Onlayn ictimai-siyasi qəzet
Adam heç yaza da bilmir ki, Bakı ilə İrəvan arasında münasibətlər növbəti dəfə də gərginləşibdir, çünki onlar müstəqillik əldə edəndən müharibədən, atışmadan savayı aralarında heç bir münasibət olmayıbdır.
Yalnız bu son vaxtlarda ümid olunurdu ki, deyəsən, erməni liderləri qanmağa başlayıblar ki, daha belə gedə bilməz, gərəkdir ki, regional siyasətlərini dəyişsinlər, Bakı və Ankara ilə yeni münasibətlər qursunlar.
Gizlətmirik ki, bu ümidlər Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra yaranıbdır. Di gəl, bu Nikol stabil adam deyil, gündə bir söz deyir. Bir neçə həftə bundan əvvəl deyilirdi ki, Azərabaycanla hələlik dörd kəndin qaytarılması ilə bağlı danışıqlar aparılır. Amma bir-iki gün bundan əvvəl erməni baş naziri bildirdi ki, bəs Ermənistan ərazsində Azərbaycanın heç bir anklavı-filanı yoxdur və Bakıya heç bir kənd verilməyəcəkdir.
Az sonra bunu azca korrektə etdilər: dedilər ki, səkkiz kəndin qaytarılmasına yalnız sərhədlərin delimitasiyası və demarkasiyası başa çatandan sonra baxıla bilər. Bu isə o deməkdir ki, faktiki olaraq əlinizi səkkiz kənddən çəkin, çünki delimitasiya və demarkasiya çox uzun çəkən prosesdir, misal üçün bildirək ki, İrəvan bu son otuz ildə Tiflislə sərhədlərin yalnız üçdən ikisini razılaşdıra bilib. Elə biz özümüz də dost ölkə olan Gürcüstanla sərhədlə bağlı danışıqları hələ başa çatdırmamışıq, yəni bu, uzun çəkən prosesdir, həm obyektiv, həm də subyektiv səbəblərdən...
Bir sözlə, təəssüf, Ermənistan tərəfindən ziddiyyətli bəyanatlar və açıqlamalar biri-birini əvəz etməkdədir – bir daha deyirik ki, gah ilk dörd kəndi Azərbaycana qaytarmaq haqda danışırlar, gah da bunu təkzib edən bəyanatlarla çıxış edirlər. İndi ermənilərin hansı sözünə inanasan?
Qərəz, hazırda iki ölkə konteksində əsasən hərb məzmunlu xəbərlər dolaşır və müzakirə edilir.
Azərbaycanlılar prinsipcə, haqlı olaraq belə hesab edirlər ki, səkkiz kəndi qaytarmaq üçün daha bir lokal xarakterli ante-terror əməliyyatları keçirməyə ehtiyac vardır.
Biz isə burada qeyd edərdik ki, bir az gözləmək lazımdır, tələsməyə dəyməz. Hazırda Paşinyan qarşısında duran əsas məsələ konstitusiya islahatlarıdır. Burada da Azərbaycan və Türkiyə ilə bağlı məqamlar var və erməni baş naziri N.Paşinyan əhalidə Bakıya və Ankaraya bu qədər “güzəştə” getməyə hazır olduğu təəssüratını yarada bilməz.
Dedik ki, tələsmək lazım deyil. Hətta ona görə də yox ki, Ermənistanın Yunanıstan, Hindistan və Fransa ilə hərbi alyans yaratması haqqında xəbərlər gəlir və bu ölkələr İrəvanı silahlandırırlar – kimi pulla, kimi də pulsuz. Yox, məsələ qəti bunda deyil. Hələ bir sıra məsələlərin bir az da aydınlaşmasına ehtiyac var.
Əvvəlcə onu deyək ki, İrəvanın növbəti “geosiyasi çoxbucaqlı”sında Moskva və Tehran yer almayıbdır. Rusiya ilə Ermənistan arasında münasibətlər maksimum dərəcədə soyuq fazaya daxil olubdur. Paşinyan əvvəl bildirdi ki, KTMT çərçivəsində fəaliyyətimizi dondurmuşuq, halbuki “rus NATO-su”nda belə mexanizm nəzərdə tutulmayıb – burada ya qalmaq olar, ya da çıxmaq. Bəlkə də buna görə erməni baş naziri daha sonra bəyan etdi ki, Kreml onların tələblərini nəzərə almasa, hətta ola bilsin ki, ilin sonunda İrəvan KTMT-i tərk edəcəkdir.
Hələlik bu “tələblər” tam açıqlanmır, amma təxmin etmək olar ki, söhbət Azərbaycana hərbi təzyiqdən gedir.
Kreml Ermənistanın bəyanatını çox soyuq qarşıladı, halbuki KTMT-nin tarixində üzv ölkələrin onu tərk etməsi, hətta sonradan geri qayıtması halları olubdur – misal üçün bildirək ki, bəzi Mərkəzi Asiya ölkələri belə edibdir, səhv etmiriksə, məsələn, Özbəkistan əvvəl bu təşkilatdan çıxmış, daha sonrasa təkrar geri qayıtmışdı. Yəni bu, Rusiya üçün böyük sürpriz deyil, amma siyasi müşahidəçilərin demək olar, yekdil rəyi budur ki, Mərkəzi Asiya ölkələrindən fərqli olaraq, Rusiya Ermənistana bu “geosiyaşi şıltaqlığı” bağışlamayacaq. Ermənilərin artıq Zvartnost hava limanından Rusiya sərhədçilərini tam çıxarmağa hazırlaşdığı haqqında xəbərlər gəlir. Amma İrəvan bir məsələni də bilməlidir ki, müstəqil ordu, müstəqil sərhədçilər yaxşı şeydir, amma həm də böyük xərc deməkdir. Ermənistan buna hazırdırmı?..
O ki qaldı Tehrana, o, da Ermənistanın siyasi alyanslarında yer almır, amma onun İrəvanla intensiv münasibətləri davam edir. Hətta Ermənistanın öz ərazisinə İran əsgərlərini gətirəcəyi deyilir. Amma bizə elə gəlir ki, siyasi müşahidəçilər burada bir az şişirtməyə varırlar. Ona görə ki, Tehranın arzuları ilə imkanları uyğun gəlmir. Son bir neçə ayda onun fələstinliləri və Qəzzanı necə “qoruduğunu” biz hamımız gördük. Güman ki, onlar Ermənistanı da belə “qoruyacaq”lar...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ