Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstandakı geosiyasi proseslərə birbaşa təsir edəcək yeni qanun layihəsini – MEGOBARI Aktını (rəsmi adı: “Çin Kommunist Partiyası, İran rejimi və Rusiya Federasiyasının Gürcüstana təsirinə qarşı fəaliyyət haqqında akt”) qəbul edib.
Musavat.com xəbər verir ki, iki partiyanın dəstəyi ilə irəli sürülən qanun layihəsi palatanın 433 üzvündən 349-nun lehinə səsi ilə qəbul olunub. Yalnız 42 konqresmen əleyhinə səs verib, digər 42 nəfər isə ya bitərəf qalıb, ya da iştirak etməyib. Qəbul üçün minimum 218 səs tələb olunurdu. Layihəyə həm Respublikaçılar (220), həm də Demokratlar (213) arasında ciddi dəstək verilib.
Layihə Gürcüstanda demokratik proseslərdən geri çəkilən, Çin, Rusiya və İranla yaxınlaşmağa çalışan hakimiyyət dairələrinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Əks halda, Gürcüstanın ABŞ-la daha dərin əməkdaşlığı, o cümlədən iqtisadi və təhlükəsizlik sahəsində dəstəyi artırıla bilər.
Qanunun qüvvəyə minməsi üçün indi bu sənədin ABŞ Senatında qəbul olunması və Prezident Donald Tramp tərəfindən imzalanması gözlənilir. Qeyd edək ki, artıq 27 mart 2025-ci ildə Senatın Xarici Əlaqələr Komitəsi bu layihəyə dəstək verdiyini açıqlayıb.
ABŞ Konqresi bu addımla Cənubi Qafqazda siyasi meyilləri izlədiyini və demokratiya prinsiplərinə sadiq qaldığını bir daha nümayiş etdirir. Gürcüstan hakimiyyəti isə bu qanun layihəsinin mümkün nəticələri ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
Musavat.com
06 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ