Onlayn ictimai-siyasi qəzet
Ermənilərin 109 illik soyqırım yalanı bu il ilk dəfə öz aralarında kəskin mübahisələrə və fikir ayrılıqlarına səbəb olub. Müzakirələrə Ermənistan parlamentinin sədri və müdafiə komitəsinin sədri Andranik Köçəryanın sözləri səbəb olub.
Musavat.com xəbər verir ki, "Türkiye Gazetesi" bu barədə geniş məqalə dərc edib.
Məqalədə Köçəryanın “Azadutyun” (Azadlıq) radiosuna verdiyi müsahibədə fikir ayrılığına səbəb olan açıqlamaya istinadən edilib. O deyib:
“1915-ci ildə öldürülənlərin heç bir siyahısına malik deyilik. O vaxt fiziki cəhətdən aradan qaldırılanların siyahısının hələ də əlimizdə olmaması normaldır? Niyə yəhudilər Holokost faciəsində qətlə yetirilənlərin adlarını bir-bir yığa bildilər, amma biz edə bilmədik?"
Qəzet yazır ki, Köçəryan 1,5 milyon erməninin soyqırıma məruz qalmasının şübhə doğurduğunu bildirib:
“Sərdarabad - hər il anımların mərkəzi olan qondarma soyqırım muzeyi... Qondarma soyqırım muzeyindəki fotoşəkillər və sənədlərə etibar yoxdur. Bu rəqəmlər haqlı olaraq sual altındadır".
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da builki bəyanatında soyqırım ifadəsini işlətməyib və bu münasibətinə görə fanatik qruplar tərəfindən satqın elan edilib.
Erciyes Universitetinin müəllimi, professor Qafar Çaxmaqlı "Türkiye Gazetesi"nə verdiyi açıqlamada deyib ki, bu bəyanatlar Ermənistan dövləti və onun diasporası tərəfindən səsləndirilən “erməni soyqırımı” iddialarının bir növ iflasıdır:
“Türkiyənin beynəlxalq istintaq komissiyasının yaradılması və dövrün bütün təcrübələrinin ekspertlər, rəsmi sənədlər işığında ortaya çıxarılması ilə bağlı israrlı tələbi illərdir ermənilər tərəfindən əngəllənib. Çünki bilirlər ki, bu prosesin sonunda həm özləri, həm də onları təhrik edən imperiya gücləri ifşa olunacaq. Hər kəs çox gözəl bilir ki, tarixdə belə bir soyqırım olmayıb. Əslində, ermənilərin Osmanlı sultanına qarşı sui-qəsdlər və müxtəlif şəhərlərdə yüzlərlə kütləvi qətllər törətmələri ilə bağlı sənədlərin olması danılmaz faktdır. Bu səbəbdən həm öz millətlərinin, həm də siyasi səbəblərə və türk düşmənçiliyinə söykənərək bu yalana qarışan ölkələrin hədər getməsindən qorxurlar. Bu faktı bir çox erməni tarixçiləri etiraf ediblər. Arxivlər açılsa və bu məsələni araşdırmaq üçün beynəlxalq komissiya yaradılsa, aydın olacaq ki, soyqırımı törədənlər türklər deyil. Məlum olacaq ki, onlar ermənidir".
Politoloq Elxan Şahinoğlu isə qəzetə açıqlamasında 109 ildir saxta adlar və şəkillərlə davam edən soyqırım iddiasının çökdüyünü vurğulayıb və Ermənistandakı müzakirələrin Türkiyənin əlini gücləndirdiyini qeyd edib:
"İrəvanda ciddi müzakirələr gedir. Ona görə də qondarma anım mərasimləri sönük keçir. Bu yalan həm erməniləri aldadır, həm də bütün siyasi və diplomatik manevr sahələrini məhv edir. Digər tərəfdən, radikal türk düşmənləri “soyqırım istismarında iştirak edən 30 dövləti də düşünməliyik” deyir. Keçmiş xüsusi təyinatlı səfir Edmon Marukyan bu narahatlığı açıq şəkildə dilə gətirib və bəyan edib ki, Ermənistanda “soyqırımı” müzakirələri genişlənərsə, bu, “erməni soyqırımı”nı tanıyan dövlətləri çətin vəziyyətə salacaq".
Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Oktay Hacımusalı da "Türkiye Gazetesi"ə mövzunu şərh edib:
“İrəvan bir tərəfdən 109 illik yalanı müzakirə edir, digər tərəfdən Fransa başda olmaqla Qərb dövlətlərinin kəşfiyyatı soyqırım yalanına Ələvi-Kürd-Assuri və Yezidiləri daxil etməyə çalışır. Artıq aylardır ki, Avropa və ABŞ-da lobbiçilik fəaliyyəti aparılır, yalan sübutlar verməyə cəhdlər edilir. Halbuki Anadoluda erməni qırğınlarında ən çox qurban verənlər kürdlər olub. Həmidiyyə Alayları xalqı ermənilərə qarşı müdafiə etdi. Eyni şey ələvilərə və yezidilərə də aiddir. İmperator dövlətlər aylardır bu dairələri ermənilərin tərəfinə çəkib, onların “biz də soyqırımın qurbanıyıq” deməsinə çalışırlar.
Bütün reallıq göz qabağında olduğu halda, “100 il də türkləri bu cəfəngiyyatlarla məşğul edəcəyik” deyə düşünürlər. Türkiyə vətəndaşları olan Ələvi, Yezidi və Süryanilər uzun müddətdir ki, bu xidmətlərin məngənəsindədirlər. Onlara, hətta yaşadıqları ölkələrdə Türkiyə rəsmiləri ilə görüşmək qadağan edilib. Bunun müqabilində vəzifə, pul, vətəndaşlıq kimi rüşvət verərək yalan ifadələr vermələri istənilir”.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ