Onlayn ictimai-siyasi qəzet
Rus ordusunun hələ Kiyev Rus Dövləti zamanından Güneyə, Qafqaza və o cümlədən Azərbaycana qanlı yürüşləri tarixin yaddaşından silinməyib.
Bu yürüşlərdən biri – qədim şəhərimiz Bərdəyə olmuşdu və onun faciələri dahi Nizami tərəfindən də qələmə alınıb. O zaman işğalçıların çoxu heç sağ salamat qayıdıb Kiyevə çata bilməmişdi. Ondan sonra da rus əsgərlərinin Xəzərdən və qurudan dəfələrlə Azərbaycana yürüşləri olub. Eyni zamanda türklərin də Rusiya torpaqlarına sayı bilinməyən hücumları unudulmayıb. Hər bir millətin, dövlətin öz torpaqlarını qorumaq və imkan daxilində genişləndirmək istəyi tarixin reallıqlarıdır, bunu inkar etmək olmaz.
Çar Rusiyasının hərbi yürüşləri son əsrlərdə ardıcıl xarakter aldı və bir sıra qonşu dövlətlərin, o cümlədən Azərbaycanın şimal xanlıqlarının uzun müddət davam edən işğalı ilə nəticələndi. 220 illik tarximizdə kabusa çevrilən fakt bundan ibarətdir ki, 1804-cü ildə Gəncə hakimi Cavad xanın məğlubiyyətindən sonra ruslar burda daimi yerləşdilər. Çar Rusiyasının ordusu sonrakı illərdə “Qızıl ordu”, “ Ağ qvardiya”, “Sovet ordusu”, “Rusiya Federasiyasının silahlı qüvvələri”kimi müftəlif adlar daşısalar da mahiyyət dəyişilmədi. Yalnız Xalq Cumhuriyyəti dönəmində və 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra qısa müddətdə rus ordusunun ayağı Azərbaycandan çəkildi. Amma sonradan biz bu ordunun Ermənistanın havadarı olduğunu gördük. Sovet otdusunun 366-cı alayının Xocalı qətliamında və bir çox kəndlərimizin işğalında rolu yaxın tariximizin faktıdır.
Zəfər savaşı ilə torpaqlarımız azad olunduqdan sonra rus ordusu bu dəfə Azərbaycana sülhməramlı adı altında qayıtdı. Adı sülhməramlı olsa da bu ordunun da ermənipərəstliyini gördük, sülhməramlıların gözünün qarşısında separatçı rejimə Ermənistandan silah daşınırdı, ərazilər minalanırdi və bir çox hallarda sülhməramlılar qanunsuz erməni hərbi birləşmələrinə yardım edirdilər. Bütün bu tarixi göz önünə gətirəndə sülhməramlı adlanan rus ordusunun sakitcə çıxıb getməsi çox böyük tarixi uğurdur. Çünki 2020-ci il 10 noyabr sənədindən sonra sülhməramlı adı altında Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən ordunun nə vaxtsa burdan çıxacağı çoxlarına inandırıcı görünmürdü və bu faktla Azərbaycanın böyük qələbəsinə kölgə salmağa çalışırdılar.
Sülhməramlıların Azərbaycandan sakitcə çıxarılması son 220 illik tariximizdə çox ciddi bir hadisədir. 220 il ərzində rus ordusu heç vaxt bu qədər müqvimətsiz və artıq burda gərəkli olmadığını etiraf edərək çıxıb getməyib. Bu ordu hər zaman gedərkən müəyyən sorunlar yaradıb ki, bura yenidən qayıtmağa bəhanə olsun. Bu dəfə isə bu ordu həmişəlik getdi. Bu, Azərbaycan dövlətinin apardığı çox uğurlu siyasətin nəticəsidir. Qazaxın 4 kəndinin heç bir kənar vasitəçi olmadan, güllə atılmadan boşaldılması da bu uğurun tərkib hissəsi və davamıdır!
Sabir Rüstəmxanlı
Xalq şairi,
Millət vəkili
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ