Onlayn ictimai-siyasi qəzet
“Standard ənd Purz” (Standard and Poor’s) beynəlxalq kredit reytinq agentliyi Azərbaycan üzrə nəşr etdiyi hesabatda ölkənin xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini sabit proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib.
S&P-nin yaydığı məlumata görə, “sabit” proqnoz neft hasilatının proqnozlaşdırılan ortamüddətli azalmasına baxmayaraq, gələn il əlverişli karbohidrogen qiymətlərinin Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyəcəyi ilə bağlı gözləntiləri əks etdirir: “Azərbaycan gözlədiyimizdən daha uzun müddət ərzində daha yüksək xarici profisit saxlayarsa, bu, xarici aktivlərin əhəmiyyətli dərəcədə əlavə yığılmasına səbəb olarsa, biz yüksəlişi nəzərdən keçirə bilərik. Hökumət bəzi struktur maneələri, o cümlədən iqtisadiyyatın və pul siyasətinin effektivliyinə dair məhdudiyyətləri aradan qaldırmaq üçün islahatlar keçirsə, reytinqlər də yüksələ bilər”.
Agentliyin analitiklərinin fikrincə, Azərbaycanın güclü fiskal və xarici səhm mövqeləri suveren reytinqlər üçün əsas dəstəkdir: “Hökumət əsasən Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) əhəmiyyətli likvid aktivlər toplayıb. Bizim proqnozlarımıza görə, hökumətin 2026-cı ilə qədər ÜDM-in təxminən 55 faizi həcmində likvid aktivlərə və ümumi hökumətə çıxış imkanı olacaq borc ÜDM-in 2022-ci ilin sonunda təxmin edilən 19 faizindən 2026-cı ilə qədər tədricən ÜDM-in 17 faizinə düşəcək. Mövcud güclü inventar mövqeyinə əlavə olaraq, əlverişli neft qiymətləri də Azərbaycanın fiskal və tədiyə balansının icrasına dəstək verməlidir”.
Agentliyə görə, bu il Azərbaycanın nominal ÜDM-i 77 milyard dollar (2022-ci ildə 79 milyard dollar olub), 2024-cü ildə 81 milyard dollar, 2025-ci ildə 84 milyard dollar, 2026-cı ildə 87 milyard dollar təşkil edəcək.
Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb: “Biz Azərbaycanın real ÜDM-nin 2023-cü ildə durğunlaşacağını proqnozlaşdırırıq ki, bu da əvvəlki dekabr 2022-ci il proqnozumuza uyğundur. 2023-cü ildə qeyri-neft sektoru böyüməyə davam etsə və qaz hasilatında müəyyən artım olsa da, neft hasilatının aşağı salınması bir maneə olacaq. Neft hasilatının azalması ortamüddətli perspektivdə artıma təsir göstərməyə davam edəcək və biz 2024-2026-cı illər ərzində orta real artımın 1,4 faiz olacağını proqnozlaşdırırıq”.
Agentlik ekspertləri 2023-cü ildə Azərbaycanda inflyasiyanın 12 faiz, 2024-cü ildə 6 faiz, 2025-ci ildə 5 faiz, 2026-cı ildə 3,5 faiz təşkil edəcəyini gözləyirlər.
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2023-cü ildə ÜDM-in 17,8 faizi, 2024-cü ildə 15,6 faizi, 2025-ci ildə 14,4 faizi, 2026-cı ildə isə 13,3 faizi həcmində olacaq.
S&P 2023-cü ildə Azərbaycanın xarici ticarət profisitinin ÜDM-in 27 faizi, 2024-cü ildə 24,9 faizi, 2025-ci ildə 23,6 faizi, 2026-cı ildə isə 22,5 faizi həcmində olacağını proqnozlaşdırır.
Bundan əlavə, agentliyin hesablamalarına əsasən, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2027-ci ilədək 12,608 milyard dollara qədər artacaq.
Maraqlıdır ki, Azərbaycan Maliyyə Nazirliyi S&P-un qərarı ilə razı deyil. Nazirliyin yaydığı açıqlamada qeyd olunur ki, agentlik Azərbaycanın kredit reytinqinin müəyyən edilməsi zamanı bir sıra müsbət nailiyyətlərin əldə olunduğunu qeyd edib: “Bu nailiyyətlərdən biri kimi neft hasilatının qismən azalmasına baxmayaraq, növbəti illər ərzində neft-qaz qiymətlərinin Azərbaycanın fiskal və tədiyyə balansının müsbət səviyyəsini dəstəkləyəcəyi göstərilib.
Bununla yanaşı, hesabatda Azərbaycan Dövlət Neft Fondunun xarici valyutada ehtiyatlarının artdığı, habelə eyni suveren reytinqə malik olan ölkələrlə müqayisədə ölkəmizin aşağı səviyyədə olan xarici dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin ortamüddətli perspektivdə daha da azalacağı göstərilməklə, Azərbaycanın yüksək xarici valyuta ehtiyat mövqeyinin suveren reytinq üçün əsas dəstəkçi olduğu qeyd edilib.
Reytinq agentliyinin hesabatında həmçinin Azərbaycanın qeyri-neft sektorunun 2022-ci ildə 9 faiz artdığı və bu artımın növbəti illərdə də davam edəcəyi bildirilib. Qeyd edilənlərlə yanaşı, hesabatda Azərbaycanla Ermənistan arasında olan uzunmüddətli münaqişənin 2020-ci ildə başa çataraq ölkəmizin səyləri nəticəsində tərəflərin sülh müqaviləsinin bağlanmasına yaxınlaşması müsbət hal kimi vurğulanır.
Bu fonda Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Standard ənd Purz” agentliyinin dərc etdiyi hesabatda ölkənin reytinqi üzrə proqnoz göstəricinin belə “sabit”dən “müsbət”ə dəyişdirilməməsini böyük təəccüblə qarşılayır və agentlik tərəfindən ölkəmizin reytinqlərinə xəsislik nümayiş etdirildiyi fikrindədir".
Xatırladaq ki, bundan əvvəl “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) “BB+” səviyyəsində, proqnozu müsbət olaraq təsdiqləyib. Bu qiymətləndirməyə səbəb Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren rifah fondunun iri aktivləri hesabına yüksək maliyyə çevikliyinin mövcudluğudur.
Agentlik ölkə iqtisadiyyatının karbohidrogen sektorundan yüksək asılılığının davam etməsini; bank sisteminin dollarlaşma səviyyəsinin yüksək olmasını; iqtisadi siyasətin proqnozlaşdırılma səviyyəsinin qənaətbəxş olmadığını; Ermənistanla münaqişə riskinin olduğunu əsas risklər hesab edir.
“Fitch”in qiymətləndirmələrinə görə, yüksək neft və qaz qiymətləri Azərbaycanın suveren balansını daha da gücləndirir. “2022-ci ilin sonuna Azərbaycanın strateji ehtiyatları 58 milyard dollar səviyyəsində qiymətləndirilir. Bunun 85 faizini Dövlət Neft Fondunun aktivləri təşkil edir. Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illərdə 14,9 faiz bəndi - ÜDM-in 68,7 faizinə qədər artacağını proqnozlaşdırırıq ki, bu da müqayisə olunan ölkələr qrupunda ən yüksək göstəricidir”.
“S&P”, "Fitch" kimi agentliklərin reytinq qiymətləndirmələri ölkələr üçün nə deməkdir? Azərbaycanın reytinqinin “sabit”dən “müsbət”ə dəyişməsi ölkə üçün hansı dividentlər gətirəcəkdi? Nəhayət, “S&P” qiymətləndirməsində nə qədər obyektivdir?
Sualları cavablandıran iqtisadçı-ekspert Elman Sadıqov bildirir ki, adətən reytinq agentliklərinin ekspertləri ilə onların qiymətləndirdikləri ölkələr, qurumların nümayəndələrinin fikirləri kəskin fərqli olur: “Adətən reytinq almaq istəyən ölkə və qurumların nümayəndələri daha optimist olurlar. Agentliklər belə qiymətləndirmələri apararkən yalnız mövcud vəziyyəti deyil, keçilmiş təcrübəni, gələcək trendləri də nəzərə alırlar. İkincisi, bir var reytinq verilməsi, bir də var "stabil", “pozitiv” və “neqativ” mövqelərindən birinin verilməsi. Reytinq agentlikləri reytinqlə yanaşı, belə mövqeləri də verirlər. “Stabil” o deməkdir ki, növbəti dəfə qiymətləndirmədə ölkə və ya şirkətin reytinqi böyük ehtimalla sabit qalacaq, “pozitiv” o deməkdir ki, artacaq, “neqativ” o deməkdir ki, azalacaq. Azərbaycanla bağlı verilən mövqe o deməkdir ki, növbəti qiymətləndirmədə reytinqin artma ehtimalı aşağıdır, amma sabit qala bilər. Maliyyə Nazirliyi bu mövqe ilə razı deyil, bunun üçün müəyyən əsasları qeyd edir: neftin qiyməti yüksək olaraq qalacaq, ölkə büdcəsi artacaq, valyuta ehtiyatları artır, dövlət borcu ÜDM-in 10 faizindən aşağıdır, ölkədə iqtisadi-siyasi sabitlikdir və sair"...
Ekspertin sözlərinə görə, reytinqə təsir göstərən çoxsaylı amillər var: “Bu amillərin sırasında iqtisadiyyata birbaşa xarici investisiyaların cəlbi, investisiyaların repartriasiyası və sair də var. Agentliklərin verdiyi BBB+ reytinqi hər hansı ölkəyə investisiya qoymağa çağırış kimi qiymətləndirilir. Ondan aşağı reytinqlər investisiyalar üçün müəyyən risklərin olduğunu göstərir. Reytinqin yüksək olması həmin ölkənin daha rahat şəkildə, daha ucuz şərtlərlə borclanmasına imkan yaradır. Azərbaycanın hazırkı BB+/B reytinqi müsbət qiymətləndirmə hesab olunur. Lakin ən yüksək səviyyə olmadığı üçün investorların cəlbində müəyyən çətinliklər yarada bilir”.
E.Sadıqov qeyd edir ki, reytinq şirkətləri Azərbaycan üzrə qiymətləndirmə zamanı ölkə iqtisadiyyatının neft gəlirlərindən asılılıq amilini mütləq nəzərə alırlar: “Ölkəmiz neftə konsentrasiya olunub. Hansısa ölkənin gəlirləri 1-2 əmtəəyə konsentrasiya olunursa, bu, yüksək risk kimi qiymətləndirilir. Və həmin əmtəələrin bazarlarındakı proseslər, volatillik də nəzərə alınır qiymətləndirmə zamanı. Bu gün Azərbaycanda qeyri-neft sektoru deyə təqdim olunan gəlirlərdə belə dolayı yolla neft sektorunun payı var. Məsələn, bir sıra ixrac məhsulları var ki, neft-qaz sektorunun xammalı ilə istehsal olunur. Bu isə o deməkdir ki, reytinq agentlikləri neft-qaz bazarındakı meylləri, prosesləri, ölkənin hasilat imkanlarını da nəzərə alırlar. Yəni son aylarda neft qiymətlərinə dair beynəlxalq analitik mərkəzlərin proqnozlarında azalmanın qeydə alınması, üstəlik, Azərbaycanın neft hasilatının düşməsi, qaz qiymətlərinin kəskin ucuzlaşması kimi faktorlar mütləq nəzərə alınır. Agentliklər hesab edirlər ki, bundan sonra neft qiymətlərində əvvəlki kəskin artımlar olmayacaq, bu isə o deməkdir ki, Azərbaycanın gəlirlərində artım da olmayacaq. Bundan əlavə, inflyasiya amili də nəzərə alınmalıdır. Ölkədə istehlak qiymətlərinin artım səviyyəsi yüksəkdir, onun azalması ehtimalı var, amma görünür, bununla bağlı reytinq şirkətlərinin gözləntiləri çox da pozitiv deyil.
Bilirsiniz, reytinq agentliklərinin ekspertlərinin məsuliyyəti çox böyük, proqnozlarda yanılma limiti həddən artıq məhdud olur. Buna görə də qiymətləndirmə hesabatı hazırlayarkən reytinqə təsir edən bütün amilləri dərindən öyrənir və daha sonra qiymətləndirmə aparırlar".
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ