Onlayn ictimai-siyasi qəzet
Stalin onun peşəkarlığını, iş məhsuldarlığını yüksək qiymətləndirib. Elə sonrakı baş katiblər də Aleksandr Yejevski haqqında yüksək fikirdə olublar. Hansı vəzifədə işləməsindən asılı olmayaraq Yejevski öz göstəriciləri ilə həmişə diqqət çəkib və o, öz sahəsinin ən güclü mütəxəssislərindən biri sayılıb.
1915-ci ildə İrkutsk vilayətinin Tulun şəhərində anadan olan Yejevski orta təhsilini başa vurduqdan sonra ilk əmək fəaliyyətinə İrkutsk Maşınqayırma Zavodunda çilingər kimi başlayıb. Daha sonra o, İrkutsk Metallurgiya İnstitutunda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra İrkutsk Kənd Təsərrüfatı İnstitutunda laborant, müəllim, baş müəllim vəzifəsində işləyib.
Sonrakı fəaliyyətini istehsalata bağlayan Yejevski İrkutskda Maşınqayırma və Avtomobil Təmiri Zavodlarında baş mühəndis və direktor vəzifələrində çalışıb.
Sovet-alman müharibəsi başlananda Yejevski könüllü olaraq müharibəyə getmək üçün hərbi komissarlığa müraciət edib. İrkuts vilayət Partiya Komitəsinin rəhbərliyi onu mütəxəssis kimi zavodda saxlayıb. Həmin dövrdə Yejevskinin işlədiyi zavod hərbi təyinatlı məhsullar buraxıb.
1950-ci illərin sonunda Yejevski ölkənin əsas traktor istehsal edən zavodlarının birinə, Altay Traktor Zavoduna direktor təyin edilib.
Vəzifə yükünün ağırlığını da elə ilk dəfə 1951-ci ildə, Altay Traktor Zavodunun direktoru işləyəndə hiss edib. Yejevski həmin günü öz xatirələrində aşağıdakı kimi xatırlayıb:
“Həmin vaxt mənim 36 yaşım var idi. Altay diyarında, Rubtsovsk şəhərindəki traktor zavodunun direktoru işləyirdim. Moskva ilə aramızda 4 saat zaman fərqi var idi. Günlərin birində gecə saat 12-dən sonra evə telefon zəngi gəldi. Həm yaşadığım evə, həm də iş yerimə hökumət telefonu (VÇ) çəkilmişdi. Bu telefona gələn zənglərin “vacib”liyini yaxşı anlayırdım. Amma gecədən xeyli keçmiş gələn bu zəng məni daha çox narahat etdi. Dəstəyi qaldırdım. Xəttin o başından Stalinin köməkçisi Poskrebışev özünü təqdim etdi və bildirdi ki, dəstəkdə gözləyim, Stalin mənimlə danışacaq. Qeyri-ixtiyari olaraq ayağa qalxdım. Bir neçə dəqiqədən sonra Stalinin ağır səsi eşidildi. O, salamlaşdıqdan sonra birbaşa mətləbə keçdi, özü də çox qısa şəkildə:
Stalin bunları dedi və dəstəyi asdı. Mən tez iş dəftərçəmi açıb Qazaxstana ayrılacaq traktorların sayına baxdım. Böyük rəqəm idi – 500 traktor. İstismara hazır olan traktorlarımız var idi, amma onların sayı çox deyildi. Biz iki gün ərzində tapşırığı yerinə yetirməli idik. Elə gecə ikən zovodun dispetçerinə zəng vurub bütün kişi işçiləri işə çağırmaq barədə göstəriş verdim, özüm də zavoda getdim. Hamı yığışdı, mən elan etdim ki, iki gün fasiləsiz işləyəcəksiniz, biz Stalinin tapşırığını yerinə yetirməliyik. Səhər tezdən zavodun qadın işçiləri işə gələndə mən onların bir qismini evə göndərdim, tapşırıq verdim ki, şəhərin ərzaq anbarından ərzaq məhsulları ayrılacaq, onları götürüb evdə yemək hazırlasınlar və zavoda gətirsinlər. İki gün qızğın iş getdi, biz 500 ədəd traktoru Qazaxstana göndərdik. Təxminən eyni vaxtda, Stalinin mənə zəng etdiyi gecə saatlarında Kremlə zəng vurdum, Poskrebışevlə danışdım:
Gecə saat 4-5 olardı ki, telefona zəng gəldi. Düşündüm ki, Stalinin növbəti tapşırığı olacaq. Zəng vuran Poskrebışev idi:
Bir neçə aydan sonra mən Moskvada, Mərkəzi Komitədə kənd təsərrüfatı işçiləri ilə keçirilən müşavirədə iştirak edəndə Stalin mənim adımı xüsusi vurğuladı və qeyd etdi ki, Mərkəzi Komitənin mənim haqqımda təşəbbüsü var. Yeni vəzifəyə təyinatla bağlı idi bu təşəbbüs. Amma Stalinin ömrü buna çatmadı...”
1955-ci ildən Yejevski fəaliyyətini SSRİ Kənd Təssərrüfatı və Traktor Maşınqayırma Nazirliyində (nazirliyin adı bir neçə dəfə dəyişdirilib) davam etdirib. O, bu nazirlikdə uzun illər baş idarə rəisi, nazir müavini vəzifələrini tutub.
Yejevski öz xatirələrində birinci şəxslərlə münasibətlərinə də yer ayırıb:
“Nikita Xruşovla bir neçə dəfə səfərdə olmuşam. O, hərtərəfli savadlı adam olmasa da təşkilatçılıq məsələsində mükəmməl idi. Biz SSRİ-nin ayrı-ayrı bölgələrində olarkən, yerlərdə kənd təssərüfatı texnikalarının müzakirəsi aparılanda Xruşov elə yerindəcə problemləri aradan qaldırmaq üçün göstəriş verirdi. Bir məsələ də var ki, Xruşov bütün məsələləri öz düşündüyü kimi həll edirdi. Müvafiq sahənin mütəxəssislərinin fikri onu çox da maraqlandırmırdı. Bu da əksər vaxtlarda mübahisəyə səbəb olurdu. Belə məsələlərdə Brejnev daha rahat adam idi. O, əvvəlcə mütəxəssislərin rəyini dinləyirdi, dəfələrlə götür-qoy edirdi, sonra qərar verirdi. Andropov və Çernenkonun qısa müddətli baş katibliyi dövründə bizim sahə ilə Mərkəzi Komitənin müvafiq şöbələri məşğul oludular. Biz hesabatlarımızı, planlarımızı onlarla müzakirə edib ümumi nəticəyə gəlirdik. Hər iki baş katibi yalnız plenumlarda görürdük. Bütövlükdə, SSRİ-nin iqtisadiyyat sahəsində ən bacarıqlı, ən savadlı adam Kosıgin idi. O, həm də çox ziyalı, insanpərvər, məmurları sona qədər təmkinlə dinləməyi bacaran, problemlərin kökünün haradan gəldiyini bilən və onların həll yollarını tapan bir şəxsiyyət idi. Onun vəzifədən getməyi SSRİ üçün, xüsusilə ölkənin iqtisadiyyatı üçün böyük zərbə idi...”
1980-ci ildə Yejevski Leonid Brejnevin təşəbbüsü ilə SSRİ kənd təssərrüfatı və traktor maşınqayırma naziri təyin edilib. Nazir olduğu 8 il müddətdə o, ən yüksək dövlət mükafatları, o cümlədən Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif edilib.
Mixail Qorbaçov isə Yejevskini öz komandasında görmək istəməyib. 1988-ci ildə nazir Kremlə dəvət olunub. Qorbaçov fikrini ona açıq bildirib:
Yejevski sonrakı fəaliyyətini ayrı-ayrı elmi müəssislərdə, tədqiqat institutlarında müşavir və məsləhətçi kimi davam etdirib. Sabiq nazir 2017-ci ildə, 101 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ