İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Azərbaycanda qadınlara zorakılıq artıb - qorxunc statistika

Azərbaycanda son 10 gün ərzində 3 qadın qətlə yetirilib, 2 qadın isə bıçaqlanıb. Bu barədə məlumatı vəkil Zibeydə Sadıqova paylaşıb.  O bildirib ki, qadınlar əsasən ailə üzvləri, həyat yoldaşları tərəfindən şiddətə məruz qalır.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Yeni Müsavat”a şərhində bildirdi ki, zorakılıq bir insanın həyatına, bədəninə və düşüncəsinə müdaxilədir: “Zorakılıq təkcə fiziki gücdən doğmur. O, düşüncələrə, gözləntilərə və ya sosial rollara yüklənmiş mənalardan yaranır. Cəmiyyətimiz yazılmış qanunlarla deyil, yazılmamış qaydalarla idarə olunur. Həmin qaydalarda qadın susmalı, kişi hökm etməlidir. Bu isə patriarxal düşüncənin kök salmış və gündəlik həyatda özünü göstərən təzahürüdür. Belə bir mühitdə böyüyən uşaq, istər oğlan, istər qız, gələcəyin zorakılıq dövranının yeni iştirakçısına çevrilir. Zorakılıq edən kişi bəzən vaxtilə şiddətə məruz qalmış qadının yetişdirdiyi övladdır. Bu isə faciənin zəncirvari davamıdır. Qadın zərifdir, bu, doğrudur. Lakin zorakılığa məruz qalan qadının zərifliyi itib, zəifliyə çevrilə bilər. Çünki dəfələrlə travma yaşayan insan bir gün özünə nifrət etməyə başlayır. "Səssiz qalmışamsa, deməli, layiq idim" kimi düşüncələrlə özünü günahlandırır.

Rövşən Nəcəfov - Son müsahib (HEKAYƏ) » islahat.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Psixoterapevt Rövşən Nəcəfov: “Biz ”Belə gəlib, belə də gedəcək" düşüncəsi ilə yaşayan toplum olaraq psixoloji sağalma mərhələsinə çata bilmirik"

Bu zaman onun şəxsiyyəti parçalanır. Zorakılıq edən kişi əslində güclü deyil. Əksinə, öz gücsüzlüyünü gizlətmək üçün zor tətbiq edir. İçində yığılıb qalmış emosional yük, həll edə bilmədiyi psixoloji təzyiqlər və cəmiyyətin “kişi ağlamaz”, “kişi zəiflik göstərməz” təlqinləri onu zorakılığa sövq edir. Bu, kişinin cəmiyyətin ona yüklədiyi roldan qaçmaq cəhdidir. Münasibətlərdəki gözləntilər çox zaman ən ağır psixoloji yükə çevrilir. “Kişi ailədə təminatçı, sərt və hökm sahibi olmalı, qadın isə itaətkar, təmkinli və susqun olmalıdır” kimi oturuşmuş düşüncələr münasibətlərdə bərabərliyi deyil, hökmranlığı yaradır. Bu isə zorakılığın psixoloji təməlini möhkəmləndirir. Zorakılığın artması hüquq sisteminin deyil, mədəniyyətin iflasıdır. Hüquqi addımlar mütləq atılmalıdır. Amma hüquqdan əvvəl cəmiyyətin düşüncə sistemi dəyişməlidir. Biz isə dəyişməkdən qorxan, sorğulamağı bacarmayan, “belə gəlib, belə də gedəcək” düşüncəsi ilə yaşayan bir toplum olaraq psixoloji sağalma mərhələsinə çata bilmirik. Hər birimiz bu prosesin bir hissəsiyik. Hər susduğumuzda, hər “ailə məsələsidir, qarışmaq olmaz” dediyimizdə, hər dəfə “kişidir də” deyərək məsuliyyətdən yayınanda zorakılıq zəncirinin yeni bir halqasını bərkitmiş oluruq. Məna yüklənmiş bütün stereotiplər əvvəldə və ya sonda fəlakətə səbəb olur".

Boşanmalarda təşəbbüskar qadınlardır! - Sosioloq ÜSYAN ETDİ

Sosioloq Üzeyir Şəfiyev: “Qadınların iqtisadi cəhətdən asılılığı azaldıqca daha müstəqil, daha azad, eqoist həyata meyllənirlər”

Sosioloq Üzeyir Şəfiyev mövzunu şərh edərkən qeyd etdi ki, məişət zorakılığı təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə müzakirə mövzusudur. Onun fikrincə, məişət zorakılığı təkcə qadına qarşı yox, kişilərə qarşı zorakılıq kimi də qiymətləndirməlidir: “Zorakılığın ən çətin identifikasiya forması emosional-psixoloji zorakılıqdır. Bu forma daha çox qadınlar tərəfindən kişilərə tətbiq olunur. Sadəcə, Azərbaycan ənənəvi cəmiyyət olduğu üçün kişilər aidiyyəti ünvanlara bununla bağlı müraciət etmirlər. Qadınlar övladlarına da şiddət göstərirlər, yəni ailə konflikti zəminində aqressiya uşaqlara yönəlir. Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanundan irəli gələrək məişət zorakılığı törədən şəxsə qarşı hüquqi məsuliyyət nəzərdə tutulur. Yanaşma fərqlidir, səbəblər çoxdur. Məlumdur ki, cəmiyyətimizdə düşüncə transformasiyası baş verir, qadınlar köhnə qaydalarla yaşamaq istəmirlər, kişilər də köhnə qaydalarla idarə edə bilmirlər. Qadınların iqtisadi cəhətdən asılılığı azaldıqca daha müstəqil, daha azad, eqoist həyata meyllənirlər. Bu da köhnə təfəkkürlü, mühafizəkar kişiləri qane etmir, onlar yeni şəraitə uyğunlaşa bilmirlər, buna görə də qadınlara qarşı dözümsüzlük göstərirlər. Kişilər daha çox qısqanclıq zəminində, xəyanət əsaslı zorakılıq törədirlər. Sosial şəbəkələr xəyanəti üzə çıxarıb, həm də xəyanət üçün şərait yaradıb. Bu da ailədə qovğa yaradır".

Ü.Şəfiyevin fikrincə, Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq məqsədi güdən bəzi Qərb mərkəzli qüvvələr gender bərabərliyi adı altında ölkəmizdə qadın-kişi qarşıdurması yaratmağa çalışırlar: “Boşanmaların statistikasına nəzər salanda müəyyən təsirlər özünü göstərir. Hesab edirəm ki, Azərbaycanda qadın hüquqları ilə bağlı maarifləndirmə işləri sahəsində buraxılan bəzi səhvlər də qadınları kişilərə qarşı aqressivləşdirir. Buna görə də həssas yanaşma olmalı, ailə münaqişələri efirlərə daşınmamalıdır. Fikrimcə, müvafiq qurumlar münaqişəli ailələri qeydə almalı, onlarla sosial-psixoloji iş aparılmalıdır. Eyni zamanda hesab edirəm ki, sosial mediada ailə dəyərlərini deqradasiyaya uğradan filmlərin, verilişlərin yayımı dayandırılmalıdır. Yanaşma rasional olmalı, gəncləri ailə dəyərlərinə hazırlamalıyıq”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR