İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR Aralıq dənizində İsraillə şərik oldu

İlham Şaban deyir ki, SOCAR-ın ehtiyatlarının azaldığı vaxtda xarici bazarlarda addımlar atması təqdirəlayiqdir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Union Energy” şirkəti ilə İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan və böyük önəm daşıyan “Tamar” layihəsində effektiv olaraq 10 % payın alınması üzrə müqavilə imzalayıb. SOCAR-ın məlumatında deyilir ki, müqavilənin qüvvəyə minməsi üçün müəyyən şərtlərin yerinə yetirilməsi, o cümlədən müvafiq qaydada tənzimləyici və digər təsdiqlərin alınması tələb olunur.

“Bununla da SOCAR Aralıq dənizi hövzəsində ”upstream" sahəsində investisiya layihələrini həyata keçirməyə başlayır. SOCAR xarici ölkələrdə strateji aktivlərdə iştirak payının alınması istiqamətində bundan sonra da fəaliyyətini davam etdirəcək", məlumatda deyilir.

“Tamar” təbii qaz yatağı Aralıq dənizində İsrail sahillərində yerləşir. 2009-cu ildə kəşf edilib və 2013-cü ildən istifadəyə verilən yatağın 389 milyard kubmetr təbii qaz ehtiyatına malik olduğu təxmin edilir. “Tamar” layihəsinin operatoru ABŞ-ın  “Chevron” şirkətidir.

2024-cü ilin mart ayına olan açıq mənbə məlumatlarına əsasən, səhmdarlar: Chevron Corp. (ABŞ) - 25%, Isramco (İsrail) - 28,75%, Mubadala Energy (BƏƏ) - 11%, Union Energy (Nigeriya)- 11%, Tamar Petroleum (İsrail) ) - 16,75%, Dor Gas (İsrail) - 4% və Everest (İsrail) - 3,5%.

Bəs görəsən, SOCAR-ın “Tamar” layihəsində pay alması Azərbaycanın beynəlxalq enerji bazarındakı mövqeyinə necə təsir göstərə bilər? Bu investisiya SOCAR-ın gələcəkdə Aralıq dənizi hövzəsində digər layihələrə qoşulması üçün nə dərəcədə strateji əhəmiyyət daşıyır?

Qeyd edək ki, SOCAR bundan əvvəl aparıcı ölkələrlə mühüm layihələrə imza atıb. 2023-cü il yanvarın 15-də Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb. Qurumdan bildirilib ki, Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənir.

Azərbaycan dövlətinin Avropa qitəsində həm təbii qaz, həm də bərpa olunan enerji istehsalı ilə bağlı gələcək layihələri  da eyni  uğurla həyata keçirilir. Prezident İlham Əliyev ötən il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında bildirdi ki, Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Təbii ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir, baxmayaraq ki, bu, müəyyən investisiya və vaxt tələb edir.

Neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan son illər Avropaya “mavi yanacaq” ixracını genişləndirib. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Avrasiyanın enerji xəritəsini formalaşdırır. Hazırda Azərbaycan qazının ixrac tədarükünün təxminən 50 faizi Avropa ölkələrinin payına düşür. Azərbaycanın İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstana qaz tədarükü üzrə müqavilələri var. Eyni zamanda, ölkəmizdən qaz almaq istəyən daha bir qrup ölkələr var. Dövlət başçımız çıxışında çox mühüm bir məsələyə də toxunaraq bildirib ki, qaz layihələri anti-ənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil. Buna görə də Azərbaycan qazının Avropaya nəqlini artırmaq üçün əlavə investisiyalara ehtiyac var. Həyata keçirilən  mühüm, nəhəng layihələr Azərbaycan dövlətinin gücünün, qüdrətinin, potensial imkanlarının göstəricisidir.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biri olaraq dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində aparıcı mövqe tutur. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən, Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyində danılmaz rola malikdir.

İlham Şaban – Caspian Barrel

 İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Təbii ki, bu hadisə ilk növbəti SOCAR üçün onun fəaliyyət coğrafiyasının genişləndirilməsi deməkdir. Bundan əlavə SOCAR Azərbaycan sərhədlərindən kənarda əvvəllər olduğu kimi ticari-xidmət sektorlarında deyil, həm də hasilat sahəsində yeni layihələrə qoşulur. Qeyd edim ki, 2024-cü ildə SOCAR tarixində ilk dəfə olaraq BƏƏ-də hasilat layihəsinə qoşulmuşdu. Amma bu neft hasilatı idi. İndi isə qaz hasilatı layihəsinə qoşulmaqla enerji daşıyıcılarının xarici bazarlarda əldə edilməsi imkanlarını genişləndirir. Təbii ki, Azərbaycanda SOCAR-ın özünün yataqlarının, ehtiyatlarının azaldığı zaman xarici bazarlarda bu istiqamətdə addımlar atması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Bundan əlavə sözügedən hadisə eyni zamanda SOCAR-ın həm də Azərbaycanın dövlətlərarası iqtisadi əlaqələrin genişlənməsi və möhkəmlənməsi məsələsinə verdiyi töhfə kimi qiymətləndirilməlidir”.

O da qeyd edilir ki, Azərbaycan qaz ixracatçısı olsa da, müəyyən həcmdə enerji resurslarının xaricdən əldə etməsi ölkənin enerji təhlükəsizliyini və strateji ehtiyatlarını gücləndirəcək. SOCAR-ın xaricdə hasilat payına malik olması qlobal bazarlarda enerji resurslarının əlçatanlığını artırır. Qurumun beynəlxalq layihələrə qoşulması onun dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlığını genişləndirir və beynəlxalq təsir dairəsini artırır. “Tamar” layihəsində Chevron, Mubadala Energy və digər iri oyunçular yer alır ki, bu da SOCAR-ın beynəlxalq enerji şəbəkəsində daha güclü mövqe tutmasına imkan yaradır. SOCAR əsasən Xəzər regionunda fəaliyyət göstərsə də, Aralıq dənizi hövzəsində iştirak etməklə coğrafi diversifikasiyanı artırır və yeni bazarlara çıxış əldə edir. Bu addım Azərbaycanın enerji sektorunda təkcə hasilatçı yox, həm də qlobal investor rolunu gücləndirir. Bundan əlavə, İsrail qazının əsas istehlakçıları Avropa və Asiya bazarlarıdır, bu da Azərbaycanın gələcək ticarət və nəqliyyat marşrutları ilə əlaqələndirilə bilər. Azərbaycanın bu bazara daxil olması İsrail ilə enerji sahəsində münasibətlərin inkişafına töhfə verə bilər. Xarici hasilat layihələrində iştirak etmək SOCAR-a sabit valyuta gəliri gətirməsi baxımdan da əhəmiyyət kəsb edir. “Tamar” yatağının 389 milyard kubmetr ehtiyatı var və uzunmüddətli gəlir mənbəyi kimi mühüm rol oynaya bilər. Aralıq dənizi hövzəsində qaz hasilatı ilə məşğul olan beynəlxalq şirkətlərlə əməkdaşlıq SOCAR-ın texnoloji biliklərini artırmağa və yeni hasilat metodlarını öyrənməyə imkan verəcək. SOCAR-ın xaricdə daha çox enerji hasilatı layihələrinə investisiya etməsi gözləniləndir. Xüsusilə Afrika, Yaxın Şərq və Mərkəzi Asiya kimi enerji resursları baxımından zəngin bölgələr maraq dairəsində ola bilər. Aralıq dənizi hövzəsində İsrail və digər ölkələrlə yeni enerji əməkdaşlıqları inkişaf etdirilə bilər. Azərbaycanın xarici enerji bazarlarındakı mövqeyi gücləndikcə, SOCAR qlobal enerji şəbəkəsinin daha böyük oyunçularından birinə çevrilə bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR