Onlayn ictimai-siyasi qəzet
Siyasi partiyaların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə növbəti səfəri təşkil olunub.
Musavat.com bildirir ki, ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə aprelin 29-da Laçına yola düşüblər.
Səfər iştirakçıları Laçında görülən bərpa-quruculuq işləri ilə əyani surətdə tanış olacaqlar.
Siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə üstünlük verməsinin təzahürüdür.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində təşkil olunan bu səfər sayca altıncıdır.
Bundan öncə ölkə siyasilərinin birgə səfərləri Xankəndi, Ağdam, Şuşa (2 dəfə) və Zəngilana təşkil olunub. Belə ki, partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri 2021-ci ilin martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfəri 2021-ci il oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib. Növbəti səfər çərçivəsində siyasilər Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci ilin iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər. 2022-ci il iyunun 24-də gerçəkləşmiş dördüncü birgə səfərin ünvanı Zəngilan, beşinci səfərin ünvanı isə 2025-ci il martın 6-da Xankəndi, Əsgəran, Xocalı olub.
Xalidə Gəray
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ