Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın dövlət müstəqilliyini 1991-ci ilin 26 dekabrında tanıyan Macarıstanla diplomatik münasibətlərimizin təqribən qərinəlik yaşı var. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin 27 dekabrında qurulsa da, Macarıstan Azərbaycanda 2009-cu ildə, Azərbaycan isə Budapeştdə 2004-cü ildə səfirlik açıb. Amma bu müddətdə iki ölkə arasında münasibətlər çox sürətlə inkişaf edib və strateji müttəfiqlik səviyyəsinədək qalxıb. Artan əlaqələrin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin mühüm rolu var. 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə isə Bakı və Budapeşt arasındakı əlaqələr daha da gücləndi və ikitərəfli münasibətlər yeni mərhələyə qalxdı. Heç şübhəsiz ki, iki liderin – İlham Əliyev və Viktor Orbanın arasındakı yüksək münasibətlər və etimad mühiti də əlaqələrin dinamikasına öz töhfəsini verməkdədir.
Əslində Azərbaycan və macar xalqlarının tarixi bağlılığının yaşı çox qədimdir. Özlərinin hunlarla bağlılığını etiraf edən macarların türklərlə qan bağlılığı son onilliklərdə ölkələrimiz və xalqlarımız arasında körpülərin möhkəm sütunlarla qurulmasında önəmli rol oynayıb. Macarıstanı Türk Dövlətləri Təşkilatına gətirən əsas səbəb də elə bu amil, türklərlə qan bağlılığıdır.
Mayın 20-də Budapeştə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat qarşısında səsləndirdikləri bəyanatlar bir daha iki liderin və ölkənin münasibətlərinin yüksək səviyyədə inkişafını nümayiş etdirdi. Macar Baş nazirin səmimi fikirlərinə diqqət edək: “Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”. Azərbaycanın beynəlxalq səviyyədə reytinqinin artmasını, onun Liderinə etimadın olmasını şərtləndirən əsas məsələ budur: dar gündə tanınması! Uzaq keçmişdə olanlar bir yana, Azərbaycan müstəqillik illərində çoxlarına əl uzadıb, hətta risklərə baxmayaraq, yaxın, uzaq ölkələrə, xalqlara yardım əlini uzadıb, o cümlədən Viktor Ordanın etiraf etdiyi kimi, Macarıstanın çətinliklərlə üzləşdiyi zaman onun yanında olub. Azərbaycanın bu addımı təkcə ölkəmizin maraqları kontekstində qiymətləndirilməli deyil təbii ki...
Budur, V.Orbanın dediyi kimi, tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda keçirilir. Sitat: “Biz bu təşkilata tamhüquqlu üzv deyilik, biz müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik. Bizi sevindirən digər bir amil odur ki, bu gün beynəlxalq diplomatiyada qasırğanın hökm sürməsi, vəziyyətin gündən-günə dəyişməsi, təhlükələrin və çağırışların artması fonunda dost ölkələr bir araya gələrək beynəlxalq münasibətləri müzakirə edirlər”.
Bəli, Avropa İttifaqının və NATO-nun çox önəmli ölkələrindən birində Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı keçirilir və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Macarıstanda bir araya gəliblər. Bu, tarixi hadisədir. Qurumun ilk qeyri-rəsmi sammiti ötən il Şuşa şəhərində yüksək səviyyədə keçirilmişdi. 2009-cu ildə Azərbaycanın Naxçıvan şəhərində keçirilən toplantıda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin imzaladığı Sazişə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılıb. 2021-ci ilin noyabrında isə Şura Türk Dövlətləri Təşkilatına çevrilib və onun üzvlərinin sayı artıb. Hazırda təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Qurumda müşahidəçi statusu ilə Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) təmsil olunur.
Macarıstanın Baş naziri Viktor Orban mayın 21-də paytaxt Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında da bildirib ki, son yeddi ildə türk dövlətləri ilə münasibətlər Macarıstan üçün daha da böyük əhəmiyyət kəsb etməyə başlayıb.
Azərbaycanın dövlət başçısı həm V.Orbanla birgə brifinqdə, həm də qeyri-rəsmi iclasda Macarıstan, onun rəhbəri, eyni zamanda ikitərəfli, çoxtərəfli əməkdaşlıqla bağlı yüksək fikirlər söyləyib. Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafından məmnun olduğunu, Macarıstana artıq 6-cı dəfə səfər etdiyini – cənab Orban isə Azərbaycana 7 dəfə səfər edib – deyən Prezident bildirib ki, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Münasibətlərin yüksəlişində çox mühüm əhəmiyyət kəsb edən amillərdən birinə gəldikdə, dövlət başçımız xüsusi vurğulayıb ki, “Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”.
Macarıstanla Azərbaycanı yaxınlaşdıran həm də bu amildir, çünki ölkəmiz də müstəqil siyasəti ilə daim diqqət çəkir. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirildiyini bildirib və bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün təşkil olunmasından məmnunluğunu ifadə edib.
Prezident bildirib ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Həmçinin iştirakçı liderləri Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edib. Demək çox keçməyəcək TDT-yə üzv və müşahidəçi statuslu ölkələrin liderləri ölkəmizə gələcəklər. Çox uğurlu proses gedir.
Azərbaycan Prezidenti cənab Orbanla məhdud tərkibli görüşdən sonra bildirib ki, biz dost ölkələrik, strateji tərəfdaşıq.
Sitat: “Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur”. Dövlət başçımız Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlardan da bəhs edib: “Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”. Bu qədər bənzərlikləri olan ölkələrin bir təşkilatın çətiri altında dost-qardaş olaraq yoluna davam etməsi məmnunluq doğurur.
Avropa İttifaqı və NATO-da Azərbaycana qarşı hər hansı mənfur plan işə salınanda bu qurumlardakı dostlarımızın mövqeyi önəmli olub. Macarıstanın da bu sırada yer alması çox xoşdur. Bəzən ayrı-ayrı qüvvələr heyrət edirlər, necə olur ki, Azərbaycan özünün mövcud olmadığı təşkilatlarda bu qədər güclüdür və immunitetə sahibdir? Yeri gəlmişkən, illər boyu KTMT daxilində də biz gücümüzü göstərmişik, dost-qardaş ölkələrin sayəsində...
Prezident İlham Əliyev Viktor Orbanın nə qədər mürəkkəb şəraitdə müstəqil siyasətini yürütdüyünü xüsusi vurğulayıb. Sitat: “Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq”.
Çox böyük, həm də tarixi əhəmiyyət kəsb edən, reallıqların fonunda cəsarətlə dilə gətirilən obyektiv qiymətdir. Həqiqətən də cənab Orbanın öz xalqı, ölkəsi üçün nə qədər böyük fədakarlıq etdiyini müşahidə etməkdəyik. Xüsusilə də Rusiya-Ukrayna müharibəsinin maksimum tez bitməsi üçün əlindən gələni edir, sülh körpüsünün atılmasından ötrü cəsarətli addımlar atır, savaşı tətikləyən qərarların qəbuluna Avropa İttifaqı daxilində veto qoymaqdan tutmuş, digər məsələlərədək müstəqil qərarları ilə seçilir. Buna görə hətta Ukraynanın qəzəbinə, sanksiya qərarına belə tuş gəlir, amma geri çəkilmir, çünki əmindir, bu müharibənin qalibi yoxdur, məsələ sülh yolu ilə həll olunmalıdır. Avropanın qırğıları isə bəzən Ukrayna üzərindən qurduqları planlarının iflasa uğrayacağından ehtiyatlandıqları üçün Orbanı hədəf göstərirlər. Qarabağ məsələsi bitəndən sonra özlərinin kəşfiyyatçı dəstələrini Ermənistana göndərən Aİ və NATO üzvü olan bəzi ölkələr gərginliyi alovlandırmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Belələrinin Ukrayna xalqı və dövlətinə ürək yandırdığını düşünməkmi olar?..Bu kontekstdə də Azərbaycanı ən yaxşı başa düşən Avropa ölkələrindən biri məhz Macarıstan, cənab Orbanın simasında onun lideridir. Münasibətlərin daha da irəli aparılacağına qətiyyən şübhəmiz yoxdur. Həm iradə, həm qətiyyət var, həm də deyildiyi kimi, “dost dar gündə sınanar”. Sınaqdan çıxanların yolu açıq, qələbələri davamlı olsun...
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ