Onlayn ictimai-siyasi qəzet
II Dünya müharibəsindən sonra Kreml üçün Avropadakı sosialist düşərgəsinə tam nəzarət etmək heç də asan olmayıb.
Moskvanın nəzarəti altında olan ölkələrdə SSRİ-nin diplomatik korpusları, nümayəndəlikləri, “NKVD” və DTK-nın rezidentləri, çoxsaylı agent şəbəkələri fəaliyyət göstərsə də, həmin ölkələrdə sovet rejiminə qarşı etirazlar səngiməyib. Kreml isə son çıxış yolu kimi vəziyyəti sabitləşdirməkdə sovet ordusunun müdaxiləsini zəruri sayıb...
Bu cür qarşıdurmalardan biri də 1953-cü ilin iyun ayında Almaniyada (ADR) baş verib və bu hadisənin təfərrüatları uzun illər ictimaiyyətdən gizli saxlanılıb. Hətta hadisələr zamanı 32 nəfər sovet əsgərinin ölüm səbəbləri belə ailələrinə olduğu kimi açıqlanmayıb.
Maraqlıdır, Stalinin vəfatından az sonra Şərqi Almaniyada hansı hadisələr baş verib, gərginliyin səbəbi nə olub?
17 iyun 1953-cü ildə ərzaq məhsullarının qiymətlərinin qalxmasından sonra paytaxt Berlində şəhər sakinləri etiraz əlaməti olaraq küçələrə axışıblar. Etirazlar sosial problemlər fonunda başlasa da, sonradan siyasi xarakter alıb. Mitinq və nümayişlərdə siyasi şüarlar səsləndirilib, Şərqi Almaniya ilə Qərbi Almaniyanın birləşdirilməsi tələbləri irəli sürülüb, meydanlarda antisovet plakatlar qaldırılıb.
Etiraz dalğaları ölkənin digər bölgələrində də başlanıb. Təxmini hesablamalara görə, etirazçıların ölkə üzrə ümumi sayı 1 milyonu keçib.
Berlindəki Nazirlər Evinin qarşısına toplaşan etirazçılar hökumət nümayəndələrini danışıqlara çağırıblar və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. Hökumət nümayəndələrindən sənaye naziri Fris Zelbman nümayişçilərdən çəkinməyərək etirazçı kütlənin qarşısına çıxıb. Nazir iş saatının uzadılması ilə bağlı qəbul edilmiş qərarın ləğv edildiyini bəyan etsə də, bu, qiyamçıları sakitləşdirməyib. Heç bir vəd, heç bir təklif, həyata keçiriləcək yeni qiymət siyasəti qiyamın qarşısını ala bilməyib.
Bölgələrdə radio qovşaqları, qəzet redaksiyaları qiyamçılar tərəfindən ələ keçirilib, hökumət əleyhinə təbliğat aparılıb. İyunun 23-nə kimi qiyamçıların etirazlarla müşayiət olunan fəaliyyət dairəsi daha geniş miqyas alıb.
Vəziyyətin nəzarətdən çıxaraq pik həddə çatması ölkədə böyük xaos yaradıb. Son çıxış yolu kimi Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarından istifadə etmək qərarına gəlinib.
20 mindən artıq sovet hərbçisi və 600-ə yaxın zirehli texnika şəhərə yeridilib. Qiyamçıların etiraz səsi onlara açılan atəşlərlə susdurulub.
Berlində keçirilən əməliyyata Moskvadan Lavrenti Beriya rəhbərlik edib. Onun telefonla Berlindəki sovet qoşunlarının komendantı general-mayor Pyotr Dibrova ilk tapşırığı belə olub:
“Qiyamçılara qarşı son dərəcə amansız və qəddar münasibət göstərilməlidir. Silah-sursata qənaət etməyin. Nəyin bahasına olursa-olsun, vəziyyət sabitləşdirilməlidir...”
Bu, Lavrenti Beriyanın keçirdiyi sonuncu “tədbir” olub. Yəqin ki, “dəmir narkom” heç ağlına da gətirməyib ki, 3 gün sonra - iyunun 26-da onun özünə qarşı Kremldə qiyam qaldırılacaq.
Qarşıdurma zamanı Berlində 250 ictimai bina ciddi dağıntılara məruz qalıb. O cümlədən xalq polisinin, dövlət təhlükəsizlik xidmətinin 5 inzibati binası, həmkarlar ittifaqının binası da nümayişçilər tərəfindən dağıdılıb.
Qiyamçılar həmçinin 12 həbsxanaya da hücum ediblər. Hücumlar zamanı 1500-ə yaxın məhbus cəzaçəkmə yerlərindən qaçmağa nail olub.
Qiyamın yatırılmasında 75 nəfər nümayişçi həlak olub.
Hadisə ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, qarşıdurma zamanı 32 nəfər sovet əsgəri də güllələnib. Onları güllələyən isə elə sovet ordusunun zabitləri olub. Şahidlərin ifadələrinə görə, onlar dinc əhaliyə atəş açmaqdan imtina etdiklərinə görə komandirləri tərəfindən güllələniblər.
Berlin hadisələri ilə bağlı bu günə qədər də bir çox gizli məqamlar var. Açılmış cinayət işi ilə bağlı bir çox qovluqların “məxfi” qrifli olması bu hadisələrin bəzi gizlinlərini açmağa hələ ki, imkan vermir.
Amma ortada olan bir fakt var ki, həmin hadisələrdən sonra hökumət qəbul etdiyi bir çox qərarları dəyişib, qiymət siyasətinə yenidən baxıb, fabrik və zavodlarda iş rejimi əvvəlki vaxtda olduğu kimi müəyyən edilib.
Hadisə zamanı həlak olan sovet əsgərlərinin meyitləri ailələrinə təhvil verildikdə isə səbəb qısa və konkret göstərilib: “Xidməti vəzifələrini icra edərkən...”
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ