İnsanlara hürriyət, millətlərə istiqlal!

Sizin seriallar toxunulmazdır?!

Tariximizin möhtəşəm səhifələri yazılmaqdadır. Qazax rayonunun işğaldan azad edilən 4 kəndində bayrağımız dalğalanır! Heç bir şübhəmiz yoxdur ki, bir müddət sonra Qazaxın daha 3 kəndi və Sədərəyin Kərkisi də erməni tapdağından azad olunacaq! Daha sonra Zəngəzur dəhlizi açılacaq! Bütün bunlar “olmazsa, olmaz!”dır, əksi mümkün deyil!

2023-cü ilin 23 aprelində tarixdə ilk dəfə olaraq Laçında, Həkəri körpüsü üzərində Azərbaycanla Ermənistan arasında sərhəd buraxılış məntəqəsi quraşdırıldı! 2024-cü ilin 24 aprelində Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsinin əsası qoyuldu, sərhəd dirəyi basdırıldı, bu da bir ilk! Beləcə, dövlətimiz ilkləri sıralayır, bununla həm də hər bir vətəndaşa zəfərə uyğun şəkildə sıralanmağı, fəaliyyət göstərməyi təlqin edir.

1710142187_serhed.jpg (215 KB)

Adətən, baş verən möhtəşəm hadisələrə reaksiya verərkən “film kimi” deyirik. Amma şahidi olduğumuz tarixi hadisələrə, film kimi reallıqlara kino çəkməyə gecikirik, çox təəssüf ki...Neçə illərdir ki, müzakirələr gedir: kinonu indi çəkək, yoxsa gözləyək, qələbəni “həzm eləyək”, yazıçılarımıza, kino xadimlərimizə ilham pərisi qonaq gəlməsini gözləyək? Niyə axı, böyük kino nümunələrinin yaranması üçün illər keçməlidir? Bu gün Ermənistanın 30 il ərzində darmadağın etdiyi şəhər və kəndlərimizdə abadlaşdırma, yenidənqurma işləri aparılır. Həmin dağıntılar üzərində filmlər çəkmək daha yaxşı olardı, yoxsa illər sonra hansısa maketlər quraşdırmaqla manipulyasiya etmək? Erməni vandalizminin “əl işləri” ortada ikən, Ağdam xarabalıqları, dağıdılan məzarlar, sındırılan baş daşları, ocağı söndürülmüş evlər, doğranan tarixi ağaclar, məhv edilən təbii gözəlliklər, hamısı işğal tarixinin canlı şahidləridir. Onları niyə kino dili ilə dünyaya yaymağa çalışmırıq? On illər sonra ermənilər deyəcək “biz heç nə eləmədik, Azərbaycan bizi genosid elədi”. Elə bu gün, 24 apreldə qondarma “soyqırım”a yas tutanların nə sifət sahibi olduğunu görmürükmü? 40-cı illərdə sovet ordu hissələri İran ərazisinə yeridiləndə yerli əhalinin böyük hissəsinin azərbaycanlı olmasını əsas götürən hakimiyyət Azərbaycanın şair və yazıçıları, sənət adamlarını da dəstə-dəstə Cənubi Azərbaycana göndərmişdi. Əsərlər yazılırdı, ideoloji təbliğat aparılırdı. Tarixdə Tirtey adlı bir çolaq şair nümunəsi də var. Döyüşə aparmayıblar, əl-ayağa dolaşmasın. Amma israrla gedib və yazdığı marşlar sayəsində ordu qalib gəlib. Məntiqlə gərək onda da deyəydilər ki, gözləyək, vaxt keçsin, sonra əsərlər yazarıq...

qalibkomandan24.12.2020_1608850880.jpeg (60 KB)

Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Ordusu qalib gəlib, möhtəşəm zəfərlərə imza atıb, hər hansı şair, yazıçı, ya kinorejissorun köməyini gözləmədən. Amma heç olmasa bundan sonra tarixi zəfərlərimizə layiq əsərlərin ərsəyə gəlməsinə çalışmaq lazımdır.

Telekanallara baxın, əcaib adlar altında seriallar verilir, adlarını çəkmirəm, çünki baxmıram. Amma niyə o filmlərin heç olmasa bir parçası Qarabağ zəfərinə aid olmur, niyə ancaq ər-arvad xəyanəti, hansısa düşük məişət mövzuları ssenarilərin əsas mövzusuna çevrilir?

Ən pisi odur ki, efirlərdəki serialları tənqid edənlər də aşağılanır, olduqca dözülməz mövqe nümayiş etdirilir. Bir neçə gün əvvəl Xalq artisti Əli Nur hansısa serialı tənqid edibmiş. Filmə baxmamışam. Ona görə də kimin haqlı olduğunu deyə bilmərəm. Amma...Serialı müdafiə edən aktyor Kamran Ağabalayevin yazdıqlarını oxuyanda heyrətə gəldim.
Siz də oxuyun: “O gün “xalx(q)ın artistlərindən” biri açmışdı ağzını, danışmırdı. Məhz ağzını açmışdı ki, “Alatava” elə, yaxud belə”… “Tənqidə hər zaman açığam, elə uşaqlar da həmçinin, amma 8 oynadığı filmdə 8 dəqiqə ekran vaxtı olan xalxın artistinin başı üçün deyil əziyyəti yerə vurmaq. Amma eybi yox, başı üçün olmayanların yaşına hörmət etməyi çox şükür bilirik”.

Kimsə kommersiya məqsədləri naminə adını serial qoyub “çəkir eee...” Başa düşdük, qazanmaq, nə yolla olur-olsun populyarlaşmaq istəyirlər. Amma Xalq artisti adını sənəti ilə qazanmış sənətkara “xalxın artisti” demək, yaxud “başı üçün deyil” yazmaq...Adını siz qoyun!
Əli Nur ŞƏHİD ATASIDIR! Danışmağa haqqı olan insandır, sənətkardır! Əli Nur özü üçün əbədi abidə qoyub, Şuşanın bir addımlığında, Daşaltıda canını Vətənə qurban edən baş leytenant Rövşən Nurzadə kimi cəngavər oğul böyütdüyünə görə! Əli Nurun ən böyük sənət əsəri Şuşadan, Cıdır düzündən
“Salam oğlum, Vətənə arxa duran qəhrəman!
Daşaltıda düşmənə qan udduran qəhrəman!
Sən bu xalqın əbədi xatirində qalmısan,
Şuşanın göylərindən cənnətə yol salmısan…” səslənişi, nidası, fəryadıdır. Bu, fəxarət, qüruru dolu səslənişi ünvanlayan ŞƏHİD ATASIna necə həqarət etmək olar?!



Film çəkən tənqidə açıq olmalıdır, bunu bacarmırsa, sənətini dəyişsin! Sovet dövründə belə, ədəbi tənqidə hava-su kimi ehtiyac duyulurdu, indi niyə top-tüfənglə qarşılayırlar tənqidi fikirləri?

Aktyor Kamran Ağabalayevin müəllif proqramlarını izləyirəm imkan düşəndə. Özəllikləri var. Fərqlənir. Amma sevimli sənətkarımızın fikirlərinə qarşı dözümsüz  yanaşması gözlənilməz oldu. Heç yaraşmadı...

Görünür, bəzi hallarda yaradıcı heyət üzvləri hesab edirlər ki, hansısa anda tənqidə dözümsüzlük nümayiş etdirmək, “barıtı çox eləməklə” tamaşaçı auditoriyasını artıra bilərlər. Əgər belədirsə, çox ayıb! Şəhid valideyni hədəf seçilə bilməz! Ali Baş Komandanın şəhid valideynlərinə münasibəti bütün fəaliyyət sahələrində nümunə olmalıdır! Qırmızı xətti keçmək olmaz! Xüsusilə də o xətt qanla çəkilibsə...

resize (1).jpeg (98 KB)

Əslində şəhid atası, Xalq artisti Əli Nurun baş qəhrəman olduğu film çəkilməliydi. Şuşanın dağlarında cərəyan edən hadisələrin yer aldığı kino nümunəsi. Baş qəhrəman olmağa haqq edən sənətkara “başı üçün deyil” yazmaq çox ayıbdır, çox. Əziyyətin yerə vurulmasına gəlikdə, özlərini bir anlıq Əli Nurun yerində təsəvvür eləsinlər. Bacarırlarsa...Filmi elə çəkin, ürəyə toxunsun, məşhur kinoda deyildiyi kimi. Kinonun və yaradıcı heyətin tənqidə immuniteti olmalıdır. Yoxsa tənqid edənə təhqirlə reaksiya verilməməlidir! Toxunulmaz şəhidlərdir, onların valideynləridir, sizin çəkdikləriniz yox! Bundan əvvəl də bir “serial” tozanağı qalxmışdı, müəlliflər iddia edirdilər ki, onların “pişiyinə “prız” demək olmaz!”

 Üzr istəmək üçün gec deyil. Həm də İkinci Fəxri Xiyabandakı şəhid məzarından! Təki bir daha belə yanlış olmasın!

Və...Film çəkin, ürək qırmayın! Özü də elə çəkin, ürəyə toxunsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR