Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya Ukraynaya qarşı müharibədə itkilərin əvəzini çıxmaq üçün yanvar və fevral aylarında Rusiyaya əlavə 3000 hərbçi göndərib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş qərargahlar komitəsi tərəfindən məlumat yayılıb.
Departamentin məlumatına görə, Pxenyan qoşunlarla yanaşı, “əhəmiyyətli sayda” qısa mənzilli ballistik raketlər, 170 mm-lik özüyeriyən haubitsalar və təxminən 220 ədəd 240 mm-lik reaktiv yaylım atəşi sistemləri göndərib.
İlkin olaraq KXDR Rusiya prezidenti Vladimir Putinə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən çıxarılmasına kömək etmək üçün 11 min əsgər ayırıb. Seul onlardan 4000-nin öldüyünü və ya yaralandığını təxmin edir. Nəticədə Şimali Koreya bölmələri istirahət və yenidən təşkil olunmaq üçün cəbhə xəttindən çıxarılıb. Cənubi Koreya kəşfiyyatı KXDR-in yüksək itkilərini Kim Çen Inın qoşunlarının pilotsuz təyyarələrin mühüm rol oynadığı müasir müharibəyə uyğunlaşdırılmaması ilə əlaqələndirib. Bundan əlavə, Rusiya komandanlığı onları tez-tez atəş dəstəyi olmadan hücumlara göndərirmiş.
Cənubi Koreyanın “JoongAng” saytının mənbələri fevral ayında Pxenyanın Rusiyaya əlavə qüvvələr göndərdiyini bildirib. Onlar iddia edirdilər ki, 2025-ci ilin əvvəlindən Kim Putinə ən azı 1000 döyüşçü göndərib. Həmin əsgərlər Rusiya gəmiləri və hərbi təyyarələri ilə Kursk bölgəsinə daşınıb.
Moskva ilə Pxenyan arasında əməkdaşlığın dərinləşməsi Putinin 2024-cü ilin yayında Şimali Koreyaya səfərindən sonra başlayıb. Bu il martın 21-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyana gedib. Onunla görüşdə Kim Çen In Rusiyanın Ukraynaya qarşı müharibəsinə “sarsılmaz dəstəyini” ifadə edib və Putinlə müqaviləyə sadiqliyini təsdiqləyib.
Musavat.com
30 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ