Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün Vaşinqtona gəlib.
Maraqlıdır ki, Fransa prezidenti Emmanuel Makrondan fərqli olaraq, Starmer Ağ Evin eyvanında mətbuat katibi tərəfindən qarşılanmayıb, əksinə, Tramp onu şəxsən qəbul edib. Bu, iki lider arasındakı fərqli münasibətlərin göstəricisi kimi qiymətləndirilir.
Starmer Ukrayna münaqişəsi ilə bağlı danışıqlar prosesinə start verdiyi üçün Trampa təşəkkür edib.
“Əgər bunu əldə etsək, razılaşma çox vacib olacaq. Düşünmürəm ki, siz özünüz bunun üçün imkan yaratmasaydınız, bu, baş verə bilərdi”, – deyə Britaniya baş naziri bildirib.
Lakin analitiklərin fikrincə, Starmerin əsas məqsədi Trampı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlardan çəkindirməkdir. Onlar hesab edirlər ki, Britaniya lideri Avropa ölkələrindən təhlükəsizlik zəmanəti almaq müqabilində Trampı Ukrayna ilə bağlı güzəştlərdən yayındırmağa çalışacaq.
Bu səfər, həmçinin Trampın Avropa ilə münasibətlərinin Makron və Starmer kontekstində necə formalaşacağına dair mühüm bir siqnal kimi dəyərləndirilir. Britaniyanın yeni baş naziri ABŞ və Avropa arasında balansı qorumaq üçün Trampı Putindən uzaqlaşdırmağı bacaracaqmı? Bu, yaxın günlərdə daha aydın görünəcək.
Keir Starmerin bir missiyası da Trampı Böyük Britaniyaya qarşı planlaşdırılan gömrük rüsumlarını tətbiq etməməyə razı salmaqdır. Lakin görüşdən sonra Tramp jurnalistlərə verdiyi açıqlamada Starmerin cəhdlərinin nəticəsiz qaldığını, ancaq danışıqların davam edəcəyini bildirib:
“O, çalışdı. Həqiqətən çox əziyyət çəkdi, maaşını tam qazandı. Bu iki böyük və dost ölkə arasında real ticarət sazişi imzalamaq üçün çox yaxşı şans var. Belə olarsa, gömrük rüsumlarına ehtiyac qalmayacaq. Baxarıq”, – deyə Tramp Reuters-ə müsahibəsində qeyd edib.
Bu açıqlama onu göstərir ki, Vaşinqton və London arasında ticarət münasibətləri hələ də qeyri-müəyyən olaraq qalır və Starmerin əsas məsələlərdə Trampı razı salması çətin olacaq.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ