İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! Azərbaycana səmadan təhlükə var!

50 illik sovet peyki indi kabusa çevrilir - ondan qorunmaq üçün...

SSRİ-yə məxsus, çəkisi təxminən yarım ton olan planetlərarası “Kosmos-482" stansiyası yaxın günlərdə Yerə düşə bilər. Rusiya mediasının məlumatına görə, mütəxəssislər bu obyektin yaşayış məntəqələrinə düşməsi təhlükəsini istisna etmirlər.

Orbital parametrlər əsasında aparılan hesablamalara əsasən, cihazın tamamilə quru əraziyə - çox güman ki, Misir, Suriya, Türkiyə və ya Azərbaycan ərazisinə düşəcəyi proqnozlaşdırılır. Bu isə onun yaşayış məntəqələrinə ciddi risk yaratması ehtimalını gündəmə gətirir.

Qeyd edək ki, söhbət 1972-ci ildə Venera planetinə göndərilən, lakin Yer orbitində qalan “Kosmos-482" stansiyasının eniş modulundan gedir. İllərdir orbitdə qalan bu modulun nə vaxt və harada Yerə düşəcəyi dəqiq bilinmir. Ancaq təxmini proqnozlara görə, hadisə may ayının ilk yarısında baş verə bilər. Yəni vaxt daralır.

Sovet peyki Azərbaycana düşə bilər – 242 km/saatla zərbə, partlayış  təhlükəsi - Busaat.az

Bəs belə bir süni kosmik obyektin Yerə düşməsi müşahidə oluna bilərmi? Onun daşıdığı dağıdıcı güc hansı miqyasda ola bilər? İnsanlar nə etməlidir, necə davranmalıdır? Və ən əsası - bu hadisə Azərbaycana real təhlükə yaradırmı?

Bu suallar indi yalnız mütəxəssislərin deyil, hər bir vətəndaşın da narahatlıq səbəbinə çevrilib...

Fizika-riyaziyyat elmləri doktoru Şakir Nağıyev “Yeni Müsavat”a deyib ki, stansiyanın parametrləri hesablanmalı və onun əsasında hansısa dəqiq məlumat söylənməlidir: “Sürəti, tormozlayıcı qüvvəsi və s. dəqiqləşdirilməlidir. Kometlər, ulduzlar, Ayın və Günəşin tutulması ilə bağlı hesablamalar aparılırsa, stansiya ilə bağlı da hesablamalar aparıla bilər. Rusiya tərəfi yəqin ki, dəqiqliklə hesablayıb. Çünki onlarda məlumatlar var və hara düşəcəyini dəqiqliklə bilərlər. Bu stansiya yerə düşərsə, əlbəttə, təhlükə yarda bilər. Bu, onun çəkisindən asılıdır. Adi bir daş 10 metrdən düşəndə fəlakət törədir. Səhra və düzənlik yerə düşəndə isə təhlükəsi az olur. Ola bilsin ki, düşəndə hissələrə parçalansın və dağılsın. Gövdəsinin möhkəmliyindən asılıdır. Fəlakət isə gözləniləndir. Düşdüyü yerdə yarğan, çuxur əmələ gətirə bilər”.

Professor deyir ki, planetlərarası stansiya yaşayış məntəqələrinin də üzərinə düşə bilər: “Yaşayış məntəqələrinin üzərinə düşərsə, böyük fəlakət olar. Lakin onu idarə edib elə yerə sala bilərlər ki, əhalinin yaşayış yeri olmasın. Azərbaycanın bu cür kosmik obyektlərin trayektoriyasını izləmək və vaxtında xəbərdarlıq etmək üçün imkanları var. Səmada süni peyklərimiz var. Onları müşahidə edənlər məlumatlar toplaya bilərlər”. 

“Kosmos-482" stansiyasının Yerə düşməsi riski realdırmı? Texniki olaraq bu proses nə dərəcədə izlənilə bilər? Fizikaçı alimin sualımıza cavabı belə oldu: "Hava qatlarında yerə düşmədən əriyib yox ola bilər. Məsələn, kometlər yer atmosferinə daxil olanda kütləsindən asılı olaraq çoxu göydə əriyir. Onlar o qədər böyük sürətlə hərəkət edir ki, havada qızıb əriyir və yox olur. Ola bilər ki, bu süni peykin də gövdəsi əriyib yox olsun. Lakin çox iridirsə, sürəti o qədər də böyük deyilsə, əriməyə bilər. Bu, parametrlərdən, onun sürətindən, hansı uzaqlıqda olmasından asılıdır. Yerə düşməyə də bilər. 

Azərbaycana düşəcəyi halda zərərverici təsiri hansı məsafəni əhatə edə biləcəyini kütləsinin həcmini, çəkisini bildikdən sonra deyə bilərik. Həmçinin hansı sürətlə gəlməsinin də fərqi var. Kütləsi böyükdürsə, düşdüyü yerdə böyük bir çuxur əmələ gətirəcək. Hansısa yaşayış binasına düşərsə, onu məhv edər. Hara düşməyindən asılı olmayaraq, 200-300 metr hissəyə zərər verir. 

Bu cür hallarda beynəlxalq qurumlar və ya region ölkələri ilə məlumat mübadiləsi aparılmalıdır. Məlumatlar verilməlidir ki, hansı dəqiqliklə hansı yerə düşəcək.  Bunun əsasında əvvəlcədən zərər hesablanmalıdır. Beynəlxalq qaydalar bunu tələb edir. 

Səmada süni peyklər çoxdur. Onlar öz funksiyalarını başa vurandan sonra məhv olurlar. Yerə çatmamışdan qabaq havada əriyib yox olurlar. Yerə yalnız qırıntılar çatır".       

Qeyd edək ki, “Kosmos-482" stansiyası 1972-ci ilin mart ayında Baykonur kosmodromundan Veneraya göndərilmək məqsədilə buraxılıb. Lakin start zamanı raketin son mərhələsində baş verən texniki nasazlıq səbəbilə aparat hədəfə çatmadan Yer orbitində ilişib qalıb. Sovet hakimiyyəti uğursuzluğu ört-basdır etmək üçün ona ”Kosmos" adı verib və layihənin məqsədini ictimaiyyətdən gizlədib.

NASA-nın məlumatına görə, “Kosmos-482" bu illər ərzində dörd hissəyə bölünüb. Onlardan ikisi orbitdən çıxaraq atmosferdə yanıb, lakin digər ikisi - xüsusilə də 500 kiloqramlıq eniş modulu ("spusk aparatı") hələ də elliptik orbitdə dövr edir. Bu modul əslində Veneranın ekstremal atmosferində eniş üçün nəzərdə tutulmuşdu və xüsusi istiliyədavamlı ekranla, həmçinin hermetik gövdə ilə təchiz olunub. Elə bu səbəbdən, onun Yer atmosferindən tam şəkildə yanmadan keçərək səthə çatmaq ehtimalı olduqca yüksək qiymətləndirilir.

BBC-yə danışan kosmos araşdırmaçısı Georgi Trişkinin sözlərinə görə, orbitin analizindən aydın olur ki, düşmə trayektoriyası əsasən quru sahələri əhatə edir: “Təhlükə zonası Misir, Suriya, Türkiyə və Azərbaycanın üzərindən keçir. Əgər aparat tam şəkildə yerə çatsa və 242 km/saat sürətlə səthə dəysə, bu, yüzlərlə qram trotil ekvivalentində partlayış gücündə enerji ortaya çıxara bilər”.

Kosmik modulun Yerə nə vaxt düşəcəyi dəqiq bilinməsə də, mövcud hesabatlara əsasən, bu hadisənin may ayının ilk yarısında - 8-dən 14-nə qədərki müddətdə baş verməsi ehtimal olunur. Ən təhlükəlisi isə budur ki, düşmə prosesi tamamilə nəzarətsizdir. Müqayisə üçün qeyd edək ki, “Mir” orbital stansiyası vaxtilə planlı şəkildə Sakit okeana yönləndirilmişdi. Lakin “Kosmos-482" üçün belə bir imkan yoxdur - onu nəzarətli şəkildə yerə endirmək mümkün deyil.

Yarım əsr əvvəl orbitə “ilişib” qalan bu sovet peyki bu gün Yer üzündəki milyonlarla insan üçün təhlükəyə çevrilib. Hara düşəcəyi və hansı zərəri verəcəyi bilinmir. Amma bir şey artıq aydındır: kosmosa göndərilən heç bir obyekt orada əbədi qalmır. Gec-tez geri qayıdır - ya tarixə, ya da başımızın üstünə...

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 May 2025

BÜTÜN XƏBƏRLƏR