İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR-ın ofisinə hücum edənlər qandallandı - təxribatın səbəbi...

Deputat xain planın gizli məqamlarını açıqladı; “İranın adamları Azərbaycanı Türkiyənin ictimai rəyində gözdən salmaq, inanclı insanları bizə qarşı qəzəbləndirmək məqsədilə...”

Ötən həftə SOCAR-ın İstanbulda yerləşən ofisinə bir qrup təxribatçı hücum edib.  Bu, təbii ki, Türkiyədə bəzi qrupların  SOCAR-ı hədəf almaqla Azərbaycana qarşı aparılan antipiar kampaniyasıdır. 

İlkin araşdırmalarla bu hücumun Türkiyədə kök salmış və İranda bəzi qüvvələr tərəfindən dəstəklənən qruplaşmaların əli ilə  təşkil olunduğu təsbit edilib. Eyni qruplaşmalar aylardır ki, sosial şəbəkələrin Türkiyə seqmentində “SOCAR-ın İsrailə neft satdığını” bəhanə edərək, Azərbaycana qarşı kampaniya aparırlar.

Əslində isə SOCAR heç də İsrailə neft satmır. Bütün bunlar da qəsdən ortaya atılan saxta xəbərlər, qarışıqlıq yaratmaq arzusunda olanların planlarının bir parçasıdır.  

Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına isə şirkətlər nəzarət edə bilmir.

Görünən odur ki, bu informasiya manipulyasiyasında məqsəd SOCAR-ı hədəf göstərməklə bütövlükdə Türkiyə-Azərbaycan dostluğuna kölgə salmaq, Türkiyə ictimai rəyində Azərbaycanın nüfuzuna zərər vurmaqdır.

Qeyd edək ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 15 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb. SOCAR bununla Türkiyənin ən böyük birbaşa xarici investisiya şirkətidir.

İyunun 3-də SOCAR-ın Türkiyə ofisinə hücum etməkdə şübhəli olan şəxslər ələ keçib.

Türkiyə mediası xəbər verib ki, hücumla bağlı “Fələstin Üçün Min Gənc” təşkilatının 13 üzvü saxlanılıb. 

Onların izahatlarının alındığı, daha sonra ədliyyə orqanlarına təhvil verildiyi qeyd olunub. 

“Hər kəs gözəl bilir ki, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi gücləndikcə, sadəcə, bəyanatlarda deyil, real məzmun və praktikada özünü təsdiq etdikcə, bu birliyə qarşı çıxanların və onu pozmaq istəyənlərin sayı artacaq. Son illər iki qardaş ölkənin birliyi və müttəfiqliyi nəticəsində Cənubi Qafqazda güc balansının dəyişməsini, Şərqi Avropa və Mərkəzi Asiyada yeni geosiyasi reallıqların yaradılmasını həzm etməyənlər az deyil”.

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Azay Quliyev bildirib. 

O qeyd edib ki, son günlərin hadisələri göstərir ki, prosesin bu yöndə müsbət inkişafı bir çoxlarını, xüsusilə İranı narahat etməyə başlayıb: “İran artıq Türkiyədə proksiləri vasitəsilə hərəkətə keçərək Azərbaycana, konkret desək, "SOCAR Türkiyə"yə qarşı əyləmlərə və təxribatlara başlayıb. Bu yaxınlarda İran adamlarını “SOCAR Türkiyə”nin ofisi qarşısında toplayaraq Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətlərinə kölgə salmaq məqsədilə cəmiyyət üçün çox həssas bir mövzunu istismar etməyə başlayıb: guya SOCAR birbaşa İsrailə neft satır və bunu dərhal durdurmaq lazımdır.

Əvvəla, onu deyək ki, SOCAR İsrailə neft satmır və bu haqda yayılan iddianın heç bir əsası yoxdur. Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına şirkətlər nəzarət edə bilmirlər.

Başqa sözlə desək, İranın adamları Azərbaycanı Türkiyənin ictimai rəyində gözdən salmaq, ləkələmək, özəlliklə, inanclı insanları bizə qarşı qəzəbləndirmək məqsədilə “İsrail mövzusundan” vicdansızcasına istifadə etməyə, yalan və fake xəbərlər yaymaqla iki qardaş ölkənin strateji münasibətlərinə xələl gətirməyə çalışırlar.

“SOCAR Türkiyə”ni hədəf seçmələri də təsadüfi deyil. Çünki 20 milyard ABŞ dollarından çox Türkiyəyə yatırılan Azərbaycan sərmayəsinin önündə bu qurum gedir.

Əminəm ki, türk vətəndaşı, Türkiyə ictimaiyyəti SOCAR-ı və bütövlükdə ölkəmizi gözdən salmağa, Azərbaycan-Türkiyə birliyini və qardaşlığını zədələməyə hesablanmış bu cür çirkin planların mahiyyətini gözəl anlayırlar. Düşünürəm ki, hər iki qardaş ölkənin ictimai rəy liderləri və siyasətçiləri bu həssas dönəmdə daha ayıq-sayıq olmalı, birliyimizə və müttəfiqliyimizə qarşı yönələn istənilən təxribatı vaxtında ifşa etməyi bacarmalıyıq".

T.ƏHMƏDLİ
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR