İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin kredit siyasəti – borclar maaşlardan avtomatik tutulub

Hesab olunur ki, kredit xidmətləri və müxtəlif malların hissə-hissə alınması yalnız XXI əsrdə aktiv şəkildə inkişaf etməyə başlayıb. Əslində, SSRİ vətəndaşları da onlardan istifadə edə biliblər. Təbii ki, sovet hakimiyyəti illərində şərait tamam başqa olub.

Müharibədən sonrakı dövrdə sovet insanlarının həyat səviyyəsi ildən-ilə “yüksəlib”. Yazılanlara görə, maaşlar artıb, qiymətlər aşağı düşüb, hətta 1947-ci ildə ərzaq və sənaye mallarının norması ləğv edilib. Bundan əlavə, 1957-ci ildə xalq təsərrüfatının bərpası üçün verilən kreditlər daha ayrılmayıb.

Lakin SSRİ rəhbərliyi heç nəyi əvəzsiz etməyib.İşləyən vətəndaşlar maaşlarının bir hissəsini ölkə büdcəsinə verməli olublar. Gələcəkdə, iyirmi ildən sonra dövlət bu pulu faizlə qaytaracağına söz verib.

kre-4.jpeg (59 KB)

Bütün hallarda insanların ehtiyacları gəlirlərindən daha sürətlə artıb. 1950-ci illərdə insanların əksəriyyətinin maaşı yaxşı qidalanmağa və lazımi mallar almağa qismən bəs edib. Velosipedlər, motosikletlər, tikiş maşınları - bu mallar sovet “xalqı”nın rifahının atributları hesab olunub.

Odur ki, daxili narazılığı yatırmaq və hökumətin “bərabər” yaşayan xalqları sakitləşdirmək üçün 1959-cu il avqustun 12-də “İşçilərə və qulluqçulara kreditlə uzunmüddətli malların satılması haqqında” 915 nömrəli qərar qüvvəyə minib. Qərardan sonra bahalı malları kreditlə almaq mümkün olub.

Kreditlə alına biləcək uzunmüddətli malların siyahısı Nazirlər Sovetinin qərarında aydın şəkildə göstərilib. Malların hissə-hissə satışı fəal şəkildə həyata keçirilib və bu. hazırda istehlak krediti hesab olunur. Yəni hardansa pul alıb, mağazaya gedib, mal üçün ödəniş etməyə ehtiyac olmayıb. Alqı-satqı zamanı dərhal aylara bölünmə planı verilib, sonra isə maaşdan pul çıxılıb.

kre-3.jpeg (210 KB)

SSRİ-də yalnız bir bank olub - Sberbank. Bu maliyyə qurumu kreditlərin verilməsinə məsuliyyət daşıyıb. Bunlar, əsasən, məişət texnikası və sənaye malları üçün illik 2-6%-lə istehlak kreditləri olub. Mənzil-tikinti kooperativlərinin üzvlərinin paylarının ödənilməsi (adətən illik 2,7%), bağ evlərinin alınması və bağ evlərinin tikintisi (illik 8%-lə) üçün də kreditlər verilib.

Banka isə son üç ayın əmək haqqı haqqında iş yerindən arayışın əslini təqdim etmək kifayət edib. 1985-ci ildən isə kredit almaq istəyən şəxsdən son 12 ay ərzində iş yerindən arayış tələb olunub. Bundan əlavə, sənədlərin siyahısına həmkarlar ittifaqı təşkilatının müraciəti də daxil edilib.

SSRİ-nin bütün vətəndaşları rəsmi şəkildə işləyiblər və müəssisənin həmkarlar ittifaqının üzvü olmaları tələb olunub. Belə çıxır ki, bir şey almaqdan ötrü kredit almaq hər kəs üçün əlçatan olub.

Təbii ki, kiçik malların alınması üçün problem olmayıb. Lakin bahalı nəsə almaq müşkül məsələyə çevrilib. “Sberbank” krediti yalnız ilkin ödəniş şərti ilə verib - malın dəyərinin 25% -i və ya qiyməti 3 min rubldan çox olduqda 50%. Bundan əlavə, 1985-ci ilə qədər kredit üzrə ilk ödənişin minimum məbləği 50 rubl ollub, sonra isə 100 rubla qədər artırılıb. Orta əmək haqqı 60-100 rubl olan hər ailə belə xərcləri ödəyə bilməyib. Sovet cəmiyyətinin daha varlı bölmələrinin isə kreditlərə ehtiyacı olmayıb. Onların artıq kooperativ mənzilləri, avtomobilləri, bağ evləri olub.

kre-2.jpeg (384 KB)

Bir çox idarələr qarşılıqlı yardım fondları yaratmaqla işçilərinə maddi vəziyyətlərini yaxşılaşdırmağa kömək ediblər. Mühasibat işçisi və ilkin həmkarlar ittifaqının üzvü maddi yardımda iştirak etmək istəyənlərdən ayda 10 ilə 25 rubl arasında toplayıb. Mühasiblər iştirakçının kassaya verdiyi töhfəni onun maaşından dərhal tutublar. O, bu vəsaiti bir il sonra birdəfəlik alıb.

Sıravi vətəndaş yalnız öz hesabına həyat şəraitini yaxşılaşdırmağa nail olub. Yeni kreditin götürülməsi yalnız əvvəlki kredit qaytarıldıqdan sonra mümkün olub. Bir adamın eyni vaxtda birdən çox krediti olmayıb.

1961-ci ildən 1971-ci ilə qədər SSRİ-də əhaliyə kreditlə mal satışının həcmi təxminən 3,4 dəfə artıb və 1971-ci ildə təxminən 3,8 milyard rubl təşkil edib. Rəsmi olaraq nəqliyyat vasitələri üçün kreditin verilməsi nəzərdə tutulub. Amma bu vəsaiti almaq üçün istənilən ilkin ödəniş sıravi vətəndaşın bir neçə illik qazancı olub. Odur ki, rahat və bərabər yaşayış ideologiyası zaman keçdikcə özünü doğrultmayıb.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR