İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin fəxri vətəndaşı: Bu adı cəmi iki nəfər alıb, biri güllələnib, digəri isə öz kəşfinə görə rahatlıq tapa bilməyib…

Bir müddət ən adi ərzaq məhsulları talonla satılsa da, uzun illər mağazalarında piştaxtalar boş qalsa da SSRİ dövlət mükafatları, orden və medalları, fəxri adları ilə zəngin olub. Nə vaxtsa çörəyin adambaşına norma ilə verildiyi vaxtlarda kommunistlərin baş ofisi olan Mərkəzi Komitədə təltiflərin sayına norma qoyulmayıb.  Bəli, SSRİ-də bütün ehtiyacları qırmızı qutulu və qırmızı vəsiqəli orden və medallarla pərdələyiblər…

Mövcud olduğu 70 il ərzində SSRİ-də ittifaq statuslu  34 orden, 58 medal, 30-a qədər fəxri ad (illərə görə bu rəqəmlər dəyişib) təsis edilib. Ümumi təltif olunanların sayını dəqiq demək olmasa da, konkret mükafatlarla bağlı dəqiq rəqəmlər bəllidir. Məsələn, “Qırmızı Əmək Bayrağı” ordeni alanların sayı 1 milyon 200 min nəfərdən artıq olub. Bu ordeni Kremldə az qala ovucla paylayıblar.

Ordenlərin arasında ən prestijlisi sayılan “Lenin” ordeni ilə 41 min nəfər təltif edilib. Hətta SSRİ-nin müdafiə naziri marşal Dmitri Ustinov bu ordenə 11 dəfə layiq görülüb.

12777 nəfər Sovet İttifaqı qəhrəmanı adı alaraq qızıl ulduzla gəzib. Bu ad əsasən sovet-alman müharibəsi dövründə verilib.  Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı da Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb,

1943-cü ilin noyabr ayında təsis edilən “Qələbə” ordeni ən yüksək ali hərbi mükafat sayılıb. Orden II dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib. İlk dəfə bu ordenlə marşal Georgi Jukov təltif olunub. Jukov, marşal Vasilevski və Stalin “Qələbə” ordeninə iki dəfə layiq görülüblər. Bu ordenlə cəmisi 17 nəfər təltif olunub. SSRİ-nin ali dövlət mükafatları arasında “Qələbə” ordeni bəlkə də yeganə orden olub ki, ona layiq görülənlərin bu nükafata halal haqqı olub. Amma bu hallalığa da 1977-ci ildə Leonid Brejnev haram qatıb. Həmin ilin mayın 9-da, qələbənin ildönümü günündə qələbənin təmin olunmasında heç bir müstəsna xidməti olmayan baş katibin öz təşəbbüsü ilə o, “Qələbə” ordeni ilə təltif edilib. Bununla da Brejnev özünü Jukov, Vasilevski, Rokossovski kimi sərkərdələrə bərabər tutub. Bu tarixi səhvi bir sıra tarixi səhvlərə imza atan Mixail Qorbaçov düzəldib.  21 sentyabr 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun imzaladığı fərmanla Leonid  Brejnevdən (ölümündən sonra)  “Qələbə” ordeni geri alınıb. İmzalanan fərman dörd sözlə əsaslandırılıb: “Statusuna uyğun olmadığına görə”.

SSRİ-də fəxri adlarla bağlı maraqlı məqamlardan biri də 1949-cu ilə təsadüf edib, yeni fəxri ad təsis olunub: “SSRİ-nin fəxri vətəndaşı”. Bu adın təsis edilməsinin təşəbbüskarı Vyaçeslav Molotov olub. Molotov təklif edib ki, SSRİ-nin dünya ölkələri arasında qürətinin artırılmasında müstəsna xidmətlər göstərənlər ölkənin fəxri vətəndaşı adını daşımalıdırlar. Siyasi Büro üzvlərinin bu məsələyə münasibəti birmənalı olmasa da, təklif İosif Stalin tərəfindən qəbul olunub. Elə həmin il iki nəfər bu ada layiq görülüb. SSRİ-nin atom layihəsindəki göstərdikləri müstəna xidmətlərə görə Lavranti Beriya və İqor Kurçatov SSRİ-nin fəxri vətəndaşı adını alıblar.

Qeyd edək ki, SSRİ-də atom layihəsinin icrasını Lavrenti Beriyanın adı ilə bağlasalar da, əslində nüvə silahının yaradılmasına ilk olaraq Vyaçeslav Molotov rəhbərlik edib. 11 fevral 1943-cü ildə İosif Stalin Dövlət Müdafiə Komitəsinin 2872 nömrəli “atom bombasının yaradılması üzrə iş proqramı haqqında” qərarını imzalayanda, həmin qərarda proqrama rəhbərlik rəsmi olaraq Vyaçeslav Molotova həvalə edilib. 3 dekabr 1944-cü ildə isə Dövlət Müdafiə Komitəsinın növbəti qərarı ilə “uran işlənməsinin inkişafına nəzarət” Beriyaya tapşırılıb. 20 avqust 1945-ci ildə SSRİ Xalq Komissarları Soveti yanında atom enerjisinin istifadəsi ilə bağlı xüsusi komitə yaradılıb. Məhz həmin tarixdən Beriya bu komitəyə rəhbərlik edib. Araşdırmaçıların qənaətinə görə, atom layihəsinin icrası ilə bağlı SSRİ-nin fəxri vətəndaşı adı Molotova düşüb. Sözsüz ki, bu məsələdə də Stalin-Beriya yaxınlığı öz rolunu oynayıb.

1950-ci ildə SSRİ-nin fəxri vətəndaşı adının daha bir neçə nəfərə verilməsi ilə bağlı müzakirələr aparanda Beriya hələ bu ada heç kimin layiq olmadığını bildirərək müzakirələri təxirə sala bilib. Yəqin ki, hər şeyə qadir “narkom” öz statusunda çox adam görmək istəməyib. Amma bu istəklərə baxmayaraq, tarix və baş verən hadisələr bütün statusları “səliqəyə” salıb. SSRİ-nin iki fəxri vətəndaşından biri olan Lavrenti Beriya ən ağır maddələrlə ittiham olunaraq güllələnib.

SSRİ-nin digər fəxri vətəndaşı, sovet atom bombasının atası sayılan İqor Kurçatov isə öz ixtiralarına görə öz ölkəsində rahat yaşaya bilməyib. 29 avqust 1949-cu ildə sovet nüvə silahının sınağı keçiriləndə Kurçatov həmkarları ilə yaratdığı atom bombasının nələrə qadir olduğunun canlı şahidi olanda sözün əsl mnasında şok keçirib, depressiya vəziyyətinə düşüb və dəfələrlə bu sözləri təkrarlayıb: bu silahlardan heç vaxt insanlara qarşı istifadə etmək olmaz. Nüvə silahını yaradan Kurçatovu ən çox narahat edən məsələ də nüvə müharibəsi olub və o, öz kəşfinə görə ömrünün sonuna qədər rahatlıq tapa bilməyib.

Sonralar SSRİ-nin fəxri vətəndaşı adı heç kimə verilməyib. Beriya və Kurçatov yeganə şəxslər olublar ki, SSRİ-nin fəxrləri sayılıblar.

Medianews.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR