Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən qədim türmələrindən biri sayılan Vladimir həbsxanası (Владимирский централ) II Yekaterinanın əmri ilə 1783-cü ildə inşa edilib.
Həmin dövrdə azadlıqdan məhrum olunanlar əsasən Sibir türmələrinə göndərilib. Ancaq bir çox hallarda məhbusların Sibirə göndərilməsində ləngimələr və problemlər yaranıb. Vladimir həbsxanası da məhz bu ləngiləmlər zamanı məhbusların müvəqqəti saxlanılması üçün nəzərdə tutulub. Türmənin inşasına iki il vaxt sərf edilib.
Zaman-zaman türmədə yeni korpuslar, yardımçı otaqlar, anbarlar tikilib və Vladimir həbsxanası ən böyük cəzaçəkmə müəssisələrindən birinə çevrilib. Həbsxananın ilk arxitektoru Nikolay Berq olub. Birinci korpus onun layihəsi əsasında tikilib. 1846-cı ildə ikinci korpus inşa edilib. 1870-ci ildə tikilən korpus isə siyasi məhbuslar üçün nəzərdə tutulub. 1893-cü ildə amerikalı mühəndislərin layihəsi əsasında daha bir korpus tikilib ki, bu korpusun daxilindəki mürəkkəb dəhliz-labirintlər məhbusların qaçmaq cəhdini və ümumiyyətlə, hərəkətini tam məhdudlaşdırıb.
Əvvəllər müvəqqəti saxlama təcridxanası kimi fəaliyyət göstərsə də, 1902-ci ildən həbsxana uzun müddətli cəzaların çəkilməsi üçün yeni statusa malik olub. Sovet hakimiyyəti qurulduqdan sonra isə müəssisə xüsusi təyinatlı həbsxanaya çevrilib. 1920-ci ildən başlayaraq bu həbsxanada əsasən siyasi məhbuslar saxlanılıb.
Sovet dövründə Vladimir həbsxanası “NKVD”-nin tabeliyinə verilib. 1937-ci ildə “NKVD” rəhbəri Nikolay Yejov türmənin ərazisində daha bir üçmərtəbəli korpus inşa etdirib.
1950-ci illərdə Vladimir həbsxanası daha da “populyarlaşıb”. Həmin ildən başlayaraq qanuni oğrular məhz Vladimir türməsində saxlanılıb. 30-40 il ərzində yüzlərlə “qanuni oğru”nun yolu bu həbsxanadan keçib.
Həbsxanadan dəfələrlə qaçmağa cəhdlər edilib. Ancaq bir dəfə də olsun Vladimir türməsindən qurtulmağa heç kim nail ola bilməyib.
Sovet dövründə Vladimir türməsi SSRİ-nin bir çox məşhurlarına, tanınmış simalarına öz qapılarını taybatay açıb. SSRİ Hərbi İnqilabi Sovetinin sədri Mixail Frunze, Litvanın xarici işlər naziri (1938-1940) Yuozas Urbşis, dövlət təhlükəsizliyi general-mayoru Naum Eytinqon, SSRİ-nin ən tanınmış çekistlərindən biri olan general-leytenant Pavel Sudoplatov, məşhur balerina Zoya Fyodorova, tanınmış müğənni Lidiya Ruslanova, Stalinin həyat yoldaşının doğmaları Yevgeniya və Anna Alliluyevalar, Stalinin oğlu Vasili Stalin, ona qədər Vermaxt generalları uzun müddət Vladimir həbsxanasının məxfi nömrələri altında saxlanılan mhbusları olublar.
Vladimir türməsi təkcə sərt rejim qaydaları, dözülməz işgəncələri, tanınmış “sakin”ləri ilə deyil, həm də şansonlar müəllifi və ifaçısı Mixail Kruqun mahnısı ilə də məşhurlaşıb. Mixail Kruq bu həbsxanada heç vaxt cəza çəkməyib. O, türmənin adı ilə bağlı mahnını yaxın dostu, Saşa Sever adı ilə tanınan “qanuni oğru” Aleksandr Severnıya həsr edib.
SSRİ-nin süqutundan sonra Vladimir həbsxanasındakı məhbusların bölgüsü başlanıb. Onlar doğum və fəaliyyət yerlərinə müvafiq olaraq keçmiş müttəfiq respublikalara köçürülüblər. Bununla da həbsxanada qismən “yüngülləşmə” yaranıb.
Hazırda Vladimir həbsxanası ciddi rejimli həbsxana kimi fəaliyyətini davam etdirir. Türmədə əsasən azadlıqdan ömürlük məhrum edilənlər və ağır cinayət törədənlər saxlanılır. Bugünkü vəziyyətinə görə türmə 1220 məhbusun saxlanılması üçün nəzərdə tutulub.
Sovet hakimiyyəti qurulandan bu günə qədər Vladimir həbsxanasına iyirmi nəfər rəhbərlik edib. Hər yeni gələn rəis mövcud qanunvericilikdə nəzərdə tutulan qanunlardan savayı, həbsxanada öz qanunlarını da tətbiq edib. Məsələn, Jan Duppor 1937-ci ildə Vladimir həbsxanasına rəis təyin ediləndə türmənin ərazisində dörd kamera tikdirib. Bu kameralarda məhbuslara işgəncələr verilib. 1940-cı illərin sonunda rəis təyin olunan Mixail Juravlyov özünə daha bir yardımçı kabinet yaradaraq orada xüsusi işgəncələr alətləri saxlayıb. Vladimir həbsxanasında bu kimi faktlara çox rast gəlmək olar.
Fəaliyyət göstərdiyi illər ərzində Vladimir türməsində məhbuslar dəfələrlə etiraz əlaməti olaraq qiyama qalxıblar. Hər dəfə bu qiyamlar xüsusi təyinatlıların müdaxiləsi ilə yatırılıb.
Vladimir türməsində Rusiyanın digər cəzaçəkmə müəssisələrindən fərqli olaraq təminat daha yaxşı olub. Amma bunu da gizli saxlayıblar. Çünki digər həbsxanalarda təminatın yaxşılaşması üçün məhbusların qiyama qalxması ehtimalı yaranıb.
Vladimir türməsində xüsusilə xəstə məhbuslara həssaslıqla yanaşıblar. Onların qida rasionuna xüsusi diqqət göstərilib. Belə ki, bu məsələdə həbsxana rəhbərliyi yuxarı orqanlardan heç nə tələb etməyib. Türmə ərazisində yaradılmış yardımçı təsərrüfatdan kifayət qədər məhsul əldə edilib ki, bu da məhbuslara paylanılıb. Həmin təsərrüfatda məhbusların özləri işləyiblər. Bu baxımdan “Suxanovka”, “Butırka” kimi həbsxanalarda cəza çəkənlər Vladimir türməsinə köçürülməsi üçün cəhdlər ediblər.
Bu gün Vladimir tüməsində kiçik bir muzey də yaradılıb. Turistlər bu muzeyi çox maraqla ziyarət edirlər. Muzeydə tanınmış məhbusların cəza illəri haqqında maraqlı məlumatlar, onların türmədə istifadə etdiyi əşyalar yer alıb.
İlham Cəmiloğlu, Musavat.com
13 Noyabr 2024
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ