Onlayn ictimai-siyasi qəzet
Sovet rejimi elm və təhsili inkişaf etdirmək vədlərinə baxmayaraq, bir çox alimləri repressiya edib. Alimlərin çoxu sovet düşərgələrindən keçib və onların “həbs edilməsi” SSRİ-nin tərkibinə məcburi daxil edilən xalqların inkişafına ciddi maneə törədib və sağalmaz yaralar vurub. Bir çox alimlər vətənlərinin elminə töhfə vermək imkanlarını itirərək ölkəni tərk etmək məcburiyyətində qalıblar.
Elmi karyeraların sistemli şəkildə məhv edilməsi, titulların əlindən alınması və elmi fəaliyyətdən uzaqlaşdırılması fikir azadlığını boğmağa yönəlmiş strategiyanın tərkib hissəsi olub. Elm adamları ayrı-seçkilik və anlaşılmazlıqla üzləşərək, peşəkar cəmiyyətdən qopublar.
Sovet hökuməti alimlərə təkcə bilik və tərəqqi mənbəyi kimi deyil, həm də SSRİ ideologiyası üçün təhlükə kimi baxıb. Bolşeviklər əmin idilər ki, alimlər köhnə burjua cəmiyyətinin yadigarlarıdır, onların baxışları və tədqiqatları sovet quruluşunun əsaslarını sarsıda bilər.
Vladimir Lenin şəxsən elm adamlarına inamsızlığını bildirib, hətta elm sahəsində də əks-inqilabi hərəkətlərin mümkünlüyünü iddia edib. Bu, onun alim Tixvinskinin həbsinə münasibətindən aydın görünür: “Kimya və əks-inqilab bir-birini inkar etmir”.
Sovet dövlətinin Elmlər Akademiyasının sovet hakimiyyətinin ideoloji prinsiplərinə tam əməl edəcəyini gözləyiblər. Hakimiyyət Elmlər Akademiyasının fəaliyyətinə proletar ictimaiyyətinin tam nəzarətini tələb edərək alimlərə qarşı təbliğat kampaniyaları təşkil etmək üçün mətbuatdan fəal istifadə edib. Qəzetlər “köhnə dövrün tör-töküntüləri”ni məhv etməyə, elmi müəssisələrə tam ictimai nəzarətin tətbiqinə çağırışlar ediblər.
Sovet nəşrlərində dərc olunan məqalələr hakimiyyətin elmi nailiyyətləri gözdən salmaq və dəyərdən düşürmək, onların tədqiqatlarına ideoloji filtr tətbiq etmək cəhdləri olub. Nəticədə təxribat və əks-inqilabi fəaliyyətdə ittihamlar elmi fikir azadlığına qarşı güclü silaha çevrilib.
İosif Stalin şəxsən elmlə bağlı mövqeyini ifadə edərək, dahilərin “icad edildiyini”, alimlərin fərdi istedadının deyil, yalnız “mühitin və şəraitin” vacib olduğunu iddia edib. Eyni zamanda bəzi alimlər, məsələn, riyaziyyatçı Dmitri Yeqorov və bioloq Nikolay Vavilov yaradıcılıq azadlığının və alimlərin dövlət müdaxiləsindən qorunmasının zəruriliyini vurğulayıblar.
Tədqiqatçılara qarşı repressiyalar vətəndaş müharibəsi illərində, fəalların həbs edilərək girov götürülməsi ilə başlayıb. Daha sonra, 1920-ci illərdə “mühəndis-diversiyaçılara” qarşı kütləvi məhkəmə prosesləri gedib, bir çox alimlər həbs edilib və güllələnib.
Həbsaxanaya gedən alimlərin işini davam etdirməsi üçün xüsusi “Şaraşki” adlanan tədqiqat laboratoriyaları yaradılıb. Orada alimlər dövlət layihələrində işləməyə məcbur edilib. 1929-cu ildə belə “Şaraşki”lərin yaradılması hakimiyyət orqanlarına elmi ictimaiyyətə nəzarəti gücləndirməklə yanaşı, onların peşə və şəxsi azadlıqlarını məhv etməyə imkan verib. 1934-cü ildə sovet hakimiyyəti Elmlər Akademiyasını Leninqraddan paytaxta köçürmək barədə qəfil qərar qəbul edib və bu, bir çoxu evdən çıxmaq istəməyən alimlərə əlavə təzyiqlər yaradıb. Bu qərar elmi ictimaiyyəti çaşdırıb, mövcud vəziyyəti daha da pisləşdirib.
Sergey Kirovun qətlindən sonra SSRİ-də cinayət işlərinin növbəti dalğası başlayıb, nəticədə xeyli alim həbs edilərək sürgünə göndərilib. II dünya müharibəsi SSRİ-nin ərazinə keçəndən sonra almanəsilli alimlər də repressiyaya məruz qalıblar. Cinayət təqibi elmin bütün sahələrinə təsir edib. İlk olaraq humanitar elmlər əziyyət çəkib. Özlərinin mütləq haqlı olduğuna əmin olan bolşeviklər marksizmdən başqa fəlsəfi etirazlara, dünyagörüşlərinə dözməyiblər. Bu, bir çox filosof və tarixçinin həbs edilməsinə və ya elmi ictimaiyyətdən qovulmasına səbəb olub.
Elmi və texniki sahələr də repressiyalarla üzləşib, lakin daha kiçik miqyasda. Fizik Lev Şubnikov güllələnsə də, raket alimi Sergey Korolyov möcüzə nəticəsində edamdan xilas olub.
Repressiyalar genetikaya da zərbə vurub, bir çox alim həbs olunub, elmi işlərdən uzaqlaşdırılıb və hətta güllələnib. Kimyaçılar da çətin günlər keçiriblər. Məşhur kimyaçı Vladimir İpatyev həbs və təqiblərə məruz qalmamaq üçün ölkəni tərk etməyə məcbur olub.
Həmin dövrdə Azərbaycanın elm dünyası ciddi zərbələr alıb. Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru Tağı Şahbazi Simurq güllələnməyə məhkum edilib və hökm dərhal yerinə yetirilib. Digər görkəmli tarixçi alim Əziz (Qaziz) Salihoviç Qubaydullinin məhkəməsi cəmi 15 dəqiqə çəkib. O, ən ağır cəzaya - güllələnməyə məhkum edilib və hökm elə səhəri gün icra edilib.
Yazdığı elmi əsərlərin dəyəri Azərbaycan və SSRİ sərhədlərindən kənarda da yüksək qiymətləndirilən Bəkir Çobanzadə cəmi 44 il yaşındaykən repressiya qurbanı olub.
Tarix fakültəsinin dekan müavini, dosent Baba Əsgərov 15 dəqiqəlik məhkəmədə güllələnməyə məhkum edilib. Onun həyat yoldaşı Sürəyya Xəlifəzadə də “vətən xaininin ailə üzvü kimi” 8 il iş alıb.
Daha sonra Ağamir Məmmədov, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərov, Balabəy Həsənbəyov kimi alimlər də günahsız qurbanlarına çevriliblər.
Təkcə Bakı Dövlət Universitetindən 60-a qədər professor, elmi işçi və müəllim, 20-dək tələbə təqib-təzyiqə məruz qalıb, güllələnib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ