Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Yekaterinburq şəhərində yerləşən E1.ru nəşrinin yaydığı məlumata görə, Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri kimi tanınan Şahin Şıxlinski saxlanılıb.
Musavat.com xəbər verir ki, o, Moskvadan Yekaterinburqa gətirilib.
Məlumata görə, Şıxlinski axtarışda olan şəxs kimi hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib və artıq onun barəsində istintaq hərəkətləri başlayıb.
Musavat.com xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Svedlovsk vilayəti üzrə şöbəsi tərəfindən yayımlanan sənədlərə əsasən, Azərbaycanın Ural bölgəsindəki diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mütəvəli Şıxlinski barəsində Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.
Rəsmi sənəddə göstərilir ki, 2025-ci il iyulun 1-də, saat 20:40 radələrində Yekaterinburqda Şahin Şıxlinski “Mercedes Benz” markalı avtomobili idarə edərkən saxlanılıb. Avtomobildə sərnişin qismində onun oğlu Mütəvəli də olub. Saxlama əməliyyatı Rusiya Daxili İşlər Nazirliyi və SOBR xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.
Saxlanılma zamanı hüquq-mühafizə orqanları ataya və oğula avtomobildən çıxmaq əmri veriblər. Lakin sənəddə qeyd olunur ki, Şahin Şıxlinski əməkdaşı itələyib və avtomobili geriyə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib. Bu zaman hüquq-mühafizə orqanlarının əməkdaşı açıq avtomobil qapısı ilə maşın arasında sıxışaraq baş və dirsək nahiyəsindən ciddi xəsarət alıb.
İstintaqın versiyasına görə, hər iki şəxsin hərəkətləri hüquq-mühafizə orqanı əməkdaşına qarşı zorakılıq kimi qiymətləndirilib və şəxsi məlumatları məxfi olan bir əməkdaşın təhlükə altına atılması faktı ayrıca vurğulanıb.
Cinayət işi üzrə qərarı Rusiya İstintaq Komitəsinin sədr müavini, ədliyyə general-polkovniki E.V. Kaburneev imzalayıb.
Hazırda həm Şahin Şıxlinski, həm də oğlu istintaq altında saxlanılır. Onların cinayət məsuliyyətinə cəlb olunmaları barədə prosedurlar davam etdirilir.
Musavat.com ittihamda göstərilən situasiyaya dair görüntüləri təqdim edir:
Qeyd edək ki, bundan əvvəl Şahin Şıxlinskinin oğlu – Mütəvəli Şıxlinski də saxlanılmışdı.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ