Onlayn ictimai-siyasi qəzet
Bakıda azyaşlı uşağa işgəncə verən atalığının cinayət işinin təfərrüatı məlum olub. 6 yaşlı uşaq uzun müddətdir işgəncə görürmüş. Atalığı onu soyuq havada həyətdə saxlayır, üzərinə soyuq su tökürmüş.
Musavat.com xəbər verir ki, dəhşətli hadisə Türkan qəsəbəsində baş verib.
Xəzər rayonu Türkan qəsəbəsindən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov birlikdə yaşadığı qadının birinci evlilikdən olan 6 yaşlı oğlan övladını ölümcül şəkildə döyüb. Hadisə gecə saatlarında baş verib. Rəşad azyaşlını yuxuda olarkən döyməyə başlayıb.
İstintaq orqanı Rəşada qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd ittihamı irəli sürüb.
Rəşad İsmayılov qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə ona ittiham elan olub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçililib.
İstintaq zamanı məlum olub ki, Rəşad 2008-ci ildə hərbi xidmətdə olan zaman sesksual xarakterli zorakılıq əməli də törədibmiş. Həmin əməlinə görə də 6 il cəza alıbmış.
Bu cinayətində isə Rəşad birlikdə yaşadığı qadının uşağını öldürməyə cəhd etməsi ittihamı ilə razılaşmayıb. Rəşad iddia edib ki, uşaq yıxılaraq xəsarət alıb. O, uşağı xəstəxanaya apardığını, onun müalicəsinə kömək etdiyini deyib.
Onun sözlərinə görə qayınatası (birlikdə yaşadığı, qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadının atasını nəzərdə tutur- red.) ondan məqsədli şəkildə şikayət edib və həbs olunmasına nail olub. Onun dediyinə görə qayınatasının ona 20 min manat borcu olub. Rəşad satdığı evin pulundan qayınatasına borc verdiyini, lakin qayınatasının pulu qaytarmadığını deyib. Əlavə edib ki, pulu istədiyi üçün qayınatası ondan şikayətçi olub.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, anası da məhkəmədə şahid qismində dindirilib. Onun ifadəsindən məlum olub ki, övladı dəfələrlə Rəşad tərəfindən döyülüb.
“Rəşad uşağa əvvəllər də işgəncə verib. Qış fəslində oğlumu çöldə saxlayıb onun üzərinə su tökürdü. Oğlumun ayağını da yandırmışdı. Dəfələrlə uşağı otağa salıb ona işgəncələr verib. Hadisə günü Rəşad gecə saat 4 radələrində ona yemək hazırlamağımı tələb etdi. Gecə olduğunu və yuxulu olduğumu dedim. Amma Rəşada yemək hazırlamağa başladım. Lakin Rəşad mənim sözlərimə əsəbiləşərək uşaqların yatdığı otağa gedib oğlumu təpiklə vura-vura evin həyətinə çıxartdı. Çöldə də uşağı döyməyə davam etdi. Oğlum huşunu itirdikdən sonra Rəşad onu vurmağı dayandırdı. Rəşada oğlumu xəstəxanaya aparmaq barədə yalvarsam da Rəşad tutulmaqdan qorxduğu üçün razılaşmadı. Oğlumu həkimə apardıqdan sonra həkimlər onun təcili olaraq əməliyyat olmalı olduğunu bildirdilər. Oğlum 20 gün komada qalmdı”- deyə uşağın anası qeyd edib.
Məlum olub ki, uşağın anası bu dəfə də Rəşaddan şikayətçi olmayıbmış. Çünki Rəşad oğlunu müalicə etdirəcəyinə söz veribmiş. Amma döyülən uşağın bacısı bu barədə babasına danışan zaman polisə məlumat verilib:
“Rəşad oğlumun müalicəsini edəcəyi barədə söz verdi. Biz xəstəxanada olan zaman qızım atamın evində idi. Qızım babasına oğlumun bu halda olmasına səbəb Rəşadın hərəkətlərinin olduğunu deyib. Atama Rəşadın uşağı döydüyünü söyləyib. Bundan sonra atam “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verib. Polis əməkdaşları mənə zəng edərək hadisənin doğru olub-olmamadığını soruşdular. Mən də hadisələrin doğru olduğunu bildirdim”.
Qanuni nümayəndə sualları cavablandırarkən bildirib ki, Rəşad ona qarşı da fiziki təzyiq göstərib. Lakin ondan qisas almaq üçün daha çox oğluna işgəncələr verirmiş.
Döyülən azyaşlının bacısı da dindirilən zaman Rəşadın tez-tez qardaşını döydüyünü deyib:
“Həmin şəxs anamla tanış olduqdan sonra bizim evə gəlmişdi. Rəşad və anam gecə evdə mübahisə edirdilər. Qardaşımla evdəki səs-küyə oyandıqdan sonra Rəşad qardaşımı təpiklə döyə-döyə çölə çıxartdı. Qardaşım huşunu itirdi. Anam qardaşımı xəstəxanaya aparmaq lazım olduğunu dedi. Bu adam isə “icazə ver, ölsün” deyirdi. Evdəki oyuncaqları yığışdırmadıqda məni də çöldə saxlamışdı. Qardaşımı təpiklə vurur, üzərinə də çıxırdı. Həmin gün qardaşımın başını yerə çırpırdı”.
Məhkəmə Rəşadı köməksiz vəziyyətə olan azyaşlını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirli bilərək 15 il azadlıqdan məhrum edib.
İlkin Muradov,
Musavat.com
11 May 2025
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ