İnsanlara hürriyət, millətlərə istiqlal!

Sıravi rayanları necə xilas etməli? - Mənasız müharibədən yayınmaq istəyənlərə dair iki mövqe

AXCP sədri Əli Kərimli Rusiyada elan edilmiş və 300 min hərbi mükəlləfiyyətli şəxsi əhatə edəcək "qismən səfərbərlik"lə bağlı şimal qonşumuzda başlanan ajiotaja münasibət bildirərək, indi bir nömrəli milli vəzifəmizin Rusiyada yaşayan azərbaycanlıları Putinin Ukrayna ilə müharibəsindən xilas etmək olduğunu yazıb. Ə.Kərimlinin fikrincə, əks təqdirdə minlərlə azərbaycanlı Putinin savaş avantürasının qurbanı olar: "Hərbi səfərbərlik Rusiya vətəndaşı olan azərbaycanlıları da əhatə edəcək. 603 min nəfər azərbaycanlı Rusiya vətəndaşıdır. Böyük çoxluq 20-45 yaşlı kişilərdir, onlar hərbi səfərbərliyə alınacaq. Rusiya hakimiyyəti minlərlə, bəlkə də 10 minlərlə azərbaycanlını Ukrayna ilə savaş üçün səfərbərliyə cəlb edə bilər. Özgəsinin, həm də avantürist və işğalçı müharibəsində kütləvi şəkildə həyatını itirmək çox ağır faciə olar".

Partiya sədrinin bu mövqeyinin bölüşməyənlər də var. Musavat.com saytının baş redaktoru Xalid Kazımlının bu mövzuda sosial şəbəkədə yazdığı status aşağıdakı kimidir:

"Deyirlər ki, bir nömrəli vəzifəmiz Rusiyada yaşayan azərbaycanlıları Putinin Ukraynada apardığı müharibədən xilas etməkdir. Düz gəlməyəcək axı.

Birincisi, bu şəxslər vətənin ən ağır günlərində seçim ediblər, gedib o ölkənin nemətlərindən, resurslarından yararlanaraq özlərinə gün-güzəran düzəldiblər və Rusiya qarşısında borclanıblar.

İkincisi, onları xilas etməyin mexanizmi yoxdur, başqa ölkənin vətəndaşlarını etnik zəminə dayanaraq qaçırıb-gizlətmək dostluq-müttəfiqlik prinsiplərinə ziddir və Rusiya bunun qisasını ağır alar.

Üçüncüsü, Azərbaycan dövləti öz qazilərini təmin edə bilmədiyi halda o qədər "rusiyalı fərari"ni yerləşdirə, təmin edə bilməz - hələ buna borclu olmadığı halda.

Azərbaycan yalnız Rusiyada yaşayan öz vətəndaşlarının bu ölkənin ordusuna zorla cəlb edilməsinə qarşı çıxa bilər və deyilənə görə, belələri 1 milyondan artıqdır. Onda da onların Rusiyaya yolu birdəfəlik bağlanacaq. Müharibədən sonra ruslar deyəcəklər, dar günümüzdə öz vətəninizə getdiniz, indi təzədən qayıdıb pul qazanmaq istəyirsiniz.

Bir sözlə, vəziyyət mürəkkəbdir. Bununla belə, bir rus məsəlində deyildiyi kimi, suda boğulanın xilası öz əllərindədir".

Beləliklə, Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi milyonlarla ukraynalının, rusiyalının həyatını qaraltdığı kimi, yüz minlərlə azərbaycanlının, özbəyin, qazaxın və Rusiyaya sığınmış, bu ölkənin vətəndaşı olmuş və gələcəkdə vətəndaşlıq almaq istəyən şəxslərin də həyatını məhv etməkdədir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR