyünə qovuşan millətimizin qürur günlərində görüşürük. 200 ildən artıq davam edən düşmənçiliyin Xankəndidə ucaldılan üçrəngli bayrağımızla başa çatdığını deyənlər, haqlı olaraq, məğlub qüvvələrin sırasını yalnız silahlı qüvvələr, dövlət və siyasət adamları ilə deyil, daha çox mifologiyalar və proqramlar, onu canlı tutan mədəniyyətlər, ədəbiyyat və təhsil sistemlərinin də iflasa uğradığını göstərməklə Zəfərimizin daha ali və müqəddəs mahiyyətini nümayiş etdirirlər. Bizə yeni milli kimlik qazandıran, Azərbaycanı Zəfər ölkəsinə çevirən son 3 ilin salnaməsi təkcə torpaqlarımızın azadlığı və suverenliyi deyil, eləcə də xeyirxahlığın bədxahlıq, varlığın inkar, quruculuğun dağıdıcılıq, nizamın xaos, ünsiyyətin nifrət və nəhayət, barışın düşmənçilik üzərində qələbəsidir. Dünən bir əsrlik yaşını “Yer-Göy Cümhuriyyət” şüarı ilə qeyd edən Türkiyə Respublikasının qurucu atalarını ehtiramla anarkən, Ulu öndər Heydər Əliyevin 100 illiyində Azərbaycanın qazandığı Qurtuluşun da əbədi və dönməz olacağına dərindən inanırıq!

İctimai təqdimatı olan nifrət cinayətləri və nifrət nitqinin anlayışını verməyə çalışsaq, Avropa Şurasının tərifinə görə, “nifrət nitqi, dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, antisemitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır. Bir millətin digərindən üstünlüyünü iddia edən ari irq iddiasının - faşist ideologiyasının tərkib hissəsi kimi “nifrət nitqi” yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlanıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur. Xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir. Əks halda sual olunur: ”bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki?”

Göründüyü kimi, “nifrət nitqləri və cinayətləri” siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir. Gəlin, bir neçə gerçək nümunəyə baxaq.

Məsələn, on illər ərzində türk məfhumunu “düşmən” sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-birilə o dildə danışıblar. Əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat: ”mənə “türk nikol” deyirlər. Lakin mən bunu təhqir saymıram”. Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur.

Qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır.

Yaxud beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir”, açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur.

İşğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar - “döyüşməyi bacarmayan alverçilər, köçəri millət, “primitiv köçərilər”” və sair epitetlər daşlamış zehinlərin göstəricisi idi, çünki müharibə tam fərqli gerçəkliyi - 100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoydu. Yaxud Qarabağ komitəsinin üzvü İqor Muradyanın Tomas de Vaala müsahibəsində “Qarabağın azərbaycanlı sakinləri haqqında nə düşünürdünüz” sualına, “onların fikri və aqibəti heç kimi maraqlandırmırdı” cavabı Miatsum fəallarının antihumanist mahiyyətini, insan ləyaqətini hesaba almayan kimliklərini ortaya qoyur. 3-cü Reyx də milyonlara məhrumiyyət gətirən ideologiyanı oxşar tezislər üzərində qurmuşdu.

Nəhayət, milli kimliyimizi inkar edənlər, Azərbaycanı “koka-koladan cavan dövlət” təbliğatı aparanlar öz nifrətlərinə məğlub oldular.

Beləliklə, əsatirlərdən gerçək həyata, folklordan siyasətə və dərsliklərə qədər Azərbaycanın qorxunc obrazının tarixi, sosial-psixoloji köklərini asanlıqla yox etmək çətindir. Ermənistanın hərbi məğlubiyyətinin səbəbi döyüş meydanlarında qarşılarına fərqli kimliklərin çıxması idi. Əzmkarlıqla savaşan azərbaycanlı əsgər və 5-ci nəsil texnologiylarını idarə edən zabitlər, bütün sosial və siyasi ayrılıqları kənara qoyan vahid millət, ləyaqətli savaş nümunəsi yaradan Azərbaycan dövləti gerçək obrazı ilə düşmənin təsəvvürlərini dağıtdı.

Doğrudur, onlardan bir qismi əvvəlki xətti davam etdirərək, Azərbaycanda sosial şəbəkələr və bəzi çap materiallarında ermənilərə qarşı etnik-milli, dini əsaslı nifrət nümunələrini beynəlxalq qurumlara göndəriblər. Məqsəd birgəyaşayışa zərbə vurmaq, qonşu yox, əbədi düşmənçiliyi təbliğ etmək, “ekzistensialist təhdid” mifi ilə ikinci erməni dövlətinin yaradılmasına haqq qazandırmağa çalışırlar. Üstəlik, nifrət dilini bizə beynəlxalq təşkilatlar, avroparlamentarilər və qərbli məmurlar, lobbistlər və məhkəmə salonlarında hakimlər, vəkillər həyata keçirir. Lakin ölkəmizə qarşı informasiya və diplomatik yöndə nifrət savaşı aparanlar məğlub olacaqlar.

Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır. “İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası” ölkəmizlə bağlı dövri hesabatda qeyd edir ki, burada heç zaman irqi-milli, dini əsaslı cinayətlər olmayıb. Hətta 30 illik işğal dövründə, ermənilərə qarşı münasibətlə bağlı, “Azərbaycanda əhəmiyyətli tolerantlıq mövcuddur”.

Bəs nifrət dili ilə mübarizə necə olmalıdır?

Müasir dövrdə bir sıra ölkələrdə nifrət dilini məhdudlaşdıran qanunvericilik mövcuddur. Azərbaycanda ayrıca hüquqi akt olmasa da, nifrət cinayətlərinə aid əməllərlə ciddi mübarizə aparılır. Ölkəmizdə milli-dini-irqi ayrıseçkiliyə görə qanunverici əsaslar mövcuddur. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığını tanısa da, nifrət təhriki qadağan olunur. Habelə BMT çərçivəsində nifrət nitqinə qarşı qəbul edilən “Rabat Fəaliyyət Planı”nı da əhəmiyyətli hüquqi platformadır. Hər il 18 iyun - nifrət dili ilə mübarizə günüdür.

Ali Baş Komandan İlham Əliyev 15 oktyabr tarixində Xankəndidə bayrağımızı ucaldarkən ermənilərlə ayrıseçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənclərə ötürüb cəmiyyətləri sülhə hazırlamasından danışdı, “Füzuli günləri”ndə çıxış edərkən “biz Zəngəzura sülh yolu ilə qayıdacağıq” dedi, uzaq paytaxtlara səslənərək “regionumuzdan əlinizi çəkin” söyləməklə bütövlükdə Qafqazların lideri kimi bütün xalqlara sülh gətirməkdə maraqlı olduğunu nümayiş etdirdi.

Şübhəsiz, xalqımızın məruz qaldığı humanitar fəlakətlər milli düşüncədə və ictimai dildə bəzən sərt, qisasçı, qarşı tərəfi alçaldan ritorikanın da yer almasına səbəb olur. Yaşadıqlarını və yaralarını sarıyaraq, sülh erasına keçmək elə də asan deyil. İctimai həyatın bütün sferalarında nifrət hekayələri bəsləyənlər, onu tirajlayanlar sərhədsiz olaraq, elmdə, təhsildə, mədəniyyətdə, sosial və yazılı mediada belə nifrət kültürü yaymaqla, başqasının demonizasiyasına nail olmaqla Ramazan Abtullatipovun dediyi - Qafqazda bir güllə atırsan, 100 il gedir, sözlərini doğrultmağa çalışırlar.

Halbuki dövlətimizin ordusu qədər, sülh siyasəti də güclüdür. Ona görə də barış kursunu sülh ritorikası müşayiət etməli, tarixi yaddaşı qorumaqla bərabər, sülh mesajlarına, keçmişin Zəfərimizin işğında yeni şərhinə ehtiyacı var. Post-münaqişə dövrü Qələbəmizin erməni xalqı deyil, faşizm, təcavükarlıq, işğal və separatizm üzərində qazanıldığını bəyan etməklə regionda sülh savaşını da qazana bilərik. Qonşuluq, coğrafiya taledir və əbədi düşmənçilik dünyanı özü boyda Qəzzaya çevirər.

Ona görə də hər iki dövlətin tanınmış siyasətçiləri, intellektualları, ədibləri, sənət adamları, din xadimlərinin ortaq tədbirləri vasitəsilə cəmiyyətlərarası dialoqu genişləndirmək gərəkdir. Belə platformalarda fəaliyyət göstərən və ortaq müzakirələr aparan ekspertlərin sıralarının genişlənməsi nifrət leksikonunu barış nitqləri ilə əvəz etməyə imkan verər. Hökumət və sivil qurumlar da belə debat və dialoq meydanına şərait yaradarsa, hamının faydasına olar.

Bəli, Prezident İlham Əliyevin ən böyük qələbəsi Qafqazlarda axan əbədi qanı durdurması, bölgəmizə dincliyi, əmin-amanlığı, mübadiləni, açılımı, bütövlüyü gətirməsi, bir sözlə, nifrətə son qoymasıdır. Prezidentin missiyası müqəddəsdir! Diqqətinizə görə təşəkkür edirik”, - Z.Oruc bildirib.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək, bu gün də Ermənistanda nifrət əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib.

Elnur Məmmədov Ermənistan tərəfinin beynəlxalq məhkəmələrin qərarlarına da hörmət etmədiyini qeyd edib.

Baş prokurorun müavini Elmar Camalov da geniş çıxış edərək, erməni cinayətlərindən danışıb, bu cinayətlərin ifşa olunması üçün təmsil etdiyi qurumun müstəqillik illərində, həmçinin bu gün də gördüyü işlərdən söz açıb.

Elm və təhsil nazirinin müavini Mətin Kərimli də geniş şəkildə hesab xarakterli çıxış edib.

Deputat Tahir Kərimli isə çıxışına bu sualla başlayıb:

“Onları bağışlamaq olarmı? Heç zaman keçmişimizi unutmayaq. Cəmiyyətə hər zaman ermənilərin törətdikləri vəhşilikləri aşılamalıyıq”.

Hüquq müdafiəçisi Çingiz Qənizadə çox vacib məqamlara toxunub: “Ritorikamıza diqqət etməliyik. Xüsusilə, telekanallarda və mətbuatdakı çıxışlarımızda. Bilirsiniz ki, beynəlxalq aləmdə bizə qarşı həm də informasiya savaşı aparırlar, ikili standartlardan çıxış edilir. Bunu hər zaman nəzərə almalıyıq”.

Mill Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı: “Biz heç vaxt nifrət nitqi ilə yaşamamışıq. Qarşıdakı dönəmdə Paşinyan hakimiyyəti nifrət nitqindən imtina etməlidir. Bu, ancaq onların xeyrinə olar”.

Tədbir digər çıxışlarla davam edib.

CAVAN.jpeg (132 KB)

Sonda Zahid Oruc çıxış edərək, iştiraklarına görə tədbir iştirakçılarına, media nümayəndələrinə öz təşəkkürünü çatdırıb.

Cavanşir Abbaslı
Musavat.com

CAVAN 1.jpeg (206 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR