İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-yə qələbə qazandıran komitə - Stalinin təklifləri həlledici, sözü ötkəm olub

1945-ci ilin sentyabrın 6-da İosif Stalinin şəxsi katibi Poskrebışev Siyasi Büronun üzvlərinə zəng vuraraq saat 16-da büro iclasının keçiriləcəyi haqqında onlara məlumat verir. Büro üzvləri tam heyətlə təyin olunmuş vaxtda Stalinin kabinetinə yığışırlar. Stalin iclasa kiçik bir girişlə başlayır:

- Bu gün Dövlət Müdafiə Komitəsinin iclası deyil, Siyasi Büronun toplantısıdır. Müharibə illərində biz büro iclaslarını az keçirdik, tam heyətlə yığışa bilmədik. Bu gündən əvvəlki rejimə keçirik.

Vyaçeslav Molotov Stalinin girişinə müdaxilə edir:

- İosif Vissarionoviç, Dövlət Müdafiə Komitəsi öz missiyyasına qələbə ilə sona çatdırıb.
Məhz həmin iclasdan iki gün əvvəl, 4 sentyabr 1945-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə hərbi əməliyyatların başa çatması ilə əlaqədar Dövlət Müdafiə Komitəsi orqan kimi ləğv edilib.

Er00HozMyrI.jpg (87 KB)

Müharibə illərində Dövlət Müdafiə Komitəsi SSRİ-nin ən səlahiyyətli orqanı olub. Komitə 30 iyun 1941-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. Əvvəlcə komitəyə beş nəfər daxil edilib, İosif Stalin – sədr, Vyaçeslav Molotov – sədr müavini, Kliment Voroşilov, Georgi Malenkov, Lavrenti Beriya – üzvlər. Sonralar komitəyə Nikolay Voznesenski, Anastas Mikoyan, Lazar Kaqanoviç, Nikolay Bulqanin də üzv seçiliblər. 1944-cü ildə Beriya sədr müavini təyin edilib.

Komitə komissarlıqlar (nazirliklər), komitələr, onların tabeliyində olan idarə və müəssisələr, partiya, həmkarlar, komsomol orqanları üzərində tam nəzarət səlahiyyətinə, onlara rəsmi əmr və göstəriş vermək hüququna malik olub.

22 oktyabr 1941-ci ildə komitənin 830 nömrəli əmri ilə diyar, vilayət və şəhərlərdə bu orqanın yerli idarələri yaradılıb və bu qurumlar da mərkəzdə olduğu kimi öz ərazilərində digər qurumlar üzərində tam səlahiyyətə malik olublar.

i.jpg (117 KB)

Fəaliyyət göstərdiyi illərdə Dövlət Müdafiə Komitəsi 9971 qərar qəbul edib. Bu sənədlərdən 44-ü bu günə qədər də məxfi qrif altındadır. Hazırda komitənin bütün sənədləri Rusiya Federasiyası prezidentinin arxivində saxlanılır.

Komitə daha çox aşağıdakı məsələrlərə bağlı qərar qəbul edib:

1. Əhalinin və sənaye obyektlərinin təxliyəsi

2. Yeni hərbi hissələrin yaradılması

3. Səfərbərlik

4. Silah və sursat təchizatı

5. Ərzaq təminatı

6. Hərbi əməliyyatlar, onların təşkili, texnika və silahların bölgüsü

7. Əldə edilən qənimətlərin istifadə istiqamətləri və bölgüsü

8. Nüvə silahının yaradılması

9. Komitənin strukturunun dəyişdirilməsi və yenilənməsi

Ebx6FnxWoAIN4Py.jpg (142 KB)

Dövlət Müdafiə Komitəsinin əsasnaməsində qərarların kollegial qəbul edilməsi qeyd olunsa da, əksər hallarda son qərar Stalinin olub. O, bu məsələdə qismən Molotov və Beriyanın sözünü eşidib.
Komitənin strukturunda bir neçə komissiya və komitə fəaliyyət göstərib:

1. Cəbhə bölgələrində işləyən daimi komissiyalar

2. Təxliyə üzrə komissiya

3. Xüsusi komitə

4. Qənimət komissiyası

5. Nəqliyyat üzrə komissiya

6. Nüvə silahı işləri üzrə komitə və s.

1943-cü ilə qədər Dövlər Müdafiə Komitəsi əsasən cəbhə, hərbi əməliyyatlar, silah-sursat, təchizat məsələsinə daha çox diqqət ayırıb. Həmin ildən sonra isə komitə işğaldan azad olunmuş ərazilərin bərpası, tikintisi, yenidənqurma işlərini də ön plana çəkib.

i5tscxryr.jpg (243 KB)

Müharibə illərində partizan hərəkatının yaradılması və inkişafı ilə bağlı komitə bir neçə qərar qəbul edib. Bu qərarların biri ilə Ali Baş Komandanın stavkasında partizan hərəkatının mərkəzi qərargahı yaradılıb.
Bütün cəbhə komandanlarının müəyyən edilmiş vaxtlarda Dövlət Müdafiə Komitəsinə məruzələri mütləq sayılıb. Onlar mütəmadi olaraq komitənin iclaslarına da dəvət olunublar.

Komitədə eyni zamanda xidmətdə fərqlənənlərin, xüsusi qəhrəmanlıq və şücaət göstərənlərin ali dövlət mükafatları ilə təltif olunması da müzakirə edilib. O cümlədən vəzifəsinin öhdəsindən gələ bilməyən ali rütbəli hərbi vəzifəlilərin rütbəsinin aşağı salınması, mükafatlarının geri alınması da komitənin iclasında həll olunub.

Araşdırmaçıların qənaətinə görə, müharibə illərində fəaliyyət göstrən Dövlət Müdafiə Komitəsi nəzərdə tutulduğundan da məhsuldar işləyib. Tarixçilər və hərbi ekspertlər qeyd edirlər ki, qələbənin təmin edilməsində Dövlət Müdafiə Komitəsinin yaradılması və fəaliyyəti vacib amillərdən biri olub.

Komitənin üzvləri, o cümlədən müharibə dövründə yüksək vəzifə tutanlar, həmçinin yüksək çinli hərbçilər öz xatirələrində, mətbuata verdikləri müsahibələrdə Dövlət Müdafiə Komitəsinin fəaliyyətinə xüsusi yer ayırıblar və bu orqanın fəaliyyətinə yüksək dəyərləndiriblər.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Noyabr 2024

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR