İnsanlara hürriyət, millətlərə istiqlal!

Şlaqbaumlu şəhər - bəzi sakinlər öz həyətlərini qapalı hərbi obyektə döndəriblər

Ekspert: “Avtomobilini hər gün saatlarla ödənişli parkinqdə saxlayanlar bunun üçün hər ay ən azı 300 manat xərcləməlidirlər”

Paytaxt Bakı yavaş-yavaş qapalı şəhərə dönür. O mənada ki, yeni inşa edilən yaşayış kompleksləri 17-18 mərtəbəli binalardan ibarət olur, geniş ərazini əhatə edir və kompleksin rəhbərləri, sakinləri həyərin giriş-çıxışına şlaqbaum qoyur, onu müstəqil bir xarici ölkənin sərhədiymiş kimi  qoruyurlar. Nəzarətçilərdən tez-tez “yad adamların girişi qadağandır”, “kənar adamlar burada avtomobil saxlaya bilməzlər” kimi qadağanedici sözlər eşitmək olur.

“Nədən olmaz, bu ərazi Azərbaycana məxsus deyilmi? Bura hərbi obyektdir, yoxsa öz sərhədləri və qanunları olan müstəqil dövlətdir, nədir?” deyə soruşduqda cavab belə olur: “Buranın sakinləri pul verib özlərinə bina tikdiriblər, infrastruktur düzəldiblər”.

Bu məntiqlə onda ölkənin qəsəbə və kəndləri də yaşayış məntəqəsinin giriş-çıxışına şlaqbaum qoya, “yad adamları” içəriyə buraxmaya bilərlər. Çünki bu, onların dədə-baba torpaqlarıdır, yüz illərdir orada yaşayırlar.

Ən pisi odur ki, bu “epidemiya” şəhərin köhnə məhəllələrinə də sirayət edir, artıq onlar da şlaqbaum haqqında fikirləşirlər.

Yeri gəlmişkən, bu ilin yanvar ayında Fövqəladə Hallar Nazirliyi reyd keçirərək bir neçə həyətdə şlaqbaumları sökmüşdü. Bunun yanğın təhlükəsizliyi üçün görülən tədbir olduğu bildirilmişdi. O da bildirilib ki, reydlər davam etdiriləcək.

Yeni binalarda şlaqbaumları adətən mənzil-tikinti kooperativlərinin sahibləri, köhnə binalarda isə sakinlər özləri pul yığaraq quraşdırır.

Qeyd etmək yerinə düşər ki, həyətlərdə şlaqbaum quraşdırılması məsələsinə heç bir dövlət və yaxud yerli özünüidarəetmə qurumu nəzarət etmir. Şlaqbaum qoymaqla bağlı qanunda qadağa yoxdur.

Qanunla tənzimlənmədiyi üçün sakinlər məsələni müstəqil qaydada həll etməyə çalışırlar. 

Onu da qeyd edək ki, Mülki Məcəllənin 225-ci maddəsinə əsasən, çoxmənzilli binaların həyətləri ümumi mülkiyyət sayılır. Bu səbəbdən, belə ərazilərdə hər hansı dəyişiklik, o cümlədən şlaqbaum quraşdırılması, bütün mülkiyyətçilərin razılığı və ya onların böyük əksəriyyətinin qərarı ilə həyata keçirilməlidir.

DİQQƏT! Paytaxtın bu ərazisində ev qiymətləri 2-3 dəfə ARTACAQ

Elnur Azadov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, problem təkcə çoxmərtəbəli binalara aid deyil: “Şəhərin mərkəzində demək olar ki, bütün həyətlərdə şlaqbaum qoyulub. Parkinqlər ödənişli olduğu üçün, qiymətlər də 0,70 AZN-dən 1 AZN-ə qədər dəyişdiyinə görə istənilən vətəndaş qənaət etməyə çalışır. Xüsusilə iş yerinə yaxın ərazidə maşın saxlamağa çalışanlar bu məsələdən şikayət edirlər. Avtomobilini hər gün saatlarla ödənişli parkinqdə saxlayanlar bunun üçün hər ay ən azı 300 manat xərcləməlidirlər. Qənaət etmək üçün yaşayış binalarının həyətlərinə üz tutan sürücülər bu dəfə də sakinlərin narazılığı ilə qarşılaşırlar. Sakinlər haqlı olaraq öz avtomobilləri üçün yer qalmadığını əsas gətirərək son zamanlar həyətlərin girişinə şlaqbaum qoydururlar. Bina və onun həyətində olan digər hissələr ümumi əmlaka daxildir. Həyət də sakinlərə məxsusdur. Kooperativ tikililərdə bütün hüquqlar bərabərdir, birbaşa qanunla tənzimlənir. Yəni bu kimi məhdudiyyətlərə icazə verilir. Köhnə yaşayış binalarında da həyət sakinlərin qismən mülkiyyəti hesab olunur. Odur ki, həyətdən istifadə səlahiyyəti ilk növbədə onlara aiddir. Bu baxımdan məhdudiyyət qoyulması qanun və qaydalara uyğundur”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR